Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu istiqlaliyyət uğrunda mübarizə aparmışlar. Azərbaycan xalqı da əsrlərdən bəri uğrunda mübarizə apardığı müstəqilliyini bundan bir əsr əvvəl əldə etsə də, təəssüf ki, ilk demokratik respublikanın ömrü çoxda uzun çəkmədi. Əsas səbəbləri kimi hesab edilən xarici təzyiqlər və beynəlxalq təminatın olmaması 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikasının tənəzzül etməsinə yol açdı.
Həmin hadisədən tam 71 il sonra Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etdi. 1988-ci ildən başlayaraq Milli Azadlıq Hərəkatına qalxan xalqımız çoxlu sayda Şəhidlər versə də, müstəqillik amalından dönmədi. Keçmiş SSRİ-nin hər yerində vüsət alan milli hərəkatlar nəticəsində Sovet imperiyasının dağılması Azərbaycan xalqına da öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Beləliklə də 1991-ci ilin 18 oktyabrında Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdi.
Həmin dövrdə bir tərəfdən Ermənistanın Rusiyanın köməyi ölkəmizə qarşı elan olunmamış müharibəyə başlaması, digər tərəfdən isə Azəırbaycanda aparılan səriştəsiz siyasət nəticəsində erməni işğalçıları tərəfindən torpaqlarımızın bir qismi zəbt edildi. Lakin 1993-cü il iyunun 15-də Azərbaycan xalqının israrlı tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev çox qısa bir müddətdə bütün problemləri səbr və təmkinlə, yüksək ağıl və siyasətlə həll etməyə başladı.
1994-cü ildə Azərbaycan-Ermənistan sərhədlərində atəşkəs elan olundu. Həmçinin ictimai-siyasi sabitlik bərqərar edildi. Bununla da ölkədə əmin-amanlıq təmin olundu. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı güclü iqtisadi inkişafa malik dövlətə çevirmək üçün gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi.

Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) - “Əsrin müqaviləsi” imzalanıb.İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.
Həmin illlərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması layihələrini həyata keçirtdi. 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirməklə xalqımıza daha bir böyük xidmət göstərmişdir. Beləliklə də Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladı.
İlk addımlarından biri Ümummilli Liderin əsasını qoyduğu neft siyasətini uğurla hədəf mərhələsinə çatdırmaq, daxil olan neft gəlirlərini nəzərdə tutulan məqsədlərə - böyük quruculuq işlərinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəltmək oldu. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində, kənd təsərrüfatında, turizmdə, enerji sektorunda, nəqliyyatda, mədən sənayesində, yüngül və qida sənayesində, qeyri-neft sektorunda və s. Ciddi nailiyyətlər qazanıldı.
İqtisadiyyata 250 milyard dollar investisiya qoyuldu, ölkənin iqtisadi potensialı bir neçə dəfə böyüdü, valyuta ehtiyatları 50 milyard dollara çatdırıldı, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, 2 milyona yaxın yeni iş yeri açıldı, əməkhaqqı və pensiyalar dəfələrlə artırıldı, biznes mühitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildi, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sadəcə zahiri modernləşmə, infrastruktur yenilənməsi baş verməyib, eyni zamanda, dövlət aparatının müasir standartlara uyğunlaşdırılması, optimallaşdırılması, sistem xarakterli fundamental islahatlar aparılması istiqamətində mühüm addımlar atılıb.
“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir’’, – deyən dövlətimizin başçısının müvafiq sərəncamları ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, əhaliyə göstərilən xidmətlər vahid sistemdə birləşdirilərək “ASAN xidmət’’ mərkəzləri yaradılıb.
Dövlətimizin başçısının əhalinin məşğulluğu, əmək v ə sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamıdır. 2003-cü ilin oktyabrından ötən müddət ərzində ölkədə 3000-dən çox məktəb, 650- dən çox tibb müəssisəsi, ali təhsil ocaqları, yüzlərlə tarixi bina, teatr, muzey, idman sarayı, sosial reabilitasiya mərkəzi, Olimpiya Kompleksi və s. Obyektlər əsaslı təmir və ya inşa edilib, ən müasir avadanlıqlarla təchiz olunub.
Prezident İlham Əliyevin hakimiyyəti illərində ölkənin sosial-iqtisadi infrastrukturu bütövlükdə yenidən qurulmuş, 15 min kilometrdən çox yol çəkilmiş, 450 körpü inşa olunmuş, 4 yeni metro stansiyası açılmış, 7 hava limanı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilmiş, Azərbaycan böyük enerji və nəqliyyat qovşağına çevrilmişdir.
Beynəlxalq reytinqlərə əsasən, respublikamız avianəqliyyat, dəmir yolu sahələri üzrə dünyada 11-12-ci yerləri, yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yeri tutur. Azərbaycan artıq dünyanın kosmik dövlətlər klubuna qoşulmuşdur. Avropa və Asiyanı birləşdirən “ŞərqQərb’’ və “Şimal-Cənub’’ beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-TbilisiƏrzurum qaz kəmərləri istifadəyə verilmiş, “Yeni əsrin müqaviləsi’’ imzalanmış, Cənub Qaz Dəhlizi, onun tərkib hissəsi olan TANAP boru kəməri açılmışdır. Yaxın vaxtlarda TAP-ın açılacağı gözlənilir. Bu layihələr respublikamızın perspektiv inkişafına və iqtisadi maraqlarına xidmət etməklə yanaşı, yaxın tərəfdaşlarımız olan Türkiyənin, Gürcüstanın, İsrailin və Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin edən yeganə alternativ mənbə və tranzit ölkə kimi Azərbaycanın geosiyasi dəyərini artırır.
Bu gün Azərbaycan xalqının müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi ilə biz Ermənistan üzərində qələbə çaldıq qalib gəldik və torpaqlarımızı işğalçılardan azad etdik. 44 günlük müharibə günlərində dünya Azərbaycan xalqının, rəşadətli ordumuzun, dövlətimizin başçısının möhtəşəm birliyinin, həmrəyliyinin şahidi oldu. Prezident İlham Əliyevin düşünülmüş siyasəti həyata keçirtdiyi uğurlu taktiki gedişlər, o zamana qədər dünya hərb tarixində mövcud olmayan nümunəvi hərbi strategiyası ordu və xalq birliyi, bərabərliyi Qarabağımızı, doğma torpaqlarımızı bizə qaytardı.

Qarabağın Azərbaycan olduğunu dünyaya çatdırdı. Beləliklə də Zəfər yolu adlandırlıan bu yolda quruculuq işləri başlanıldı.İlk olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, ”Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən vacib olunanı hava limanlarıdır.
Məhz buna görə də 3 beynəlxalq hava limanı fəaliyyət göstərilməsi planlanır. Füzuli aeroportu bu ilin payızında istifadəyə veriləcək. Zəngilan hava limanının təməli qoyulub, Laçında isə inşaat üçün yer seçimi yekunlaşmaq üzrədir.Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. İlk növbədə, onu qeyd etmək gərəkdir ki, post-konflikt bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri də odur ki, nəqliyyat-logistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq.
Bildiyimiz kimi, Qarabağda bir neçə ağırlıq mərkəzləri var və Qarabağın inkişaf strategiyasında burada olacaq turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat, logistika kimi layihələr olacaq. Bu ağırlıq mərkəzlərinin birləşməsində Fizuli və Zəngilan hava limanlarının özünəməxsus rolu olacaq. Aeroportların olması qeyd olunanlarla yanaşı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun, eləcə də Avrasiyanın bir neçə ölkəsinin maraq dairəsindədir. Bildiyimiz kimi Gözəl Azərbaycanımızın yeraltı və yerüstü təbii sərvətləri olduqca zəngindir. Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal altında idi. Ümumilikdə, işğal olunmuş torpaqlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir.
Bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir. Həmçinin Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacibdir və Azərbaycanın tarixinin əvəzedilməz parçası olaraq qalır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq.
Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək. İstiqlaliyyətimizin bərpasından ötən otuz ildə keçilən yola nəzər salarkən gələcəyə doğru inamla gedən azad, suveren, demokratik və sürətlə tərəqqi edən, zəfər çalan Azərbaycanın səsinin daim uca zirvələrdən gələcəyi görünür. Biz gənclər də ölkəmizin gələcək inkişafını elə davam etdirməliyik ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti güclənsin, daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz müstəqil ölkəsində yaşasın.
UNEC “Biznes və menecment” fakültəsinin 4-cü kurs, 22-ci qrup tələbəsi Nübar Mahmudova
İxtisas - Biznesin idarə edilməsi


Şərhlər
Çox gözəl və əhəmiyyətli məqalə idi, uğurlarının ardı gəlsin ❤️