Sülhəddin Əkbər: “Həm işğal olunmuş ərazilərdə, həm də Rusiya daxilində çox intensiv strateji xüsusi əməliyyatların şahidi olacağıq”

"Krımın itirilməsi Rusiya daxilində çox ciddi ictimai-siyasi proseslərin başlanmasına səbəb ola bilər"

Rusiya–Ukrayna müharibəsində təşəbbüsün növbəti dəfə dəyişməsi, Rusiyanın daxilində dərinləşən yanacaq və iqtisadi böhran, həmçinin cəbhədəki son vəziyyət dünya mətbuatının diqqət mərkəzindədir. Milli siyasət və təhlükəsizlik sahəsi üzrə tanınmış ekspert Sülhəddin Əkbər bu və ya digər mövzularla bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Sülhəddin bəy, Rusiya–Ukrayna müharibəsinin hazırkı gedişatını necə təhlil edirsiniz? Müxtəlif dövrlərdə təşəbbüsün gah Rusiyanın, gah da Ukraynanın tərəfində olduğu məlumdur. Amma bu dəfə Rusiya üçün vəziyyət sanki əvvəlkindən daha dramatik görünür. Cəbhədə uğur yoxdur, itkilər artır, müharibə Rusiyanın daxilinə keçib, yanacaq böhranı davam edir, əhali təşvişdədir...

Təşəkkür edirəm. Çox aktual sualdır. Hazırda bu mövzu təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində geniş müzakirə olunur, hər yerdə bu suala cavab tapmağa çalışırlar.

Mən bundan əvvəl verdiyim müsahibədə bildirmişdim ki, Ukrayna üçün ən çətin dövr yanvarın sonu və fevralın əvvəli olacaq. Yəni Ukrayna həmin vaxta qədər tab gətirə bilsə, sonradan onun üçün daha əlverişli dövr başlayacaq. Bunu təsadüfən deməmişdim, müəyyən təhlillərə əsaslanırdım. Çünki hələ 2025-ci ilin ikinci rübündən mütəxəssislər qeyd edirdilər ki, Rusiyada dərin iqtisadi böhran prosesləri başlayacaq. Bu, davamlı xarakter daşıyacaqdı və strateji tükəndirmə müharibəsi öz nəticələrini verməli idi. Əslinə qalsa, bu proses ötən ilin yazından hiss olunmağa başlamışdı. Məhz həmin dövrdə Rusiyanın iqtisadi cəhətdən tükənməsinin ilkin əlamətləri rəqəmlərdə də özünü göstərdi. Halbuki ondan əvvəl mütləq əksəriyyət hesab edirdi ki, Rusiya uğurla hərbi iqtisadiyyata keçib və bu struktur dəyişikliyi onun iqtisadi artımını təmin edəcək. Bu, birinci ciddi faktor idi.

İkinci mühüm amil isə ötən ilin noyabr ayında hərbi müstəvidə özünü göstərməyə başladı. Əslində, Ukrayna Silahlı Qüvvələri təşəbbüsü bu gün ələ almayıb. Bu gün hamı sadəcə nəticəni görür. Amma bunun gizli bir hazırlıq və ciddi inkişaf mərhələsi olub. Xəstəliklərdə olduğu kimi, əvvəlcə gizli dövr keçir, sonra isə klinik əlamətlər meydana çıxır. Biz indi həmin klinik əlamətlərdən danışırıq.

Üçüncü amil Ukraynanın hərbi-sənaye kompleksinin (HSK) həm ölkə daxilində, həm də xaricdə çox sürətlə inkişaf etməsidir. Bu barədə həm hərbi dairələrdə, kəşfiyyat mənbələrində, həm də analitik mərkəzlərdə ciddi məlumatlar var idi. Burada böyük investisiyalar, texnoloji innovasiyalar və çox cəsarətli həllər tətbiq olunurdu. Xüsusilə dron və raket texnologiyaları sahəsində ciddi irəliləyişlər müşahidə edilirdi və onlar birbaşa döyüş meydanında sınaqdan keçirilirdi. Ukraynanın əsas üstünlüklərindən biri də budur: yeni silah sistemləri üçün sınaq müddətini maksimum qısaldır və onları dərhal cəbhəyə cəlb edir. Məsələn, hazırda sınaq mərhələsində olan "Flaminqo" sistemləri döyüş meydanında kifayət qədər ciddi nəticələr nümayiş etdirir. Ukrayna bu sahədə tamamilə fərqli yanaşma tətbiq edir. İstərdim ki, Azərbaycan Silahlı Qüvvələri, hərbi rəhbərliyimiz və hərbi-sənaye kompleksimiz də bu prosesi çox yaxından izləsin.

Hazırda ən mühüm strateji məsələlərdən biri süni intellektlə işləyən və avtonom idarə olunan dron sürülərinin tətbiqidir. Bu sahədə Ukrayna ciddi irəliləyişlər əldə edib və artıq dünyada Ukraynanın təcrübəsi öyrənilməyə başlanıb. Bir çox dövlətlər həm bu texnologiyanı əldə etməyə çalışır, həm də Ukrayna ilə təcrübə mübadiləsində maraqlıdırlar.

İqtisadi, hərbi və hərbi-texnoloji sahələrdə müşahidə olunan bu inkişaflarla yanaşı, Ukraynanın maliyyə təminatı da mühüm amildir. Baxmayaraq ki, ABŞ faktiki olaraq həm maliyyə, həm də hərbi dəstəyini dayandırıb — yalnız kəşfiyyat və müəyyən texnoloji dəstək verir, Avropa bu yükü öz üzərinə götürə bildi. Avropa Birliyi 2026–2027-ci illər üçün 90 milyard avroluq yardım paketini təsdiqləyib. Eyni zamanda, Ankarada keçiriləcək sammitdə NATO tərəfindən əlavə 70 milyard avro həcmində hərbi yardımın təsdiqlənməsi gözlənilir. Ekspertlər də bildirirlər ki, faktiki olaraq Ukrayna ilə Rusiyanın hərbi xərcləri artıq bərabərləşir. Bu, çox böyük irəliləyişdir və nəticələri döyüş meydanında görünür. Biz açıq şəkildə təşəbbüsün Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçdiyini müşahidə edirik.

– Yəni Ukrayna üçün hər şey yaxşı gedir...

Elə burada xüsusi qeyd etməliyəm ki, Ukrayna və tərəfdarları arxayınlaşmamalıdırlar. Çünki hazırda inkişaf çox sürətlə gedir, yeni həllər operativ tapılır. Əvvəllər texnologiyanın tətbiqinə aylar, illər lazım idisə, indi bu müddət həftələrə, hətta günlərə enib. Qarşı tərəfdən də ciddi siqnallar gəlir. Məsələn, 40 günlük ABŞ–İsrail–İran müharibəsi zamanı bir F-15 təyyarəsi vuruldu, pilot sağ qaldı. Ekspertlər həmin pilotun ifadələrini təhlil edərək belə nəticəyə gəlirlər ki, İran süni intellekt əsasında fəaliyyət göstərən və avtonom idarə olunan dron sürülərindən istifadə edərək F-15-i vurub. Burada iki ehtimal var: bu texnologiyanı İrana ya Çin verib, ya da iranlılar gizli araşdırmalar nəticəsində bu səviyyəyə çatıblar. Böyük ehtimalla, Çin tərəfindən verildiyi düşünülür. Çünki Ukrayna cəbhəsində hələlik Rusiyanın bu texnologiyadan istifadə etməsi ilə bağlı fakt yoxdur. Deməli, nə Rusiyada bu texnologiya var, nə də Çin onu Rusiyaya verib.

Buradan belə nəticəyə gəlmək olar ki, əgər Çin bu texnologiyanı qısa zamanda Rusiyaya ötürərsə, cəbhədə yenidən ciddi dəyişikliklərin şahidi ola bilərik. Çünki Çin istehsal gücünə görə bu texnologiya ilə çalışan dronları daha kütləvi miqyasda təmin edə bilər. Ona görə də belə bir narahatlıq var. Amma hələlik təşəbbüs Ukraynanın tərəfindədir və biz arzu edərdik ki, bu, dayanıqlı və davamlı bir meyilə çevrilsin.

– Rusiyanın daxilində, xüsusən hakim elitada yaranmış vəziyyəti, eləcə də Ukraynanın zərbələrindən dolayı iqtisadi və təhlükəsizlik sahələrində mövcud durumu necə qiymətləndirirsiniz?

Rusiyanın daxilində ciddi yanacaq böhranı yaranıb. Hökumət artıq elan edib ki, xaricdən yanacaq tədarükü üçün yeni mənbələr axtarılır. Ekspertlərin proqnozuna görə, hazırda üstünlük əldə etmiş Ukrayna üçün qarşıdakı 3–6 ayda fürsət pəncərəsi yarana bilər və Kiyev bu imkandan maksimum istifadə etməlidir. Məhz buna görə Ukrayna Prezidentinin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) üçün 40 günlük xüsusi əməliyyat planını təsdiqləməsi (25.06.2026) bu məqamla əlaqələndirilir.

– Həmin 40 gündə hansı hadisələr gözlənilə bilər və hansı tədbirlər nəzərdə tutulur?

Ukrayna Prezidenti bu planın məqsədini açıq ifadə etdi: Rusiyanı müharibəni dayandırmağa və danışıqlar masasına oturmağa məcbur etmək. Əlbəttə, bizim əlimizdə kəşfiyyat məlumatları yoxdur. Amma açıq mənbələrə əsasən, əsas zərbələrin iki istiqamətə yönələcəyi — Krım mərkəzli olmaqla işğal altında olan ərazilərə, iqtisadi-strateji və hərbi-strateji ağırlıqlı olmaqla isə Rusiya ərazisinə endiriləcəyi gözlənilir. Xüsusilə Krımın Rusiya üçün yaşanılmasının və idarə olunmasının çətinləşdirilməsi, əvvəlcə mülki əhalinin oranı tərk etməsinə şərait yaradılması, daha sonra isə hərbi qüvvələrin geri çəkilməyə məcbur edilməsi əsas hədəflərdən biridir. Belə bir təcrübə artıq var — Xerson nümunəsi. Rusiya qüvvələri Dnepr çayının sağ sahilindən geri çəkilməyə məcbur edilmişdi.

Eyni zamanda, Rusiya daxilində strateji infrastruktur obyektlərinin sıradan çıxarılması davam edir. Məsələn, Dubnadakı kosmik rabitə mərkəzi ikinci dəfə zərbə alıb. Ondan əvvəl isə "Pautina" əməliyyatı həyata keçirilmişdi. Yeri gəlmişkən, bu əməliyyatların keçirilməsində artıq ciddi koordinasiya mövcuddur; Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Baş Kəşfiyyat İdarəsi (GUR) və Xüsusi Əməliyyat Qüvvələri birgə fəaliyyət göstərirlər.

– Xaricdən əməliyyatların planlaşdırılmasına və icrasına logistik dəstək varmı?

Böyük ehtimalla, var. Xüsusilə hərbi kəşfiyyat, rabitə, hədəflərin müəyyənləşdirilməsi, yönləndirmə və əməliyyatların idarə olunması sahələrində ABŞ, Böyük Britaniya və Fransanın həm açıq, həm də gizli dəstəyi mövcuddur. Diqqət etsəniz, qarşıdurmanın kosmos sahəsinə qədər genişlənməsi ehtimalı getdikcə artır ki, bu da son dərəcə təhlükəli tendensiyadır.

Hazırda əsas məqsəd Rusiyanın hərbi zərbə imkanlarını məhdudlaşdırmaq, təchizat yollarını kəsmək, HHM sistemlərini, hərbi infrastrukturunu, hərbi bazalarını, hava və dəniz limanlarını, komanda və nəzarət məntəqələrini sıradan çıxarmaqdır. Yəqin ki, avqust ayının birinci həftəsi də daxil olmaqla, yaxın müddətdə Ukrayna tərəfindən həm işğal olunmuş ərazilərdə, həm də Rusiya daxilində çox intensiv strateji xüsusi əməliyyatların keçirilməsinin şahidi olacağıq. Rusiya daxilində keçirilən əməliyyatların ikinci bir məqsədi — sosial-psixoloji məqsədi də var: Ukrayna tərəfi istəyir ki, Rusiya cəmiyyəti bu müharibənin ağrılarını öz üzərində hiss etsin.

– Bəs Krımda Rusiyanın hərbi qruplaşmalarının vəziyyəti necədir? Orada Rusiyaya məxsus hansı hərbi obyektlər var?

Krım Rusiya üçün xüsusi strateji önəm kəsb etdiyi üçün burada onun hərbi və hərbi-strateji infrastrukturu digər işğal olunmuş ərazilərə nisbətən daha sıx və güclüdür. Son vəziyyətə görə orada dəqiq nə qədər canlı qüvvə olduğunu söyləmək çətindir. Amma görünən odur ki, Ukrayna tərəfi Qılburun yarımadasını (ukraynaca: Кінбурнський півострів, rusca: Кинбурнский полуостров) və Qılburun dilini təmizləməyi qarşısına məqsəd qoyub. Əgər buranı nəzarətə götürə bilsələr, Qara dənizə açılan üç liman tam funksional vəziyyətə gələcək. Əvvəllər İlan adası vasitəsilə Odessa limanı və Dunay deltası nəzarətdə saxlanılırdısa, indi Xerson, Nikolayev və Oçakov limanlarının da fəaliyyət göstərməsi mümkün olacaq. Buna görə də Qılburun istiqaməti əsas hədəflərdən biri hesab olunur.

– Yəni Ukrayna ordusu Krım istiqamətində böyük əks-hücum əməliyyatına başlaya bilər?

Hələlik strategiya ortamənzilli zərbələr endirmək, logistik təminatı pozmaq, kənardan gələn dəstəyi kəsmək və qüvvələri sıradan çıxarmaqdan ibarətdir. Hazırda genişmiqyaslı quru əməliyyatının keçirilməsi və ya desant çıxarılması ilə bağlı konkret əlamətlər yoxdur. Çünki bunlar çox riskli əməliyyatlardır və böyük itkilərə səbəb ola bilər. Əgər belə əməliyyatlar planlaşdırılsa belə, ehtimal ki, son mərhələdə həyata keçiriləcək. Ümumiyyətlə, mübarizədə belə bir prinsip var: qarşı tərəfə müəyyən çıxış yolu saxlanılır, çünki bütün yollar bağlanarsa, onun son nəfəsinə qədər döyüşməkdən başqa seçimi qalmır.

– Bəs Krımın itirilməsi, yəni faktiki olaraq Rusiyanın nəzarətindən çıxması, Rusiya hakimiyyəti üçün nə deməkdir?

Bilirsiniz ki, rus işğalı məhz Krımdan başlayıb. Krımın Rusiya üçün həm simvolik, həm tarixi, həm də hərbi-strateji əhəmiyyəti böyükdür. Konkret olaraq Putin Rusiyası üçün isə Krım xüsusi simvoldur. Putin özünü Rusiyanın itirilmiş imperiya torpaqlarını geri qaytaran lider kimi təqdim etmək istəyir. Mən deməkdən yorulmuram ki, Rusiya SSRİ dağılandan sonra heç vaxt imperiya təfəkküründən, imperiyanı bərpa etmək niyyətindən imtina etməyib, sadəcə uyğun zamanı gözləyib və hesab edib ki, həmin vaxt 2022-ci ildir — SSRİ-nin yaradılmasının 100 illiyi.

Ona görə də Krımın itirilməsi Rusiya daxilində çox ciddi ictimai-siyasi proseslərin başlanmasına səbəb ola bilər. Çünki Putinin qüdrətli hökmdar, "çar" obrazı Krımla eyniləşib. Krımın itirilməsi Putinin qüdrətini itirməsi kimi qəbul olunacaq. Başqa sözlə, məlum olacaq ki, çar əslində "çılpaq imiş". Bu, həm Rusiya cəmiyyəti, həm də Rusiya ordusu üçün psixoloji sınmanın başlanğıcı ola bilər. Müharibələr o zaman başa çatır ki, tərəflərdən birinin mübarizə və döyüş əzmi qırılır. Rusiya ordusunun döyüş ruhunun və cəmiyyətin Putinə olan inamının qırılması məhz Krımın itirilməsi ilə baş verə bilər.

– Sülhəddin bəy, Putin bu vəziyyəti necə sabitləşdirə bilər? Məsələn, Belarusu müharibəyə cəlb etmək, taktiki nüvə silahından istifadə etmək və ya yeni səfərbərlik elan etmək kimi variantlar mümkündürmü?

Əvvəla, Belarusun müharibəyə birbaşa qoşulması çox çətindir. Artıq müharibənin beşinci ilidir. Rusiyanın açıq üstünlüyə malik olduğu dövrlərdə belə Belarus öz Silahlı Qüvvələri ilə müharibəyə qoşulmadı. Rusiya üçün öz ərazisindən istifadəyə şərait yaratdı, HSK vasitəsilə müəyyən dəstək verdi, hava məkanını açdı, vətəndaşlarının müqaviləli hərbçi kimi iştirakına göz yumdu. Lakin Belarus indiyədək Ukrayna ordusu ilə birbaşa hərbi toqquşmadan yayınmağa çalışıb və bundan sonra da çalışacaq.

Ən sonda Ukrayna Prezidenti Zelenskinin tələbinə cavab olaraq qısa zamanda retranslyatorların söndürülməsi, Lukaşenkonun barışdırıcı bəyanatlar verməsi və dərhal Çinə səfər etməsi bunu sübut edir. Çin Belarusun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə Lukaşenkoya sipər oldu — həm Ukrayna, həm də Rusiya qarşısında. Lukaşenko Putinə də nümayiş etdirdi ki, onun arxasında Pekin dayanır. Rusiyanın hazırda Çindən asılılıq səviyyəsini nəzərə alsaq, Putin bunu görməzdən gələ bilməz. Ona görə də hazırkı mərhələdə Belarusun Rusiya tərəfindən hərbi əməliyyatlara birbaşa cəlb olunmasını real hesab etmirəm.

– İkinci məsələ mobilizasiyadır. Əgər səfərbərlik olacaqsa, böyük ehtimalla sentyabr ayından, parlament seçkilərindən sonra baş verə bilər. Bununla belə, formal olaraq ümumi səfərbərliyin elan ediləcəyini düşünmürəm. Rusiyada hazırda müharibənin çox uzanması, internet məhdudiyyətləri və yanacaq çatışmazlığı ilə bağlı ciddi sosial narazılıq mövcuddur. Yanacaq çatışmazlığı artıq ölkənin 83 regionundan 78-ni əhatə edir. Belə bir şəraitdə ümumi mobilizasiya elan etmək hakimiyyət üçün çox riskli addım olardı. Ona görə də hakimiyyət müqaviləli hərbçilərə ödənilən vəsaiti, eyni zamanda pul emissiyasını artırmaq (bu da inflyasiyanı sürətləndirəcək) kimi üsullara əl atacaq. Artıq Rusiyada vətəndaşların banklardakı əmanətlərinin müsadirə olunacağı, dövlətin özəl şirkətlərin və biznesmenlərin bank hesablarına əl qoya biləcəyi ilə bağlı ciddi təşviş var.

Taktiki nüvə silahından istifadəyə gəldikdə, qısaca bunu deyə bilərəm ki, bu, nəzəri cəhətdən mümkün olsa da, praktiki baxımdan çox çətindir. Çünki bu, Putin kimi hələ uzun müddət çar kimi yaşamaq, ömrünü uzatmaq niyyətində olan biri üçün çox yüksək riskli, hətta ölümcül bir seçim ola bilər. Onun yaxın zamanda ölmək, "şəhid olmaq" kimi bir niyyətinin olduğunu düşünmürəm.

Rusiya yalnız Çindən birbaşa, həm də miqyaslı hərbi dəstək ala biləcəyi halda strateji vəziyyəti dəyişə bilər. Lakin Çinin buna nə dərəcədə maraqlı və hazır olacağı açıq sualdır. Hesab edirəm ki, indiki mərhələdə Çinin eyni vaxtda həm Avropa, həm də ABŞ ilə birbaşa qarşıdurmaya getməsi, xüsusilə İran məsələsinin hələ də gündəmdə qaldığı bir dövrdə, az ehtimallıdır. Çin Rusiyaya dəstəyini davam etdirəcək, amma bunu dolayı yollarla, əsasən ikili təyinatlı məhsullar, xammal, hərbi təyinatlı müxtəlif komponentlər, lazımi avadanlıq və dəzgahlar təmin etməklə edəcək. Allah eləməsin ki, Çin süni intellekt əsasında avtonom fəaliyyət göstərən dron sürülərini və bu texnologiyanı Rusiyaya versin. Bu halda vəziyyət kəskin dəyişər.

– İndiki şəraitdə, xüsusilə də Trampın "Böyük Yeddilik" (G7) görüşündə Avropanın Ukraynaya dəstək mövqeyinə qoşulması, sanksiyaların sərtləşdirilməsi və Zelenskinin Rusiyaya daha cəsarətli zərbələr endirmək çağırışları fonunda vəziyyəti necə qiymətləndirirsiniz?

Hadisələr çox dinamik inkişaf edir. Biz hələ bilmirik ki, son G7 zirvəsində qəbul olunan qərarlar Ankara sammitində NATO tərəfindən tam dəstəklənəcək, yoxsa yox. NATO dəstəkləsə belə, sonradan ABŞ-nin mövqeyi dəyişəcək, yoxsa yox, dəyişəcəksə, necə dəyişəcək? Bu da sual altındadır. Volatillik çox yüksəkdir, amillər sürətlə dəyişir. Buna görə də uzunmüddətli proqnoz vermək çətinləşib. Biz yalnız bugünkü göstəricilər, verilənlər əsasında üstün tendensiyaları müəyyən edə bilirik.

– Mühüm olduğu üçün bir daha Rusiyanın taktiki nüvə silahından istifadə edə bilməsinin mümkünlüyü ilə bağlı suala qayıtmaq istərdim. Bu, mümkündümü?

Əgər Krıma gedən quru dəhlizi — yəni R-280 saylı sahil magistralı ("Novorossiya" marşrutu) kəsilərsə, Krım körpüsü sıradan çıxarılarsa və logistika tamamilə iflic olarsa... Yeri gəlmişkən, Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin ("Macar") açıqlamasına görə, iyul ayı üçün əsas vəzifə məhz budur. Əgər bu vəzifə yerinə yetirilərsə, Krımda fövqəladə vəziyyət elan olunarsa və dövlət qurumlarının, əhalinin kütləvi evakuasiyasına başlanılarsa, bu, vəziyyətin nə qədər kritik olduğunu göstərən mühüm əlamət olacaq.

Yalnız Ukraynanı və tərəfdarlarını deyil, bütövlükdə dünyanı ən çox narahat edən məsələ də budur: Rusiya Krımı boşaltmağa məcbur olarsa və ölkə daxilində sosial-iqtisadi, sosial-siyasi sarsıntılar genişlənib dərinləşərsə, Putin hansı addımı ata bilər? Məhz buna görə Çin də daxil olmaqla nüvə dövlətləri bu silahdan istifadəyə qarşı vahid mövqedədirlər. Belə bir ssenari, qeyd etdiyim kimi, nəzəri baxımdan mümkün olsa da, praktiki olaraq çox çətin və az ehtimallıdır. Lakin hərbi eskalasiyanı idarəolunmaz mərhələyə, hətta kosmik müstəviyə keçirə biləcək bu nüvə riskini tamamilə gözardı etmək də olmaz. Ancaq mənə elə gəlir ki, Kremldə daha məntiqli yanaşma cəbhədə vəziyyəti balanslaşdırmağa çalışmaq, sonra isə əvvəlki kimi ABŞ-nin (və ya digər vasitəçilərin) vasitəçilik imkanlarından istifadə edərək Ukraynanı yenidən danışıqlar masasına cəlb etmək olacaq.

– Amma çətin ki, bu dəfə Rusiya masaya oturmaq istəyəndə Ukrayna buna maraq göstərsin...

Ona görə də böyük ehtimalla gərginliyin təhlükəli həddə qədər yüksəlməsini müşahidə edəcəyik. Münaqişənin yaxın vaxtlarda başa çatacağı görünmür və ən azı bu ilin sonuna qədər davam edəcəyini düşünürəm. Çünki tərəflərdən heç biri qarşıya qoyduğu məqsədlərə nail olmayıb, hər iki tərəfin siyasi və hərbi iradəsi hələ sınmayıb, mübarizəni davam etdirə bilirlər. Ancaq bu proses hər iki tərəfin tədricən tükənməsi ilə müşahidə olunur. Bunu da qeyd etmək lazımdır.

Burada bu tammiqyaslı müharibə başlayan gündən dediyim bir tezisi xatırlatmaq istəyirəm: bu, geosiyasi hədəfləri olan strateji tükəndirmə müharibəsidir. Nəticədə ən böyük strateji resurslara malik olan tərəf üstünlük qazanacaq. Məhz buna görə mən ilk gündən Rusiyanın qələbə şansını aşağı qiymətləndirirəm. Çünki burada söhbət təkcə Ukraynanın deyil, onun arxasında duran Avropa Birliyi və NATO-nun nəhəng birgə strateji resurslarından gedir.

E. Rüstəmli
E. Bəyməmmədli
"AzPolitika.info"


Bu hissədə əsas düzəlişlər: