“GÖZLƏMƏLİYİK, XANKƏNDİ MƏSƏLƏSİ ZAMANLA HƏLL OLUNACAQ” – “Azərbaycanla İran arasında köklü düşmənçilik yaradacaq səbəblər yoxdur”

Cənubi Qafqazda gərgin vəziyyət davam edir. Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdən sonra bunun regiondakı duruma təsirlərilə bağlı müəyyən gözləntilər var. Bununla yanaşı, son zamanlar qonşu İran Azərbaycana qarşı heç də dost olmayan fəaliyyətlərini bir az da gücləndirib. Tehran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, İran mediası faktiki olaraq Zəngəzur dəhlizinə qarşı çıxır və s.

“AzPolitika.info” bu mövzular ətrafında politoloq Zərdüşt Əlizadə ilə söhbətləşib:

- Zərdüşt bəy, Türkiyə və Rusiya prezidentləri arasında Soçidə görüş baş tutsa da, onun nəticələrinə dair geniş məlumat açıqlanmadı. Yalnız görüşün rəsmi hissəsində hər iki prezident bir-biri haqqında müsbət fikirlər işlətdilər, danışıqların çətin keçməsinə baxmayaraq, sonda nəticə əldə edə bildiklərini ifadə etdilər. Bu mənada Ərdoğan-Putin görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə, görüş çox uğurlu keçib. Bu, onların simalarından da hiss edilirdi. Əvvəlcədən ehtimal etmək mümkün idi ki, onların arasında dərin ziddiyyət olmayacaq. Hazırkı mərhələdə Rusiya Türkiyə ilə sıx əməkdaşlıq edir. Hər iki tərəfə əməkdaşlıq sərfəlidir. Odur ki, tərəflər bu şansı əldən buraxmayacaqdılar. Qaz kəməri, “Akkuyu” stansiyası, turizm, ticarət, inşaat və digər sahələrdə əməkdaşlıq hər iki tərəfə xeyir gətirir. Burada, əlbəttə, diqqət daha çox Rusiya və Türkiyənin hansı nöqtələrdə toqquşması məsələsinə cəmləşir. Geosiyasi baxımdan Ankara və Moskvanın mövqeləri Liviyada bir-birinə ziddir. Burada ruslar general Haftarı, türklər isə rəsmi hökuməti müdafiə edir. Orada böhran davam edir və yaxın perspektivdə məsələ həll edilməyəcək. Bu halda tərəflər bu məsələni ikinci plana keçirirlər. Yəni müzakirə zamanı bu məsələni aktuallaşdırmırlar.

İkinci ziddiyyət yaradan məsələ Suriyadır. Bəli, Suriya “qaynar nöqtə”dir. İdlibdə toqquşmalar gedirdi. İlkin məlumatlardan belə görünür ki, Türkiyə öncədən üzərinə götürdüyü və əməl etmək istəmədiyi bəzi öhdəlikləri yerinə yetirməyə başlayıb. Əlbəttə, bu, Rusiyanın uğuru kimi qiymətləndirilir.

Üçüncüsü, Qarabağ məsələsilə bağlı məlumat yayıldı ki, Azərbaycan və Ermənistanın aşağı səviyyəli, ola bilsin ki, texniki xarakterli məmurları Gürcüstanda oturub hansısa sənədlərin qaralamasını hazırlayırlar. Yəni danışıqların cədvəlini tuturlar, razılaşması mümkün olan məsələlərin siyahısına baxırlar. Eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri də Tiflisə gedib, erməni vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparıblar. Konkret olaraq Mehman Əliyev və Eldar Namazovun adı çəkilir. Onların hər ikisi yaxşı mütəxəssislərdir. Məncə, bu, müsbət xəbərdir. Qısası, yuxarıda qeyd etdiyim bütün bu mövzular Ərdoğan-Putin danışıqlarının məzmununa aid ola bilər.

İndi tutaq ki, Ermənistanda, İranda şivən qopub ki, İrana hücum olacaq, böyük müharibə başlayacaq və bu, hansısa dünya müharibəsinə səbəb olacaq və sair. Əlbəttə, bunlar boş və əsassız şeylərdir. Bəli, gərginlik mövcuddur, bulanıq suda balıq tutmaq istəyənlər az deyil. Amma hər halda mən düşünürəm ki, nə İsrail, nə İran, nə də Amerika belə sseranilərə baş qoşmazlar. Baş qoşsalar, bunun böyük fəsadları olacaq. Belə bir müharibə başlasa, böyük itkilər və dağıntılar olardı. İnşallah ki, olmaz.

- Bütün bu gərginliklərin fonunda Xankəndi başda olmaqla bəzi ərazilərimizin taleyi qeyri-müəyyən olaraq qalır…

- Mən sual vermək istəyirəm: Xankəndi deyən adamların dünyadan xəbəri var? Sadə dildə desək, bir qədər gözləmək lazımdır, zamana ehtiyac var, tədricən bu məsələ həll olunacaq. “Bu dəqiqə Xankəndini ver” deyənlər məsələnin mürəkkəbliyini nəzərə almalıdırlar.

- Söhbət Xankəndindən yox, prosesin məntiqi nəticəsindən gedir. Bizim müşahidə etdiyimiz odur ki, bir yandan Minsk Qrupunu fəallaşdırırlar, digər tərəfdən status haqqında iddialar səsləndirirlər...

- Gəlin öncə düşünək, görək Minsk Qrupu nədir. Minsk Qrupu Azərbaycan hökumətinin rəsmən ATƏT-ə müraciəti əsasında yaradılan, Minsk Konfransı ölkələrinin birgə qərarı ilə təsis olunan üç həmsədrin fəaliyyət göstərdiyi vasitəçilik qurumudur. Vasitəçilik qurumu isə yalnız vasitəçilik edir, diktə etmir. Başqa sözlə, vasitəçilər tərəflərə təkliflər hazırlayıb təqdim edirlər. Azərbaycana bir neçə təkliflər hazırlamışdılar, amma Bakı onları rədd etdi. Ermənistana da bəzi təkliflər vermişdilər, amma rədd olundu. İndi onlar gəlib bizim başımıza çatı salıb istədiklərini etməyəcəklər ki?... Gəlib təkliflərini verərlər. Lazım olar qəbul edərik, lazım olmaz, rədd edərik. Bu qədər sadə. Biz boş bir şeyə görə dünya ilə dava etməli deyilik. ATƏT-in özünün heç bir mandatı yoxdur, Minsk Qrupu da icrası vacib olan mandata malik deyil. Belə mandat yalnız BMT Təhlükəsizlik Şurasında var. Çalışmaq da lazımdır ki, məsələ Təhlükəsizlik Şurasında qalxmasın. Bunun üçün yeri gələndə Minsk Qrupu ilə danışmaq lazımdır.

- Bir müddət əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədində, eləcə də Qarabağda tez-tez erməni tərəfinin təxribatları müşahidə olunurdu. Bu təxribatlar tədricən səngiyəcəkmi, yoxsa hərə öz oyununu oynamaqda davam edəcək?

- Mənim qənaətimcə, gərginlik səngiməyə doğru gedəcək. Ümumiyyətlə, müharibədən sonra belə dalğalar olur. Adətən, güclü zəlzələdən sonra zəif təkanlar müşahidə olunur. 44 günlük müharibə böyük zəlzələ idi. Ondan sonra titrəyişlər, təkanlar olur. Bu da azalan xətt üzrə davam edir. İndi biz həmin dövrü yaşayırıq - zəifləyən təkanlar dövrünü. Nəzərə almaq lazımdır ki, xalqlar birdən-birə ağıllana bilmir. Nə onlar, nə də biz. Bu da təbii haldır. Bəzi həqiqətləri xalq tədricən dərk etməlidir. İndi diplomatlar, siyasətçilər ola bilsin ki, nələrsə bilirlər, amma onlar da hər şeyi açıb xalqa deyə bilmirlər. Erməni xalqına hər şeyi deyə bilmirlər, gözləyirlər ki, camaat bu reallığı dərk etsin, qavrasın və başa düşsün.

- Yəni ki, dövlət sərhədlərinin delimitasiyası, sülh sazişi və digər prinsipial məsələlərin həyata keçməsi üçün zamana ehtiyac var…

- Əlbəttə. Dünənə qədər Azərbaycan və Ermənistan arasında dövlət sərhədləri yox idisə, artıq bu proses başlanıb. Hər şey də birdən-birə baş verə bilməz. Nəzərə almaq lazımdır ki, bizim ümumilikdə 900 kilometrdən çox sərhədimiz var. Bütün məsələlər yavaş-yavaş həll olunacaq. Bizim Gürcüstanla münasibətlərimiz əladır. Amma biz Gürcüstanla da delimitasiya prosesini başa çatdırmamışıq. Müəyyən ərazilərlə bağlı problemlər var. Əgər dost Gürcüstanla delimitasiya prosesi belə çətindirsə, görün Ermənistanla nə dərəcədə qəliz olacaq. Deməli, uzun illərlə danışıqlar davam edəcək, nədəsə biz, nədəsə onlar güzəştə gedəcək. Yəni bu, sövdələşmə prosesidir. Bir tərəf digər tərəfin başına tapança dirəyib məcbur edə bilməz ki, belə olmalıdır. İddialar ola bilər, sonda da bir tərəf digər tərəfə güzəştə gedər. Üstəlik, ortada vasitəçilər də olacaq. İndi vasitəçi Rusiyadır, gələcəkdə ola bilsin ki, başqaları da gəlsin. Hüquqşünaslar və ya sərhəd mütəxəssisləri də prosesə cəlb oluna bilər. Əsas odur ki, danışaq, bir-birimizə güllə atmayaq.

- Bu kontekstdə İrəvanda mövcud olan ictimai-siyasi atmosferi necə qiymətləndirirsiniz?

- Sarsıntıdan sonra tədricən özlərinə gəlirlər. Xam xəyallardan ağrı ilə də olsa yavaş-yavaş uzaqlaşırlar. Gerçəkliyi nə qədər ağrılı olsa da dərk etməyə başlayırlar. Bir müddətdən sonra indi dəhşətli görünən məsələni adi şəkildə qəbul edəcəklər. Demək istəyirəm ki, Azərbaycanda 1988-1989-cu illərdə hamı meydanda “biz ölərik, Qarabağı vermərik” şüarı qışqırırdı. Verdilər Qarabağı. Ölənimiz öldü, əksəriyyətimiz qaldı. İndi Ermənistan da bu mərhələni keçməlidir. “Biz ölərik, Qarabağı vermərik” deyirdilər, indi Qarabağı itirdilər. Zaman lazımdır ki, onları müalicə etsin, çapıqlar getsin. Xalq da insan orqanizmi kimidir, tədricən sağalır.

- Sizcə, İranın son davranışları, hərbi təlimləri, aqressiv açıqlamaları və s. nəyə xidmət edir?

- İşləri avand olsun. Təlim keçirir, ordularını hazırlayır, qabiliyyətlərini artırırlar. Sonra? Biz də İranla sərhəddə bunu edə bilərik.

- Bir din xadimi də çıxıb deyir ki, şirin quyruğunu tapdalamaq olmaz…

- Amulini tanıyıram, İranda Amul adlı Azərbaycan şəhərində doğulub. Bizdə də bəzən Siyavuş Novruzov nəsə deyir. Bunların hamısı dövlətin mövqeyidir? Və ya Tahir Kərimli çıxış edib nəsə fikir bildirir. Bunlar da insandırlar, bəzən öz fikirlərini deyirlər. Amuli də kiçik adam deyil, Şərqi Azərbaycan ostanında bir nömrəli din adamıdır. Vaxtilə Prezident Ruhaninin müşaviri olub. Yəni dövlət vəzifəsi də var idi. Üstəlik, Ayətullahdır, din alimidir. Demək istəyir ki, biz qüdrətliyik, Azərbaycan zəifdir və anlamır ki, şirin quyruğu ilə oynayır. Amma düşünürəm ki, Amuli yanılır. Əvvəla, biz siçan, onlarsa şir deyil. Nəhayət, biz şirin quyruğu ilə oynamırıq, öz dövlət mənafeyimizi qoruyur, müdafiə edirik.

Əslində, İranı qıcıqlandıran məqam Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirməsidir. Ancaq anlamalıdırlar ki, bu təlimlər İrana qarşı deyil, Azərbaycan ordusunun döyüş səviyyəsini yüksəltmək, Azərbaycan bədxahlarına ismarıc verməkdir ki, biz döyüş meydanında tək deyilik, Türkiyə və Pakistan kimi müttəfiqlərimiz var. Azərbaycanın İranla müharibə aparmaq, ona pislik etmək fikri yoxdur. Lakin bizim dostlarımız arasında İsrail dövləti də var deyə İran bu məsələyə çox həssas və qıcıqla yanaşır. Odur ki, bütün bunlar onları qıcıqlandırır və nəticədə bu cür danışırlar. Onlar elə deyir, biz də belə deyirik. Amma buna çox da fikir vermək lazım deyil. Azərbaycanla İran arasında köklü düşmənçilik yaradacaq səbəblər yoxdur.

- Amma son 30 ilin təcrübəsi göstərir ki, İran bəzən gizlətməyə çalışsa belə, Ermənistana daha çox stavka edir, Qarabağdakı separatçılara müxtəlif vasitələrlə dəstək verir. Bunun özü Azərbaycana qarşı düşmənçilik deyilmi?

- Bunun tarixi kökləri var. Elçibəy dövrünü yada salın. Heydər Əliyev təzə gələndə də İranla xoşagəlməz hal yaşanmışdı. Həmçinin, İran tərəfi deyir ki, Azərbaycan ərazisi İsrail kəşfiyyatı üçün meydançadır, oradan çıxış edərək bizə ziyan vururlar. Onlar bunu deyirlər, nə qədər əsaslı olub-olmadığını bilmirəm, çünki kəşfiyyat mütəxəssisi deyiləm.

- Ancaq Azərbaycan ən gərgin və İranın sıxıntılı dövründə belə öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Bununla Azərbaycan tərəfi sübut edib ki, qonşularına qarşı münasibətdə səmimidir. Bu, Tehran üçün yetərli arqument deyilmi?

- Amma biz İsraillə əməkdaşlığa davam edirik. Bu da onları qıcıqlandırır. Bu səbəbdən də əsəbi reaksiya verirlər.

- Bəlkə bu gərginliyin kökündə həm də Zəngəzur dəhlizi məsələsi yatır?...

- Bizə yol lazımdır, Naxçıvanla əlaqəmiz olmalıdır. Dəhlizi Rusiya istəyir, çünki onun yurisdiksiyası rusların əlində olacaq. Üstəlik, ənənəvi olaraq Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhəd qoşunları qoruyur. Amma onlar bunu əlavə imtiyaza çevirmək, fəaliyyətlərini genişləndirmək istəyirlər…

- Belə görünmürmü ki, Zəngəzur dəhlizinin nəinki özü, hətta adı belə İran üçün arzuolunmazdır?

- Dəhliz olsa, bu, İranın Ermənistana yolunu kəsir. Onların da hansısa planları var - Ermənistandan keçərək Gürcüstan ərazisindən Qara dənizə çıxmaq və oradan Avropaya açılmaq. Sadəcə, dəhliz məsələsi bu imkanı bağlayır, onların imkanlarını məhdudlaşdırır.

- Yəni ziddiyyət həm də buradan doğur…

- Bəli.

- Dediyiniz kimi, dəhliz daha çox Rusiyaya lazımdırsa nədən Tehranda Rusiyanı deyil, Azərbaycanı tənqid edirlər, bizə “xox gəlməyə” çalışırlar?

- Rusiyadan asılıdırlar axı. Ruslardan silah alırlar, lazım olanda Rusiya İranı himayə edir, Rusiyadan texnologiya alırlar və s. Yəni İran Rusiyaya qarşı çıxa bilmir. 

- Əvəzində bizə qarşı çıxır?

- Bəli. Bir növ “qızım sənə deyirəm, gəlinim sən də eşit” məsəlidir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Azer 2021-10-05 22:29:04

Sencani bu fars asiqinin fikirlerini yazmayin, bunun sevgisi farsadir ancaq, bu turke qarsi yaxsi ne deye biler?

Hafiz 2021-10-05 21:33:30

Bu iki qardaş niyə hərəsi ayrı cəbhədə çıxış edir? Bunlar İran adamıatı deyillər?

Eli 2021-10-05 15:12:39

Çox düzgün ,ağıllı ve mentiqli tehllidir.Sağ olsun Zerdüşt beyi.

şərh 2021-10-05 13:29:09

Zərdüşt bəy hesab edir ki, biz İsraillə əməkdaşlıq edirik, bu da güya İranı qıcıqlandırır. Bəs İran Ermənistana əməlli-başlı yardım edir,səfirlik açıb, İsrailin isə Azərbaycanda heç səfirliyi də yoxdur, bunu Zərdüşt bəy bilmirmi? Üstəlik, işğalçı Ermənistandan fərqli olaraq İsrail İran ərazilərinimi işğal edib? Bu bir. İkincisi, Zərdüşt bəy niyə hesab edir ki, Zəngəzur dəhlizindən İran istifadə edə bilməyəcək? Bu dəhlizdən Azərbaycan və Türkiyə ilə yanaşı, İran da, Rusiya da istifadə edə bilər. Tutaq ki, tunel ola bilər, yuxarı yoldan bir ölkə, tunel yolundan isə digər ölkə istifadə edə bilər, heç kəsişmə də olmaz. Bu qədər sadə. Azərbaycan və Türkiyənin birbaşa quru yolu olacaq, İranın dərdi o dərddir.

Zərdüşt bəyə 2021-10-05 12:02:42

Zərdüşt bəyin kənarda durması daha doğru olardı.Onun sözünə görə Azərbaycan daha 30 il gözləməlidir ki, xankəndini qaytarılsln? Gülməli deyilmi?Məsələ bir dəfə həll olunur.Burada mərhələ Azərbaycanın uduzmağı deməkdir.Bəs 3000 çəhidin, 5-7 min qaznin qanı?

Elxan 2021-10-05 11:10:56

Zərdüştün qəlbi farslara sevgi, Türklərə nifrət hissi ilə doludur. Bu sevgi və nifrəti bu adam hər addımında hiss etdirir. Azərbaycanda çox təhlükəli iran casus etesi fəaliyyət göstərir. MTX son zamanlar bu casus yuvasına qarşı sayıqlığın daha da artırıb

Qulu 2021-10-05 10:31:20

Tərəfsiz, hadisələri təhrif etmədən, sadə dildə nəzəri və praktiki baxımdan analiz edə bilmək bacarığı Zərdüştü sevməyənlərə belə onu dinləməyə məcbur edir. Buna görə də Zərdüşt, Sərdar Cəlaloğlu, Əli Əliyevdən başqa dogru düzgün analitikimiz yoxdur. bilərsiniz yoxdur.

Mahir 2021-10-05 10:23:05

Zərdüştü ölkə siyasətçilərindən demək olar ki heç kim bəyənmir. Amma fakt budur ki, bunun dediklərinin böyük əksəriyyəti sonradan təsdiqini tapır. Əminəm ki, elə bunu bəyənməyənlər də onun fikirlərini izləyir, ürəkdə onunla razılaşır və bu fikirlərdən bəhrələnirlər. İnsan kimi heç mən də Zərdüşt dən xöşlanmıram. Amma siyasətşünas kimi hər müsahibəsini mütləq oxuyuram....

Roma 2021-10-05 09:36:50

Zərdüşt Əlizadə, mən Sizi savadlı və siyası təhlilçi kimi qiymətləndirirəm, ancaq bu müsahibədəki dediklərinizə fikir verək: "Burada, əlbəttə, diqqət daha çox Rusiya və Türkiyənin hansı nöqtələrdə toqquşması məsələsinə cəmləşir." və sadalayırsınız, 1-Liviyada, 2-Suriyada, 3-Tiflisdə Qarabağla bağlı aşağı ranqlıların görüşü və s....bunlar aydındır, ancaq Türkiyə ilə Rusiya əsasən Krım məsələsində toqquşur, ən əsas hədəfi qoyub, Liviya və Suriya qabardılır...

Son yazılar