Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub. Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir. Məhkəmə keçmiş nazirin iki ay həbsi barədə qərar çıxarıb.
Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.
Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.
Ölkə prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.
***
Xəbər verildiyi kimi, dünən Ermənistanın sabiq müdafiə naziri David Tonoyan orduya 4.6 milyon dollar dəyərində yararsız silah-sursat alınmasına dair cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti(MTX) tərəfindən saxlanılıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, sabiq nazir dünən axşam saatlarında başqa yerə getməmək barədə iltizam alınmaqla sərbəst buraxılıb. Bununla bağlı “Hraparak” qəzetinin yaydığı məlumatda göstərilir ki, məhkəmə bu gün saat 17.00-da MTX-nın Tonoyanın həbsilə bağlı təqdimatına baxacaq. Xəbərdə sabiq nazirin məhkəmə qərarı ilə həbs olunacağının gözlənildiyi qeyd edilir. O da bildirilir ki, bu işlə bağlı artıq həbs olunan bir neçə hərbçiylə bərabər, məşhur erməni silah alverçisi “Patron David” adıyla tanınan David Qalstyan da saxlanılıb.
Xatırladaq ki, dünən Ermənistanın sabiq müdafiə naziri, 44 günlük müharibə dövründə erməni ordusuna rəhbərlik etmiş David Tonoyanın evində axtarış aparılıb. Tonoyanla bərabər hərbi aviasiyanın sabiq rəisi Avetik Muradyan və sabiq Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzilində axtarış həyata keçirilib.
Məlumatda tezliklə növbənin digər sabiq müdafiə naziri Seyran Ohanyana və sabiq Baş Qərargah rəisi Yuri Xaçaturova da çatacağı qeyd olunurdu.
***
"AzPolitika" Ermənistan mətbuatına istinadla xəbər verir ki, sabiq nazir bu gün evində aparılan axtarışdan sonra saxlanılıb. Yaxın saatlarda onun həbsi ilə bağlı məhkəməyə təqdimat veriləcəyi gözlənilir.
Digər sabiq müdafiə naziri Seyran Ohanyanın da həbsi gözlənilir.
***
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbs olunub.
Ermənistanın sabiq müdafiə naziri, 44 günlük müharibə dövründə erməni ordusuna rəhbərlik etmiş David Tonoyanın evində axtarış aparılır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, sabiq nazirin evində Milli Təhlükəsizlik Xidmətinin(MTX) apardığı axtarış başa çatandan sonra Tonoyana rəsmi ittiham elan olunacağı gözlənilir. Qəzet yazır ki, Tonoyanla bərabər hərbi aviasiyanın sabiq rəisi Avetik Muradyan və sabiq Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzilində axtarış gedir. Bu şəxslərin MTX-yə çağırıldığı qeyd edilir.
Qəzet həmçinin iddia edir ki, tezliklə növbə digər sabiq müdafiə naziri Seyran Ohanyana və sabiq Baş Qərargah rəisi Yuri Xaçaturova da çatacaq. Ehtimal olunur ki, axtarışlar və digər əməliyyat tədbirləri yararsız aviasiya raketlərinin alışı ilə bağlıdır. Rəsmi strukturlar hələlik baş verənlərlə bağlı hər hansı məlumat yaymayıblar.

Bununla yanaşı, məlumatda ötən həftənin sonunda hərbi aviasiyanın sablq rəisinin dələduzluqda ittiham olunmasına dair MTX-nin məlumatı xatırladılır. İstintaq iddia edir ki, o, saxta sənədlər vasitəsilə hələ 2011-ci ildə yararsız olduğu bilinən aviasiya raketlərini sonradan silahlanmaya qəbul edib. Və bu yolla da büdcənin 4.6 milyonluq vəsaiti mənimsənilib. Ancaq bu mənimsəmədə və saxtakarlıqda onunla yanaşı yuxarıda adı keçən digər erməni generallarının da iştirakı olub. Məlumatda o da qeyd olunur ki, həmin raketlərlə bağlı saxtakarlıqlar daha əvvəllər həyata keçirilsə də, onların orduya, silahlanmaya qəbul edilməsi məhz David Tonoyanın nazir olduğu dövrdə baş verib.
Xatırladaq ki, David Tonoyan nazir olan vaxt Azərbaycanı hədələyərək, “yeni ərazilər üçün yeni müharibə” tezisini səsləndirməsi, Yuri Xaçaturov KTMT-nin baş katibi olmasına baxmayaraq Nikol Paşinyan hökuməti tərəfindən həbs olunması, Seyran Ohanyan isə Qarabağda törətdiyi cinayətlər, Azərbaycan Ordusunun darmadağın etdiyi “Ohanyan səddi” və 44 günlük müharibənin son günlərində Şuşadan qaçmasıyla yadda qalıb.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu dövlət deyil ÇAQQALLAR vadisidir.