Menu

Fransanın 3-cü vasitəçilik cəhdi…

27.10.2014, 15:24
Fransanın 3-cü vasitəçilik cəhdi…

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində təxminən 7 il davam edən təkbaşına vasitəçilik missiyası başa çatır.

Prosesə yenidən Fransa qoşulur. Azərbaycan və Ermənistan prezidentləri bu gün Parisdə görüşürlər. Bu, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində 3-cü vasitəçilik cəhdidir.

Azərbaycan və Ermənistan prezidentləri Parisdə birinci dəfə 2001-ci ildə bir araya gəlmişdilər. Fransa prezidenti Jak Şirak sülh sazişinin Parisdə imzalanacağına ümidli idi.

Bu məqsədlə rəsmi Paris sülh müqaviləsinin detallarını da hazırlamışdı. Ancaq həmin layihənin vacib detalları Azərbaycanın maraqlarına cavab vermirdi və buna görə də Parisdə saziş imzalanmadı.

İkinci dəfə Azərbaycan və Ermənistan prezidentləri 2006-cı ildə Paris yaxınlığındakı Rambuye qəsrində bir araya gəldilər. Jak Şirak yenə də ümidli idi. Fransa prezidenti Rambuyedə Dağlıq Qarabağ probleminin nizama salınmasının əsasının qoyulması istiqamətində real şansların olduğunu söyləmişdi. Ancaq onda da nəticə alınmadı. Rambuye görüşü Ermənistan prezidenti Robert Köçəryanın görüşü tez tərk etməsi ilə yadda qaldı. Demək Rambuyedəki danışıqlar da rəsmi Yerevanın maraqlarına cavab vermirdi.

Üçüncü dəfənin də Fransa üçün uğurlu olacağını proqnozlaşdırmaq çətindir. Çünki münaqişə tərəfləri arasında konseptual fərqlər ortadan qaldırılmayıb. Doğrudur, Fransa prezidenti Fransua Oland bu il həm Azərbaycanda, həm də Ermənistanda rəsmi səfərdə oldu və prezidentlər ona Parisdə görüşə hazır olduqlarını bildirdilər. Ancaq keçən bu müddət ərzində Azərbaycanın və Ermənistanın mövqeyində heç nə dəyişməyib.

Bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə səfər etdilər. Beynəlxalq vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşünə hazırlıq məsələsinə toxundular. Həmsədrlər Bakı və Yerevanda keçirdikləri görüşlərin ardından ümidverici bir açıqlama vermədilər.

Əksinə, son günlər cəbhə bölgəsində atəşkəsin pozulması halları yenidən intensivləşib. Halbuki son iki ayda nisbi sakitlik hökm sürürdü. Hər zaman prezidentlərin görüşü ərəfəsində cəbhə bölgəsində atəşkəsin pozulması halları baş verir. Bu, taktiki xarakter daşıyır. Məqsəd gələcək görüşdə daha üstün mövqeyə sahib olmaqdır.

Rəsmi Bakının Paris görüşü ərəfəsində beynəlxalq aləmə göndərdiyi əsas mesaj bundan ibarətdir ki, Ermənistan torpaqları azad etməsə, Cənubi Qafqaz bölgəsində müharibə ehtimalı azalmayacaq. Təsadüfi deyil ki, keçən həftə Azərbaycan ordusunun cəbhə bölgəsinə yaxın hissələrində döyüş hazırlığı yoxlanıb.

Ermənistan atəşkəsi pozmaqla Azərbaycana göstərmək istəyir ki, ordusunun müdafiə qabiliyyəti yüksəkdir və danışıqlarda güzəştə getməyəcək. Ona görə də belə bir gərginlik şəraitində Paris görüşü uğurla nəticələnə bilməz.

Bəs görəsən, Fransa Xarici İşlər Nazirliyi Paris görüşü üçün hansı yeniliklər hazırlayır?

Fransa prezidenti Fransua Oland Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni mərhələnin başlanğıcını qoymaq istəyir. Məsələn, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yenidən bir fikrini təkrarlayaraq böyük sülh sazişinin mətni üzərində fəaliyyətə başlamağın vacibliyini vurğulamışdı. Parisin bu təklifə münasibəti məlum deyil. Ancaq Fransa XİN Parisdə prezidentlər arasında ümumi söhbətin deyil, konkret maddələrin üzərində fikir mübadiləsinin aparılmasında maraqlıdır. Buna görə də istisna deyil ki, Parisdə prezidentlər razılaşdırılmayan bəndlər üzərində fikir mübadiləsini genişləndirsinlər. Fransa XİN-in vəzifəsi isə həmin bəndlər üzərində prezidentləri ortaq məxrəcə gətirməyə çalışmaqdır. Paris görüşünün yekunu olaraq optimist bəyanatın verilməsi də mümkündür. Yəni ən azı tərəflər münaqişənin həllində güc yolundan istifadə etməyəcəklərini bir daha bəyan edə bilərlər.

Ən çətin maddə referendumla bağlıdır. Prinsipcə, rəsmi Yerevan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa etiraz etmir. Ancaq bunun üçün referendum tarixinin müəyyənləşməsini istəyir. Rəsmi Bakı da Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək maddənin əleyhinə deyil, ancaq bu müzakirələri rayonların boşaldılmasından və qaçqınların geri qayıtmasından sonra mümkün sayır. Tərəflər bu ziddiyyəti ortadan qaldırmağa hələ hazır deyillər.

“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol