“ƏN REALİST YANAŞMA TER-PETROSYANIN İDİ...” – “O, əmin idi ki, Qarabağın öz müqəddəratını təyin etməsi mümkünsüzdür”

3 il Ermənistanın xarici işlər nazirinin müavini, 1998-2008-ci illərdə isə XİN başçısı olan Vardan Oskanyan erməni mətbuatında Qarabağ danışıqlarının tarixi ilə bağlı maraqlı məqaləylə çıxış edib. 

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın ən tanınmış və təcrübəli diplomatlarından biri olan Oskanyan öz məqaləsində son 30 ilə yaxın müddətdə davam edən danışıqlarda Minsk Qrupunun hər zaman ermənilərin istəklərini nəzərə aldığını bildirib: “Ötən 25 ildə Minsk Qrupu münaqişənin həllilə bağlı 5 təkliflə çıxış edib. Bu təkliflərin hər biri, istisnasız olaraq, Ermənistanın həmin vaxtlardakı hakimiyyətlərinin Qarabağa dair prinsiplərini və siyasətlərini özündə əks etdirirdi.”

Oskanyanın bu fikri onu təsdiqləyir ki, Minsk Qrupu daim məhz Ermənistanın “nazı ilə oynayıb” və hər zaman öz təkliflərində İrəvanın tələblərini bütövlüklə nəzərə alaraq, onun mövqeyindən çıxış etməyə çalışıb, beləliklə də 44 günlük qanlı müharibənin Ermənistanla birlikdə 2 əsas səbəkarından biridir. Daha sonra sabiq XİN başçısı Ermənistan başçılarının ayrı-ayrılıqda münaqişənin həlli yollarına dair baxışlarını təhlil edərək, onların arasında ən realist mövqeyə Levon Ter-Petrosyanın malik olduğunu qeyd edib: “Levon Ter-Petrosyanın mövqeyi ölkənin o vaxtkı və gələcək potensialının ayıdın şəkildə qiymətləndirilməsi, realist yanaşma üzərində qurulmuşdu. Ter-Petrosyan əmin idi ki, “soyuq müharibə”dən sonrakı dünya düzəni elədir ki, Qarabağın Azərbaycandan kənarda tam öz müqəddəratını təyin etməsi mümkünsüzdür. 1997-ci ildə Minsk Qrupu bizə Ter-Petrosyanın məntiqini təsdiqləyən iki sənəd təqdim etdi. Birincisi, paket həll variantı idi ki, burada Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət nəzərdə tutulurdu. Bu layihə Ermənistan və Qarabağ tərəfindən tam inkar edildi. Bunun ardınca mərhələli həll variantı təklif olundu – status dəqiqləşdirilmədən ərazilərin qaytarılması.”

Oskanyan yazır ki, Ter-Petrosyan ikinci variantı əlacsızlıqdan da olsa, qismən məqbul sayırdı. Və məhz bu mövqeyi də onun hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri oldu.

10 il XİN başçısı olduğu Robert Koçaryan dövründən bəhs edən Oskanyan yazır ki, Koçaryan sərt praqmatik mövqeyilə seçilirdi: “Koçaryan əmin idi ki, ölkəni inkişaf etdirməklə, danışıqlar prosesində daha sərfəli mövqedən iştirak etmək olar. O, əsas geosiyasi oyunçuların əhvalını anladığı üçün qəti şərtlər irəli sürmürdü. Koçaryanın 10 illik prezidentliyi dövründə Minsk Qrupunun 3 təklifi olub. Onlardan Ki-Uest təklifində Qarabağ Ermənistanın yurisdiksiyasında göstərilirdi. Madrid prinsiplərinə görə isə Qarabağa keçici status verilir və gələcəkdə referendum keçirilməsi perspektivi tanınırdı.”

Serj Sarqsyana gəlincə, Oskanyan yazır ki, onun hakimiyyəti dövründə “Lavrov planı” istisna olmaqla, heç bir yeni təklif olmadı. Bu plan isə özlüyündə Madrid prinsiplərinin mərhələli variantından başqa bir şey deyildi.

Nəhayət, Nikol Paşinyan hökumətinin danışıqlar prosesindəki iştirakından danışan Oskanyan, Paşinyanı Qarabağ danışıqlarıyla bağlı özündən əvvəlki hakimiyyətlərlə məsləhətləşməməkdə günahlandırıb. Hazırda müxalifətdə təmsil olunan Oskanyan yazır ki, Paşinyanın Qarabağ siyasəti xaotik və qeyri-müəyyən olub. Onun “Qarabağ Ermənistandır” şüarı isə zərərli olmaqla, Azərbaycanın əlinə bəhanə verib.

Bütün bunlardan sonra hazırkı durumu ifadə edən Oskanyan yazır ki, Ermənistan müharibədən sonrakı reallıqları, mövcud status-kvonu nəzərə almaq məcburiyyətindədir. Minsk Qrupunun bundan sonrakı fəaliyyətinə gəlincə, sabiq XİN başçısı bunun problematik olduğunu yazır: “Status-kvonun kəskin şəkildə dəyişdiyi nəzərə alınsa, bərpa olunan danışıqların necə keçəcəyini təsəvvür etmək çətindir. Rusiyanın mövqeyinin gücləndiyi və Qarabağda öz sülhməramlılarını yerləşdirdiyi nəzərə alındıqda, çətin ki, həmsədr ölkələrin mövqeləri əvvəlki kimi bir-birilə uzlaşsın...”

Göründüyü kimi, uzun illərin diplomatı olan Oskanyan hər nə qədər günahı Paşinyanın üzərinə atmaq istəsə də, eyni zamanda vaxtında Ter-Petrosyanın mövqeyilə razılaşmağın daha doğru olduğuna işarə vurur. Lakin o da anlayır ki, artıq gecdir və danışıqlar formatından asılı olmayaraq, Ermənistanın Qarabağa dair iddialarını təzələməsinin heç bir perspektivi yoxdur.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar