BU GÜN VƏTƏN MÜHARİBƏSİNİN 7 ŞƏHİDİNİN DOĞUM GÜNÜDÜR - FOTOLAR

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan yeddi qəhrəmanımızın doğum günüdür. Şəhidlərimizn əziz xatirəsini hörmət və ehtiramla yad edirik.

Şəhid baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Abbasov Ağaqardaş İlham oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Zərdab rayon Hüseynxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid əsgər Allahverdiyev Zöhrab Sübhan oğlu 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2018-ci ildə M.K.Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbini bitirən şəhidimiz 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinə qoşulan Zöhrab Allahverdiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Şamaxı Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Zöhrab Allahverdiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid leytenant Ağamaliyev Şəhriyar Əvəz oğlu 28 sentyabr 1989-cu ildə Hacıqabul şəhərində anadan olub. Şəhriyar Ağamalıyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qəhrəmancasına döyüşən Ş.Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhriyar Ağamalıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid MAHHXHQ əsgər İbadov Vüqar Sadıq oğlu 1988-ci ilin bu günü Göytəpə şəhərində anadan olub. 1995-2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Həqiqi hərbi xidməti dövründə müxtəlif fəxri fərmanlarla təltif edilən V.İbadov ilk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaəti ilə fərqlənən qəhrəmanımız oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vüqar İbadov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün doğum günü olan şəhidlərimizdən biri də əsgər Məhəmmədov Alim Qəmərşo oğludur. O 2001-ci ilin bu günü Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. 2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən A.Məmmədov Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Alim Məhəmmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alim Məhəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Əsgər Məmmədov Türkman Yolçu oğlu 1998-ci il Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə alan T.Məmmədov 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil alıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli-Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Türkman Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz əsgər Təmirov Yusif Azər oğlu 1995-ci ildə Balakən rayonunun Katex kəndində anadan olub. 2001-2012-ci illərdə S.Qurbanov adına 1 saylı Katex kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edən Y.Təmirov oktyabrın 5-də Suqovuşanda şəhid olub. Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Yusif Təmirov Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki ilk doğum gününüz mübarək...

Allah şəhidlərimizə rəhmət eləsin!(oxu.az)

635x100

Şərhlər

X 2021-09-28 21:48:11

Mekaniniz cennet olsun HAQQLARI hec ne ile odenile bilmeyen ve bilmeyecek sehidlerimiz

Xalq 2021-09-28 18:55:37

Allah hamınıza rəhmət eləsin!

Son yazılar