Menu

Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı açılmır - Texniki problem, yoxsa?...

25.10.2021, 17:17
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı açılmır - Texniki problem, yoxsa?...

2020-ci il martın 19-da Prezidentin pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı verdiyi fərmanın əsasında, Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytına (covid19fund.gov.az) daxil olmaq mümkün deyil.

Xatırladaq ki, Fond pandemiyaya qarşı mübarizəyə ictimaiyyətin maliyyə dəstəyini təmin etmək məqsədi ilə təsis edilib. Həmin ilin martın 24-dən Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytın idarəetməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilib.

4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edib. Sonrakı aylarda bu vəsaitin ümumi miqdarı 120 milyon manatdan çox olub.

Vəsaitlərin 20 milyon manatı dövlət büdcəsindən, qalan hissəsi isə hüquqi və fiziki şəxslərin verdikləri ianələr hesabına formalaşıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da illik maaşlarını koronavirusla mübarizəyə bağışlayıblar. Hökumət pandemiya ilində əhalinin sağlamlığının qorunmasına, sahibkarlığın, biznesin dəstəklənməsinə 3.5 milyard manat xərclədiyini bəyan edib.

Hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Fonda toplanan ianələrin böyük hissəsi vaksin alınmasına xərclənib.

Qeyd edək ki, Azərbaycanda istifadə olunan vaksinlər pulsuzdur, bütün xərclər dövlət tərəfindən qaşılanır.

Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Məmmədov Fondun rəsmi saytının işləməməsi ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, məsələni araşdıracaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol