Aİ-nin xarici siyasət üzrə sədri vəzifəsinə namizəd kimi görülən, Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorskinin siyasi gələcəyi verdiyi son müsahibədən sonra şübhə altındadır.
Bu haqda “EUobserver” yazır.
Sikorskini sözlərinə görə, Rusiya 2008-ci ildə Polşaya Ukrayna üzərinə birgə hücuma keçməyi təklif edib.
Onun sözlərinə əsasən, Vladimir Putin bu təklifi baş nazir Donald Tusk ilə birgə Moskvada keçirilən ikitərəfli görüş zamanı edib.
Bu açıqlamalar Varşavada sual axınının yaranmasına səbəb olub: “Görəsən, Tusk bu haqda Aİ və NATO-nu xəbərdar etmişdi? Bəs, nəyə görə Putinin bu cür davranışı qarşısında Rusiya ilə əlaqələri daha da möhkəmləndirirdi?”
Sikorski ilkin olaraq müsahibə haqda tvitter sosial şəbəkəsində fikirlərini paylaşıb. Onu sözlərinə görə, “Politico” deyilən cümlələri şişirdib.
Növbəti gün o, Polşa mediasına bəlkə də yanıldığını söyləyib. Çünki görüşdə iştirak etməyibmiş.
Daha sonra Sikorski “Gazeta Wyborcza”ya müsahibəsində Putinin bu sözlərini nə Tuskın, nə də özünün ciddiyə almadığını söyləyib.
Sikorski növbəti açıqlama bombasını ikinci müsahibədə partladıb: “Mənim yaddaşım bu dəfə məni aldadıb. Çünki Tusk və Putin arasında ikitərəfli görüş olmayıb”.
Polşanın “PiS” partiyası Sikorskinin parlament postundan istefasını tələb edir.
Polşa prezidenti Bronislav Komorovski məsələnin Milli Təhlükəsizlik Şurasında müzakirə olunacağını bildirib.
Polşa baş naziri Eva Kopaç bu cür davranışa tolerantlıq göstərməyəcəyini deyib.
Aİ Şurası prezidenti olmağa hazırlaşan Tusk isə mövzu ilə bağlı heç bir açıqlama verməyib.
Rəsmi Moskva Sikorskinin açıqlamalarının “həqiqətdən kənar olduğunu” bildirib.
Qeyd edək ki, 51 yaşlı polyak siyasətçı Avropada natiqlik qabiliyyəti və xarizmasına görə kifayət qədər tanınır.
O, bu yaxınlarda Aİ-nin xarici siyasət üzrə sədrliyinə namizəd idi. Bir neçə il öncə isə hətta NATO-nun baş katibi olaraq da adı çəkilirdi.
“Politico”nun müsahibə götürən jurnalisti Ben Judah Sikorskini müdafiə edərək, heç kəsin Ukraynanı onun qədər müdafiə etmədiyini vurğulayıb.
Sikorski “Gazeta Wyborcza”ya müsahibəsində Rusiyanın indiki vəziyyəti ilə əlaqəli açıqlamalar da verib.
“Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına fikir verək. Moldova NATO-ya qoşularsa, Transniestria özü öz gələcəyini seçəcək. Biz hamımız bilirik ki, bu, nə deməkdir”, - deyə Sikorski bildirib.
Qeyd edək ki, keçmiş Gürcüstan prezidenti də Sikorskini müdafiə edib. O, Polşanın “TVN24” kanalına müsahibəsində Putinin bu tip sözləri macar və rumın liderlərinə də etdiyini söyləyib.
“Tusk bu sözləri mənə demişdi. Ancaq o, Putinin zarafat etdiyini sanırdı. Lakin sonradan bəlli oldu ki, Putin bu sözləri Macarıstana da, Rumıniyaya da deyibmiş. Putin mənə də Moldova haqda fikirlərini açıqlamışdı və NATO-nun Baltikyanı bölgəni müdafiə edə bilməyəcəyindən əmin idi”, - deyə o bildirib. //eunews.az/


Şərhlər