Fəxrəddin Mehdiyev
2012-ci ilin aprelində BMT Baş Assanbleyasının qərarı əsasında ilk dəfə dünya ölkələrinin xoşbəxtlik göstəriciləri üzrə hesabat hazırlandı. Həmin vaxtdan başlayaraq hər il xoşbəxt ölkələrin siyahısı hazırlanır və elan edilir. Tədqiqat Kolumbiya Universitetinin nəzdindəki Yer İnstitutunun bir araşdırma mərkəzi tərəfindən aparılır və BMT tərəfindən himayə edilir. Hesabat hazırlanarkən ölkədə adambaşına düşən Ümumi Daxili Məhslunun (ÜDM) həcmi, insan hüquqları və azadlıqlarının vəziyyəti, vətəndaşların sosial müdafiəsi və təhlükəsizliyi, gözlənilən ömür müddəti, cəmiyyətdə etimad və inam, səxavət və qarşılıqlı kömək, hakimiyyətin təmizliyi, korrupsiyanın mövcud olmaması və s. əsas götürülür.
Vətəndaşların özlərini nə qədər xoşbəxt hesab etdikləri ictimai sorğular vasitəsi ilə öyrənilir və nəticələri nəzərə alınır. Adambaşına düşən ÜDM-in həcminin səviyyəsinə və maddi nemətlərin ədalətli bölgüsünə görə zəngin ölkələrin vətəndaşları daha xoşbəxt hesab olunurlar.
Beləliklə, əhalinin xoşbəxtlik göstəriciləri siyasi, iqtisadi, sosial, mənəvi-psixoloji amillərlə sıx bağlıdır. Bütün hallarda hakimiyyətin təmizliyi və korrupsiyanın mövcud olmaması əsas şərtdir. Bu, Azərbaycanda məşhur olan "halallıq olan yerdə xeyir-bərəkət də olar" ifadəsinə uyğun gəlir.
2012-2020-ci illərdə xoşbəxtlik indeksi üzrə hesabatlarda davamlı olaraq bir sıra ölkələrin birinci və ikinci onluqda qərarlaşdığını görürük: Finlandiya, Danimarka, İsveç, İsveçrə, İslandiya, Norveç, Niderland, Yeniz Zelandiya, Avsrtiya, Avsrtaliya, Lüksenburq, Kanada, Böyük Britaniya, ABŞ, Almaniya, İsrail, Belçika, İrlandiya, Çexiya, Kosta Rika.
2020-ci ildə isə dünyada xoşbəxt ölkələrin birinci onluğuna Finlandiya, Danimarka, İsveç, İsveçrə, İslandiya, Norveç, Niderland, Yeni Zelandiya, Avstriya, Lüksenburq daxil edilib. Birinci onluğa daxil olmuş ölkələrdən biri hər il "ən xoşbət ölkə" elan edilir. Misal üçün, 2013-cü ilin hesabatında birinciliyi Danimarka əldə edib. Bu ölkə dünyanın ən yaxşı rifah dövlətidir, sosial-iqtisadi göstəriciləri, əhalinin sosial müdafiəsi yüksəkdir, orta ömür müddəti 79 ildir, korrupsiya və yoxsulluq mövcud deyil.
2015-ci ildə isə İsveçrə "ən xoşbəxt ölkə" elan edilmişdi. İsveçrə də sosial-iqtisadi inkişafına, sosial müdafiə sisteminə görə yüksək rifah ölkəsdir, orta ömür müddəti 82,6 ildir. Korrupsiya və yoxsulluq mövcud deyil. 2017-ci ilin hesabatına görə xoşbəxtlik indeksi reytinqinə Norveç liderlik edib. Norveç də inkişaf etmiş ölkələr içərisində yüksək rifah ölkəsi hesab edilir, korrupsiya və yoxsuluq mövcud deyil.
Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, 2020-ci ilin hesabatına görə Finlandiya xoşbəxt ölkələr içərisində üçüncü dəfə birinci elan olunub.
Xoşbəxt ölkələrin reytinqlərinə baxarkən, bir sıra qanunauyğunluqları da müşahidə etmək olur.
Birincisi, həmin ölkələrin hamısı inkişaf etmiş ölkələr sırasına başçılıq edirlər.
İkincisi, BMT tərəfindən də hər il dünyada insan inişafı indeksi üzrə hesabat hazırlanır və elan edilir. Bu hesabatda da inkişaf etmiş ölkələr bir qayda olaraq birinci və ikinci onluqda qərarlaşırlar.
Üçüncüsü, xoşbəxt elan edilmiş ölkələrin xarakterik cəhətləri ondan ibarətdir ki, demokratik sistemlərə malikdir, sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, sosial-müdafiə və sosial təminat sistemi güclüdür, insan hüquq və azadlıqlarının real təminatı mövcuddur, korrupsiya və yoxsulluq aradan qaldırılıb. Ona görə də xoşbəxt ölkələrin təcrübəsi və nümunəsi düşündürücü və maraqlıdır. Ümumiyyətlə, ölkələrin inkişafı bir sıra mühüm amillərlə bağlıdır. Bura ölkənin təbiəti, təbii sərvətləri, coğrafi mövqeyi, əhalinin savadlılığı, xalqın mentaliteti, ictimai-siyasi fəallığı, idarəçilik sistemi və s. daxildir. Tarixdə Qərbi və Şərqi Almaniyanın, hazırda Şimali və Cənubi Koreyanın təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşlarının maddi rifahı və təhlükəsizliyi ölkənin idarəçilik sistemindən daha çox aslıdır. İdarəçilik sistemi isə ölkə vətəndaşlarının ictimai siyasi fəallığından, siyasi mentalitet və mədəniyyətindən asılıdır. Ölkənin taleyini bu faktorlar həll edir.
Təcrübə göstərir ki, xoşbəxt ölkələrin vətəndaşları siyasi proseslərin müşahidəçisi deyil, fəal iştirakçılarıdır. Onlar siyasətə “çirkin” sənət kimi deyil, ölkələrini, özlərini və övladlarını xoşbəxt etmək sənəti kimi baxırlar, hakimiyyətin ənənəvi simasını dəyişərək, hakimiyyəti xalqı idarə etmə orqanından, xalqa xidmət qurumuna çevirməyi bacarıblar. Bu yolda vətəndaşlıq təkcə öz ölkələri üçün deyil, dünya üçün də insan hüquq və azadılqalrının, yüksək rifah və təhlükəsizliyin bərqərar olduğu, korrupsiya və yoxsulluğun aradan qaldırıldığı nümunələr yaradıblar. Ona görə də onların vətəndaşlıq fədakarlığı da böyük təcrübə və nümunə kimi qiymətləndirilməlidir.


Şərhlər
MƏNTİQLİ ANALİZİ GÖRƏ MÜƏLLİFƏ TƏŞƏKKÜR EDİRƏM.
Sağ əlləri bizim başımıza.
Siyasəti cirkin sahə sayanlar ucun faydali məqalədir