RUSİYA VƏ QƏRB PARALEL DÜNYALARDA YAŞAYIRLAR – Putin olmasa Rusiya da olmayacaq?...

Bu həftə “Total” neft konsernin idarə heyətinin sədri və icraçı direktoru Kristof de Marjerı şəxsi təyyarəsinin Moskva aeroportunda qar təmizləyən maşınla toqquşması nəticəsində həlak oldu. Ancaq Rusiya televiziya tamaşaçılarına tamamilə başqa bir versiya təqdim olunur. Televiziya kanalının aparıcısı məlumat verib ki, bu hadisədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əlinin olduğunu istisna etmək olmaz. Yəni, ona görə ki, cənab de Marjeri Moskvaya qarşı Avropa və Amerika sanksiyalarının əleyhdarı idi və Vaşinqton onu susdurmaq istəyib. Təəccüblüsü odur ki, həmin tarixçəni millətçilər içərisindəki hər hansı ağılsız bir fanatik deyil, televiziya verilişlərinin aparıcısı söyləyir. Bu məlumat daha aydın şəkildə Rusiya və Qərbin danışıq aparmalarına baxmayaraq, bir-birlərini başa düşmədikləri ənənəsini təsdiq edir.

”The Wall street journal” qəzeti bu məsələyə həsr olunmuş məqaləsində qeyd edir ki, istənilən hadisəyə Rusiya və Qərbin tamamilə fərqli baxışları olur. Soçidə rusiyalı məmurlar, alimlər və qərb ekspertlərinin də qatıldığı Valday klubu konfrasında iştirak edən bir amerikalının dediyi kimi, məsələlərə belə yanaşma “qaranlıq otaqdakı iki adama” bənzəyir. Bu daha aydın formada özünü Ukrayna hadisələrində büruzə verir. Əksər rusiyalılar üçün Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin qovulması Avropa siyasətçilərinin və Qərbin xüsusi xidmət orqanlarının təşkil etdikləri çevriliş nəticəsində baş verib. Qərbdəki insanların fikrinə görə isə, Yanukoviç Avropa ölkələri ilə yaxınlaşmaq istəyən xalqın böyük və güclü təzyiqi sayəsində ölkədən qaçıb.

Müəllif “Rusiya və Qərb paralel dünyalarda yaşayırlar” adlı məqaləsində qeyd edir ki, dövlətin sərt nəzarəti altında fəaliyyət göstərən Rusiya Kütləvi İnformasiya Vasitələrinin nəql etdiyi tarixçələr Vladimir Putinin populyarlığını qaldırır. Onu əhalinin 80%-dən çox hissəsi və hətta əvvəllər prezidentə şübhə ilə yanaşan Moskva əhalisi də müdafiə edir. Prezident administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodin Qərbin təzyiqləri ilə əlaqədar olaraq bəyan edib: “Putinə edilən hücum, Rusiyaya qarşı hücum deməkdir və rus xalqı başa düşür ki, Putin olmayacaqsa, deməli Rusiya da olmayacaq”.

Volodinin bu tərzdəki çıxışından sonra siyasətşünas və Putinin tənqidçisi Stanislav Belkovski “Exo Moskva” radiostansiyasına bildirib: “Sovet İttifaqının dağılmasından sonra, Rusiyanın milli ideya axtarışı nəhayət ki, sona çatdı. İndi tam aydındır ki, Rusiyanın milli ideyası - fiziki simada, şəxsən Vladimir Vladimiroviç Putindir”.

ABŞ-da və ya Qərbi Avropada dövlət təzahürünün bu cür təsəvvür edilməsini anlamaq çox çətindir. Bu bir daha Rusiya hakimiyyət düşüncəsinin Qərbdən nə qədər fərqli olduğunu açıq şəkildə nümayiş etdirir.

Gizli sövdələşmələr nəzəriyyəsi Rusiyada yeni təzahür deyil. Mətbuata verdiyi müsahibəsində Rusiyanın təhlükəsizlik sferasının rəhbəri Nikolay Patruşev iki tarixi nəzəriyyə ortaya qoyub: “ABŞ, SSRİ-ni tovlayaraq Əfqanıstana müdaxiləyə və fəlakətli müharibəyə sövq etdi. 80-ci illərdə isə Vaşinqton SSRİ-ni məhv etmək üçün manipulyasiya apararaq neftin qiymətini aşağı saldı”. Müvafiq olaraq da ruslar tətbiq olunan sanksiyalara amerikanların ölkədə hakimiyyət dəyişiklyi etmək planı kimi baxırlar. Bolqarıstanın analitik ”Liberal strategiya mərkəzi”nə rəhbərlik edən İvan Kvastev bildirir ki, konspriologiya tarixinə olan inam irəliyə getmək üçün şərait yaratmır. O, bu barədə deyib: ”Marksizm ideologiya idi, ancaq gizli sövdələşmələr nəzəriyyəsi ideologiya deyil”.

Valday konfransında iştirak edən Böyük Britaniyanın nüfuzlu Warwik universitinin professoru və görkəmil iqtisadçı Con Keynsin bioqrafı olan Robert Skidelski belə bir sual verir ki, alternativ reallığın populyarlaşdırılması Rusiyanı haraya aparacaq. Onun sözlərinə görə, Rusiya rəhbərliyinin faktlar üzərində oynamasının üç mümkün izahı var - onlar həqiqətı söyləyirlər, onlar yalan danışırlar, onlar özlərini aldadırlar. Onun sözlərinə görə, Rusiya rəhbərliyi səhv düşünərək böyük risk edir. Əgər bunlar yalan və özünü aldatmaqdan ibarətdirsə, onda onlar Rusiyanın beynəlxalq nüfuzunu və inamını sarsıdırlar.

Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov bəyan edib ki, Moskvanın belə mövqe tutması Qərb ilə Rusiya arasındakı qarşılıqlı inamın dağılmasından yaranıb. İvanov təklif edir ki, Ukrayna məsələsi ilə əlaqədar, tərkibində Ukrayna hökumətinin və Rusiya, ABŞ, Polşa, Almaniya, Fransa, B.Britaniya nümayəndələrinin də iştirak edəcəyi ”kontakt qrupu” yaradılsın. Lakin onun sözlərində xüsusi optimizm yox idi. İvanov bildirib: ”Vəziyyət şəxsi xarakter alıb. Qərb ilə Rusiya arasındakı parçalanmanı dəf etməkdən ötrü siyasi iradə lazımdır. Ancaq mən bu iradəni heç bir tərəfdə görmürəm”.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar