“Bizdə olduğu kimi, Ukraynanın separatçı Donbass problemi ilə bağlı “Minsk formatı” mövcuddur. Ancaq yenə də bizim nümunəmizdə olduğu kimi, bu, mənasız formatdır, Ukrayna torpaqlarının işğalını uzadır”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynanın separatçı bölgələrində vəziyyətin gərginləşməsini şərh edərkən bildirib. Ekspert xatırladır ki, Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi, ancaq sonda anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək. “Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub”, - şərhçi əlavə edib.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb: “Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsiylə bölüşürdü. Ukraynanı isə sözdə dəstəkləyənlər olsa da, əməldə Qərbdən Kiyevə real dəstək azdır. Tam əksinə, Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, “sən niyə separatçılara qarşı “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə etmisən?”. Bu açıqlama ilə Paris və Berlin Moskvanın çörəyinə yağ sürtüblər. O biri tərəfdən bu iki paytaxtı Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukraynaya çətin olacaq, ancaq boş danışıqdansa Ukraynanın Azərbaycan kimi irəli getməkdən başqa alternativi yoxdur”.
“AzPolitika.info”


Şərhlər
Allah quvvət versin.