AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri” adlı iki günlük beynəlxalq konfrans keçirilib.
"AzPolitika.info" xəbər verir ki, konfransda Azərbaycanın, o cümlədən Polşa, Almaniya, Rusiya, ABŞ, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.
Konfransı açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür: "Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi respublikamızda böyük addımlar atılıb, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib".
Akademik “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini və eyni zamanda yeni bir dəhlizin – rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını vurğulayıb.
O qeyd edib ki, konfransın əsas məqsədi nəqliyyat dəhlizləri üzərində olan logistika, istismar, idarəetmə istiqamətlərində ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır.

Konfransda çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir. Nazir müavini nəqliyyat infrastrukturundan bəhs edərək, ölkəmiz tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. O, yaxın illərdə layihələr üzrə nəzərdə tutulan hədəflərə nail olunacağına əminliyini ifadə edib, həmçinin Şərq-Qərb dəhlizinin potensialından istifadə ilə bağlı statistik göstəricilər, digər ölkələrlə əməkdaşlıq, qeyri-fiziki maneələr, mövcud tariflər, rəqabət kimi problemlərdən danışıb, konfransın bu problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.
R.Hümmətov sadalanan problemlərin həlli üçün Azərbaycanın dəhliz üzrə tərəfdaşlarına birgə logistik şirkətin yaradılmasını təklif edib. O, mövcud çatışmazlıqların aradan qaldırılmasına müsbət təsir göstərəcək nüansları qeyd edərək bildirib ki, təklif olunan şirkət yaranacağı təqdirdə, əməliyyatların idarəsi həyata keçiriləcək və müvafiq problemlər həll olunacaq.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev isə deyib ki, müasir dövrdə dünyada gedən proseslər, ölkəmizdə yaranan yeni reallıqlar nəqliyyat probleminə akademik səviyyədə yanaşmağı tələb edir. O, bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə bu problemlərə alimlərin cəlb olunması, müxtəlif institutların, o cümlədən İSİ-nin fəaliyyəti, ali təhsil müəssisələri ilə əməkdaşlıqlar təqdirəlayiqdir. Akademik, həmçinin müasir tələblərə uyğun nəqliyyat infrastrukturunun yaranmasından, ölkədə bu istiqamətdə görülən işlərdən, Qarabağda aparılan yenidənqurma layihələrindən söz açıb, bu baxımdan keçirilən konfransın önəminə toxunub.
Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Silesia Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski, ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzetdin Adamov konfransda çıxış edərək fikirlərini bölüşüb və təkliflərini açıqlayıblar.
"AzPolitika.info"


Şərhlər