O, HƏLƏ SON SÖZÜNÜ DEMƏYİB!... - Saakaşvili Gürcüstan üçün kimdir?

Oktyabrın 1-də gözlənilmədən Gürcüstanda peyda olan və bir neçə gün bütün ölkəni gəzib dolaşandan sonra Tbilisidə həbs olunan sabiq Prezident Mixeil Saakaşvili həbsxanaya girər-girməz aclıq aksiyasına başlayıb. Gürcü mətbuatının yazdığına görə, o, hazırda da aclığı davam etdirir.

Lakin bu, sadəcə fiziki aclıq deyil. Əslində, bu adam Gürcüstanda hakimiyyəti sivil yolla təhvil verdiyi gündən bəri "acdır" – mübarizə, savaşmaq, qurub-yaratmaq, nəyəsə nail olmaq, ölkənin itirdiklərini qaytarmaq, ideya, layihə gerçəkləşdirmək, eyni zamanda da qalmaqal, bəzən avantüra həddinə çatan qərarlar, bəyanatlar vermək "acıdır".

Adam sanki bir yerdə dura bilmir, enerjisi, həvəsi, xarizması buna imkan vermir. Buna görə Ukraynada da dinclik tapa bilmədi. Gah oliqarxlarla, gah erməni Avakovla, gah Poroşenko ilə savaşdı. Zelenskinin vaxtında ona daha komfortlu şərait yaradılsa da, “Mişa” yenə özünə yer tapa bilmədi. Çünki təyin edildiyi vəzifəsi onun çapına, planlarına, hədəflərinə cavab vermirdi. Və bir də özünü hamıdan yaxşı tanıdığı üçün bilirdi ki, hara da getsə, mütləq ələ düşən ən birinci fürsətdə Gürcüstana qayıdacaq...

Gürcüstandakı hakimiyyət Belarusdakı, yaxud Rusiyadakı rejimlər qədər amansız olmasa da, xüsusilə sərhədi qanunsuz keçərək ölkəyə gəlmək Saakaşvilinin öz həyatını, ən yaxşı halda isə azadlığını riskə atması demək idi. Etiraf edək ki, postsovet məkanında hər siyasətçi bu addımı atacaq cəsarətə malik deyil...

Görünür, nəyəsə arxayın və daxilən öz günahsızlığına, Gürcüstana xəyanət etmədiyinə əmin idi. Hətta mövcud hakimiyyət onu bir neçə yarısaxta cinayət işləri üzrə ittiham etsə də, onların arasında heç bir ciddi, böyük korrupsiya əməlini əks etdirən iş yoxdur. Bunun özü Saakaşvilinin korrupsioner olmadığının və Gürcüstanda korrupsiya bəlasının kökünün kəsilməsi üçün böyük xidmətlər göstərdiyinin İvanişvili hakimiyyəti tərəfindən məcburən etiraf edilməsidir.

Saakaşvili öz hakimiyyəti dövründə, daha əvvəl Gürcüstandan qoparılan Abxaziyanın tam yaxınlığında Lazika adlı böyük, müasir liman şəhəri tikərək, onu nümunəvi vəziyyətə gətirməyi planlaşdırmışdı. Bu layihədə məqsəd təkcə iqtisadi gəlirlər, yeni iş yerləri əldə etmək yox, həm də aclıqdan, işsizlikdən əziyyət çəkən Abxaziya əhalisinə Gürcüstanın necə inkişaf etmiş, cəlbedici ölkə olduğunu göstərmək idi. Yəni həm iqtisadi, həm də siyasi məqsəd güdülürdü. Ancaq bu layihəni gerçəkləşdirmək Saakaşvilinin hakimiyyətdən getməsi səbəbilə mümkün olmadı. Yeni hökumət isə belə layihələri yerinə yetirəcək düşüncəyə, çapa və mərama malik olmadığını göstərdi...

Bəs, gürcülər Saakaşviliyə xəyanətmi etdilər? O, həmvətənlərindən incikdirmi? Çətin cavab veriləcək suallardır, lakin sabiq Prezidentin davranışları və açıqlamalarından nə inciklik, nə də narazılıq sezilir. Əksinə, adam yenə vətəninə, millətinə, dövlətinə sevgi ilə dolub daşır kimi görünür. Batumidən paylaşdığı ilk kadrlarda uşaq kimi sevinirdi, hətta həbs edilib məhbəsə aparılanda da həmin sevinc üzündə görünürdü...

Düzdür, Saakaşvilinin Gürcüstandakı reytinqi 30 faiz civarındadır və bu, onun istədiyi nəticələri hələ ki, əldə etməsinə imkan vermir. Əslində, bu göstəriciyə görə gürcüləri heç qınamalı da deyil. Çünki zamanında Saakaşvili rüşvəti, korrupsiyanı yığışdırsa da, əhalinin sosial rifahının lazımi səviyyəyə yüksəldilməsinə nail ola bilmədi. Təbii ki, bunun obyektiv səbəbləri də vardı. Ancaq reallıq bu idi ki, onun tikib-yaratdığı şəhərlərdəki parklar, müasir istirahət zonaları, turizm obyektləri və s. sadə gürcünün cibinə uyğun deyildi və heç indi də uyğun deyil.

Onun dövründə daxili işlər naziri olmuş Vano Merabişvili isə hər nə qədər polisdəki korrupsiyanı yığışdırsa, Gürcüstanda hər zaman yüksək olan cinayətkarlığa, kriminala ağır zərbə vursa da, eyni zamanda müxalif düşərgəyə, azad sözə, bəzən isə narazılığını bildirmək istəyən “qara camaata” qarşı qəddarlığı ilə seçildi. Nəticədə yeni layihələr, ideyalar, daha qlobal nailiyyətlər üçün çalışan və bu “xırdalıqlara” fikir verməyən Saakaşvili ilə əhali arasında məsafə, deməli həm də ondan narazılıqlar artmağa başladı. Elə hazırda da vəziyyəti onun üçün çətinləşdirən həm də odur ki, Gürcüstanda ona münasibətdə neytral elektorat demək olar ki, yoxdur – onu ya sevirlər, ya da sevmirlər. Bu isə “Mişa”nın öz elektoratını artırmaq, 30 faizi 50 faizə və daha yüksək göstəricilərə çatdırmaq imkanlarını xeyli zəiflədir.

Bəs, Saakaşvilinin dönüşü onun özünə, partiyasına və nəhayət, Gürcüstana nə verdi? Sözsüz ki, bu, Gürcüstan hakimiyyəti üçün demokratiya və qanunun aliliyi ilə yanaşı, hökumətin özünün dayanıqlığı üçün də ciddi bir sınaq oldu. Bu sınaqdan da hakimiyyətin qalib çıxdığını söyləmək olduqca çətindir. İvanişvili hakimiyyətinə ümumiyyətlə belə bir sınaq qətiyyən lazım deyildi. Çünki Saakaşvilinin Gürcüstanda istənilən formada varlığı onlar üçün böyük problem və başağrısıdır. Onun qəfil dönüşünə çaş-baş qalan hökumətin başını itirməsi də hakimiyyətin xeyrinə işləməyən ciddi məqamdır. Hakimiyyət gah dedi ki, Saakaşvili Gürcüstana gəlməyib, gah dedi ümumiyyətlə, Ukraynanı tərk etməyib, həbs olunandan sonra isə bəyan etdi ki, onun bu günlər ərzində bütün hərəkətləri guya ölkənin hüquq-mühafizə orqanları tərəfindən izlənilib. Və bununla da özünü gülünc vəziyyətdə qoydu. Bunun özü hökumətin və onun hüquq-mühafizə, xüsusi xidmət orqanlarının nüfuzuna ciddi zərbə vurdu və haqlı olaraq təkcə müxalifət yox, hakimiyyət tərəfdarları da hökuməti bacarıqsızlıqda və yalançılıqda günahlandırdı. Gürcü mətbuatı, telekanalları bütün bu qalmaqallardan sonra hökumət başçısının dəyişdiriləcəyinə dair məlumat yayır. Məlumatda Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi, onun yerinə nazirlərdən birinin təyin olunacağı bildirilir. Qeyd olunur ki, hakim “Gürcü Arzusu” Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub. Təbii ki, bütün bunlara Saakaşvilinin dönüşü səbəb olub.

Onu da xüsusi qeyd etmək lazımdır ki, seçkinin nəticələri heç də İvanişvili hakimiyyətini qane etməyib. Ən azından ona görə ki, ölkənin böyük şəhərlərinə mer seçkiləri hakim partiyanın tam qələbəsilə yekunlaşmayıb və bu şəhərlərdə ikinci tur təyin olunub. Hazırda Saakaşvilinin partiyasının başçılıq etdiyi müxalif qüvvələr ciddi şəkildə həmin seçkilərə hazırlaşır.

Nəhayət, hər şeyə rəğmən, Saakaşvili müasir Gürcüstanın qurucusudur – bütün üstünlükləri, nailiyyətləri və çatışmazlıqları ilə birgə. Onun həbsi isə daha çox siyasi aksiyadır. Bunları hər nə qədər hazırkı hakimiyyət görməzdən gəlməyə çalışsa da, cəmiyyət, xalq hər şeyi görür.

Və hakimiyyət onu da yaxşı bilir ki, hətta dörd divar arasında belə Saakaşvilini çox saxlaya bilməyəcək. Bilir ki, onun enerjisi, iddiası, nüfuzu, eləcə də bağlı olduğu dairələr, həmçinin daxildə rəhbərlik etdiyi qüvvələr hər hansı yolla - daxili, yaxud xarici təzyiqlə onu həbsdən çıxaracaq. Və bilir ki, Saakaşvili hələ son sözünü deməyib...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-10-08 23:53:47

Bu insan en yüksek hörmete ve terife layiq Şexsiyyetdir.Bu İnsan mükemmel tehsil almış,Gürcüstanın esilli köklü bir neslinin nümayendesi olmuş ve bunu isbat etmişdir.Sehv etmiremse Böyük Şairimiz Bextiyar Bahabzadenşn sözüdür:Veten hemişe böyük Oğullarınz xindan olub.Bu İnsan çox genc yaşlarınds özü kiimi cavan silahdaşları ile Ğürcüstan parlamentine inqilabçılar kimi daxil olanda rehmetlik dünyaca meşhur Edıard Şevardnadze mühafizenin ehatesinde “dabanqırma” aradan çıxdı,konkret qaçdı.Sual olunur ay Ağsaqqal bes Sen Rusun Zülmünden qaçıb gelmşsen Milletine guys kömeyr ,ondz. Sen niye Uşaqların Genclerin qabsğından qaçırsan .Gülmelidir,Sen eger Xalqına kömeyd gelmisense daha miyd qorxaqcasına utanmsdan aradzn çıxırszn.Dur gözle Saakaşvili gelende çıx astşıyz ve Kişi kimi sözünü de.

Eli 2021-10-08 16:32:33

Sehv etmiremse rehmetlik Böyük şairimiz Bextiyar Vahabzade deyib:Veten hemişe özünün Böyük oğullarına zindan olubdur.Saakaşvili mükemmel tehsil almış köklü bir neslin düzgün terbiyye etdiyi bir insan ,siyasetçi,diplomatdır.Bunu o fealiyyeti dövründa hansı vezifede işlemeyinden asılı olmayaraq qorxmadan ,çekinmeden bütün dünyaya gösterdi.Bu İnsan dünyaya Dövletine,Milletine qulluq etmek özünü feda etmek üçğn gelib.Menim fikrimce bu hem de çox Kişi adamdır,Vetenini azadlığı üçün canından keçmeye hazır bir Fedaidir.Sade bir misal deyim ,belke de çoxlar bunutelevizorda görub.Bunlar inqilab edende rehmetlik dünyaca meşhur Şevarnadze Gürcustandz hzkimiyyet başında idi ve Saakaşvili ve onun kimi cavan silahdaşları parlament girende Şevarnadze mühafizenin ehatesinde zaldan qaçdı.Adamı gülmek tutur .Ay dünyagörmüş Şevarnadze Sen Vetenindesen haqlısansa niye qaçırsan cavanların qabağında.Dur ayağa sözün de ancaq deye bilmedi sözünü .Bu ise sözün dedi ve deyecek

Oxucu 2021-10-08 15:15:25

Bu bədbəxti əliyalın rusun üstünə buraxdılar,sonrasıda arxasında qalmadılar,eynilə Əfqanıstandakı kimi,bütün bunları anlayaraq bir daha Heydər Əligevə Allahdan min rəhmət diləyirəm.

Son yazılar