Avqsutun 13-dən etibarən Bakı Metropoliteninə daxil olan bəzi vətəndaşlar polis əməkdaşları tərəfindən yoxlanılır. Onlar sərnişinləri saxlayaraq şəxsiyyət vəsiqəsini tələb edirlər. Əgər vəsiqə yoxdursa, ad, soyad istənilir. Daha sonra həmin şəxsin aktiv koronavirus daşıyıcısı olub-olmaması yoxlanılır.
Metronun “Xətai” stansiyasında yoxlamaya məruz qalan vətəndaşla polis əməkdaşının mübahisə etdiyinin şahidi olduq. Polis özünü təqdim etmədən, saxlama səbəbini izah etmədən, sərnişindən şəxsiyyət vəsiqəsi tələb edirdi.
Vətəndaş bunun səbəbini soruşduqda isə ondan “de, görərsən” cavabını aldı. Mübahisə uzandı və nəticədə yoxlama məntəqəsində sıxlıq yarandı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu barədə “AzPolitika.info” nun sorğusuna cavab olaraq bildirdi ki, metroda kütləvi yoxlama aparılmır: "Seçmə üsulla, yaxud, daxil olmuş məlumat üzrə yoxlamalar həyata keçirilir".
Xatırladaq ki, əksər ölkələrdə koronavirusa yoluxmuş şəxsləri müəyyən etmək üçün, metroda, iri ticarət mərkələzində, dövlət qurumlarında və s. yerlərdə xüsusi termal kameralar quraşdırılıb. Onların vasitəsi ilə insanların bədən temperaturu məsafədən ölçülür. Qızdırması olan şəxs müəyyən edildikdə, onun keçidi əngəllənir, virusla bağlı analiz nümunələri götürülür. Azərbaycanda isə bu işi polis əməkdaşlarının ixtiyarına buraxılıb. Xatırladaq ki, metroya daxil olan zaman vətəndaşlardan COVİD-19 pasportu tələb olunmur.
Elvin Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər