PAŞİNYAN-OMBUDSMAN SAVAŞININ GÖZLƏNİLƏN SONU – Azərbaycan əleyhinə iftiralar yağdıran Tatoyan işdən qovulur

İstər 44 günlük müharibədən əvvəlki, istərsə də müharibə və ondan sonrakı dövrdə Azərbaycanın ünvanına səsləndirdiyi iftiraları və beynəlxalq təşkilatlara göndərdiyi saxta şikayətlərilə xüsusi seçilən Ermənistan ombudsmanı Arman Tatoyan bir neçə aydan sonra vəzifəsilə vidalaşmalı olacaq. Artıq Ermənistan Təhlükəsizlik Şurasının(TŞ) katibi Armen Qriqoryan tezliklə ermənilərin yeni ombudsmanının olacağına dair “müjdə verib”.

Qriqoryan deyib ki, Tatoyanın səlahiyyət müddəti bir neçə aydan sonra bitir və hakimiyyət onun bu vəzifəyə namizədliyini təkrarən irəli sürmək fikrində deyil: “Ombudsman qərəzsiz deyil, onun səlahiyyət müddəti başa çatır və hökumət İnsan Haqları Müvəkkili postuna yeni namizədini irəli sürəcək.”

Qriqoryan əlavə edib ki, 2018-ci ildən, yəni inqilab baş verəndən sonra bütün qurum və təşkilatlar obyektiv, qərəzsiz çalışmağa başlamalı idilər. Lakin Konstitusiya Məhkəməsi də daxil olmaqla, onların bir çoxu “əksinqilab fəaliyyətilə” məşğul oldular. Eyni məsələ ombudsmana da aiddir və TŞ katibi hesab edir ki, Ermənistanın ombudsmanı obyektivlikdən uzaqdır və siyasi bəyanatlarla çıxış edir.

Göründüyü kimi, Arman Tatoyanın, yumşaq desək, obyektivlikdən uzaq və qərəzli olduğunu təkcə Azərbaycan tərəfi deyil, Ermənistan hakimiyyəti də bəyan edir. Əslində, erməni hökumətinin bu mövqeyi erməni ombudsmanın şikayətlərinin qərəzli və saxta olmasıyla bağlı Azərbaycan tərəfinin beynəlxalq qurumlara müraciətlərinin əsaslı olduğunu təsdiqləyir. Buna görə də Ermənistan TŞ katibinin Tatoyanla bağlı dediklərinə bu ölkənin Ombudsman Aparatı sərt reaksiya verib. Tatoyan özü son “feysbuk” paylaşımında yazıb ki, hakimiyyətin ona olan bu münasibəti onun beynəlxalq qurumlara ünvanladığı Azərbaycana dair şikayətlərinin obyektivliyini şübhə altına alır, onları dəyərsizləşdirir və bu, Ermənistanın maraqlarına uyğun deyil.

Əslində, Tatoyanla Paşinyan hökuməti arasındakı qarşıdurma daha dərinə gedib çıxır və Paşinyan hakimiyyətə gələndən bəri davam edir. Son olaraq, Tatoyanın Azərbaycan Ordusunun Göyçə istiqamətindəki yeni yüksəkliklərdə möhkəmlənməsi, oraya yol çəkməsi, qış üçün odun tədarükü görməsi, həmin yüksəkliklərdə hərbçilərimizin sayını artırması və sərhəd ərazisindəki ermənilərin həyatına böyük təhlükə yaratmasıyla bağlı yayımladığı məlumatlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən etirazla qarşılanıb. Nazirlik bəyan edib ki, ombudsmanın bir çox iddiaları həqiqətə uyğun deyil və gerçəkliyi əks etdirmir. Bu isə Tatoyanın gecə-gündüz həyasızcasına bağıraraq, guya Azərbaycan əsgərlərinin erməni ərazilərini işğal etdiyinə, ermənilərin dinc yaşayışına imkan vermədiyinə, erməni “tarixi abidələrini” məhv etdiyinə və s. dair beynəlxalq qurumlara göndərdiyi müraciətlərin Ermənistanın özü tərəfindən şübhə altına alınmasıdır və ombudsmanın “zəhmətinin” yerə vurulmasıdır. Məlumat üçün onu da əlavə edək ki, hələ cari ilin əvvəlində, növbədənkənar parlament seçkisindən öncə hökumət Tatoyanı qərəzli olmaqda günahlandırmışdı, həmçinin Ombudsman Aparatına maliyyə ayırmalarını kəskin şəkildə azaltmaq barədə qərar vermişdi. Baxmayaraq ki, xüsusi həyasızlığı ilə seçilən Tatoyan seçki öncəsi Paşinyana qarşı təbliğatla məşğul olaraq, ona əlavə problemlər yaratmaq imkanına malik idi. Belə də oldu, Tatoyan hakim partiyanın məğlub olması üçün əlindən gələni etdi, lakin Paşinyan geri durmadı və seçkidən sonra da Tatoyanı “əzməkdə” davam etdi. Ombudsmanın birbaşa baş nazirə ünvanladığı tənqidlərə isə Paşinyan demək olar ki, əhəmiyyət və cavab vermədi. Əvəzində, hakim qüvvənin nümayəndələri hər imkan düşəndə Tatoyanı populizmdə, yalançılıqda və saxtakarlıqda, eləcə də tutduğu vəzifənin tələblərinə riayət etməyərək, siyasi çıxışlar etməkdə qınadılar. Ancaq bütün bunlar, yəni Tatoyanın qərəzli, qeyri-obyektiv olmasının və onun namizədliyinin növbəti dəfə irəli sürülməyəcəyinin hakimiyyət tərəfindən bəyan edilməsi həm də Ermənistandakı daxili siyasi mübarizədə Paşinyanın öz rəqiblərinə vurduğu zərbə hesab oluna bilər. Belə ki, iyunun 20-də baş tutan növbədənkənar seçkidən öncə keçirilən sorğular Tatoyanın öz populist çıxışları sayəsində xeyli reytinq toplaya bildiyi və bəzi sorğularda hətta Paşinyanı üstələdiyi məlum oldu. Odur ki, bu gün Tatoyanın yola salınmasına hazırlıq getdiyinə, eləcə də onun qərəzli, saxtakar biri olduğuna dair hakimiyyət təmsilçiləri tərəfindən verilən bəyanatlar Tatoyanın bir siyasi rəqib kimi “vurulmasına” da xidmət etmiş olur.

Ermənistandakı əksər siyasi təhlilçilər Paşinyan hökumətinin ombudsmanla bağlı siyasətinin təsadüfi olmadığı və Tatoyanın populistliyi barədə fikirləri bölüşürlər. Çoxları güman edir ki, onsuz da ombudsman olmasına baxmayaraq, özünü siyasətçi kimi aparan və hakimiyyətin sərt tənqidçisinə çevrilən Tatoyan vəzifəsindən gedər-getməz siyasi müxalifətə qoşulacaq. Onun müstəqil şəkildə, yoxsa mövcud müxalif siyasi qüvvələrdən birinin tərkibində “savaşacağı” bilinmir. Lakin istənilən halda Tatoyanın qatı millətçi və revanşistlərlə eyni sırada duracağı az şübhə doğurur. Bu isə o deməkdir ki, koçaryanların, sarqsyanların sırasına daha bir saxtakar və yaramaz qoşulacaq. Ancaq istənilən halda, o da digərləri kimi artıq Azərbaycanın qarşısında “atlanıb-düşməyin” mənasız olduğunu anlamamış deyil, onun qoşulacağı siyasi mübarizəninsə məqsədi erməniləri “xilas etmək” yox, digərləri kimi sadəcə, hakimiyyətə yiyələnib, onun verdiyi imkanlardan bəhrələnmək olacaq.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-10-22 18:55:06

Bunların özlerini bele heyasız aparması “dallarında”duranlara -xaricde bunlara destek berenlere arxayın olmalarıdır be bu mövqe bizim xeyrimizedir.Çünki dünyada bu ermeniler netseler de artuq onların maskası cırılıb.Azerbaycan dövlet qurumları da ele bele oturmayıblat ,ciddi informasiya müharibesinde çox fesl iştirsk edir o cümleden bütün meseleler Beynelxalq teşkilatlar ve Mehkemeler qarşısında lazımı meseleler qaldırılır.Tak çto ermenilerin işi qslıb Allaha .Ne qedre isteyirler hürdünler Haqq blzim terefdedir ve gec rez bütün meselelerin hellinde Azerbaycan Qalib çıxacaq İnşaallah.

Son yazılar