Gürcüstanın Baş naziri “Qafqaz platforması” təklif edir – “Bakıdan və İrəvandan reaksiya gözləyir”

Gürcüstan Ermənistan və Azərbaycanın ən yüksək səviyyədə təmasları üçün Tiflisdə platforma yaradılmasını təklif edib.

“AzPolitika.info” xəbər verir ki, bu təklifi Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 27-də brifinq zamanı səsləndirib:“Biz iyun ayında misilsiz bir presedent yaratdıq. Bizim ölkəmiz uğurlu bir vasitəçi kimi humanitar əməliyyat həyata keçirdi. Nəticədə 15 erməni hərbi əsir azad olundu, Azərbaycana isə minalanmış sahələrin xəritələri verildi. Bu həqiqətən də misilsiz bir hadisə idi”.

Ölkəsinin təklifi barədə məlumat verən Qaribaşvili daha sonra deyib: “30 il bundan əvvəl müstəqilliyimizi əldə edəndən bəri hələ belə hal olmamışdı ki, Gürcüstan iki qonşusu arasında vasitəçilik etsin. Mənim təşəbbüsüm sülh prosesinin daha yüksək səviyyədə davam etdirilməsini nəzərdə tutur. Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçiliyimizi və Tbilisidə yaratmaq istədiyimiz platformadan istifadəni təklif edirik”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın dediyinə görə, Ermənsitanın baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini Ankaraya Gürcüstan baş nazirinin vasitəsilə çatdırmışdı.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Qaribaşvilinin təklifi faydalıdır. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, Ermənistanın isə dostu sayılır: “Başqa sözlə, Gürcüstan Azərbaycanla Ermənistan arasında davamlı sülhdə və əməkdaşlıqda maraqlı olmalıdır. Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən tam imtina etməsələr də, Gürcüstanı da görüş yeri kimi seçə bilərlər. Gürcüstanın vasitəçiliyini və görüş yeri kimi seçilməsini Rusiyanın xaricində digər oyunçular Türkiyə, ABŞ, Avropa İttifaqı müsbət qiymətləndərərlər”.

Politoloq qeyd edir ki, biz Ermənistanla sərhəd müəyyənləşməsini, sülh sazişinin imzalanmasını, dəhliz açılmasını istəyirik.

“Bütün bu mövzuları Qaribaşvilini təklif etdiyi daimi əsasda Tiflisdə diplomatlar səviyyəsində müzakirələrinə başlamaq olar. Hazırda Qaribaşvili təklifinə həm Bakıdan, həm də İrəvandan reaksiya gözləyir”, deyə E. Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar