“İQTİDARIN MÜXALİFƏTƏ MÜNASİBƏTİ DƏYİŞİB...” – “Ayrıseçkilik salan bu iki partiyanın rəhbərliyidir”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün “525-ci qəzet”ə müsahibəsini təqdim edirik:

- Elxan bəy, iki ilə yaxındır ki, iqtidarla siyasi partiyalar arasında dialoq prosesi başlayıb. Sizcə, bu dialoqun aparılması nəyə görə vacibdir? 

- Siyasi münasibətlərdə qarşı duran tərəflər arasında istənilən bir problemin həllinin ən yaxşı, ən ağrısız yolu eyni masa ətrafında əyləşib, müzakirəyə başlamaqdan keçir. Çünki bu müzakirələr zamanı həm tərəflər bir-birini daha yaxından tanımaq, bir-birinin mövqelərini, arqumentlərini daha detallı şəkildə öyrənmək fürsəti əldə edirlər, həm də problemlərin həllinin ən optimal yolunun nədən ibarət olduğunu birgə tapmaq və gələcək addımlarını müəyyənləşdirmək imkanı qazanırlar. Bu baxımdan, iqtidarın özünə müxalif saydığı partiyalarla dialoqa getməsi olduqca vacib addımdır və deyim ki, bizim partiya özü də həmişə bu təşəbbüslə çıxış edib. Partiyamızın sədri İlyas İsmayılovun "Hüquqi dövlət: mülahizələr və təkliflər" və "Siyasət xalqın taleyidir" kitablarında, eləcə də əksər çıxışlarında iqtidarla müxalifətin eyni masa ətrafında əyləşərək, ölkənin problemlərinin birgə müzakirəsinin təşkili atılması mütləq vacib addımlardan biri kimi qiymətləndirilib. Ona görə də iki il əvvəl Prezident Administrasiyasının tamamilə yeni insanlardan təşkil olunmuş aidiyyəti qurumunun - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin başlatdığı dialoq prosesinə ilk gündən müsbət yanaşan, o prosesdə səmimiyyətlə iştirak edən partiyalardan biri biz olmuşuq.

- Deyə bilərsinizmi, ötən iki il ərzində dialoq çərçivəsində nələrə nail olundu? Gözləntiləriniz özünü doğrultdumu? Ümumiyyətlə, bu dialoq prosesinin gələcəyini necə görürsünüz, bu, nə vaxta kimi davam edəcək?

- Hər şeydən əvvəl, müxalifətə münasibətin aşkar dəyişdiyini görürük. Açıq deyək: Prezident Administrasiyasında siyasi sahəyə cavabdeh əvvəlki adamlar bizdən - müxalifət təmsilçilərinin əksəriyyətindən həm cəmiyyətdə, həm də elə Prezidentin gözündə qəsdən, öz maraqları naminə bir düşmən obrazı yaratmışdılar. Elə qələmə verir və elə təəssürat formalaşdırmışdılar ki, sanki ölkədə hər şey əladır, olan problemlərin baiskarları da elə müxalifətdəkilərdir və onlar da ya düşmənçilik, ya qərəz hissiylə danışırlar. Ancaq indi həm yeni şöbənin rəhbəri, professor Ədalət Vəliyevin özü, həm də əsasən heç bir çirkaba bulaşmamış hazırlıqlı gənclərdən ibarət əməkdaşları müxalif partiyalarla çox yaxşı, səmimi və operativ əlaqə qurublar, partiya rəhbərləriylə davamlı görüşür, ölkənin problemlərinin həllinə dair baxış və fikirlərini öyrənir, onu da ölkə rəhbərliyinə çatdırırlar. Bu söhbətlərdə, hər şeydən əvvəl, görürlər ki, biz düşmən deyilmişik, əksinə, səlahiyyətlərindən sui-istifadə edərək ölkəni çapıb-talamış, öz qabiliyyətsiz qohum-əqrabalarını məsul dövlət vəzifələrinə soxuşdurmuş bir çox məmurlardan daha vətənpərvər, xalqa daha çox fayda verə biləcək insanlarıq. Haqlı tənqid və iradlarımızı da qəbul edirlər, haqsız olduğumuz məsələlərə də səbirlə aydınlıq gətirir, məsuliyyət hissiylə izah edirlər. Əvvəlkilər belə deyildilər axı, çəkib özlərini dağ başına qoymuşdular, təkəbbürləri yerə-göyə sığmırdı...

Təbii ki, hazırkı xoş münasibətlər uzun müddət bir-birinə kin, nifrət və qəzəb hissləri üzərində köklənmiş iki rəqib düşərgənin adamları arasındakı o soyuq buzları əridir, onları yaxınlaşdırır və ölkənin əsas problemlərinin birgə həllinə səfərbər edir. Məsələn, məhz bu dəyişən münasibətin nəticəsi olaraq, qeydiyyata alınmayan partiyalar qeydiyyata alındılar, bəziləri ofislə təmin edildilər, uzun müddət efirlərə buraxılmayan partiya rəhbərlərinə qadağalar götürüldü, ən əsası, xüsusən 44 günlük Vətən müharibəsi zamanı iqtidarın və müxalifətin vahid mövqeyinin ifadə olunduğu sənədlər qəbul edildi, bütün dünyaya birgəlik mesajları verildi, daxildə siyasi təfriqə və çaxnaşma salınmasına imkan verilmədi. Şübhəsiz ki, bütün bunlar gələcəkdə atılacaq daha ciddi siyasi addımların sağlam bünövrəsi, təməlidir və başlanmış bu dialoq prosesinin yarımçıq saxlanılmayacağına, uğurla yeni mərhələyə keçiriləcəyinə də ümidləri xeyli artırır.

- Əvvəllər də dialoq adına bir proses aparılıb. Sizin partiya da o prosesdə iştirak edib. Həmin dialoqun vasitəçiləri isə xaricilər olub - ATƏT, Avropa Şurası, ABŞ səfirliyi və s. Müqayisə etsək, indiki prosesi fərqli edən nədir?

- Fərq çox böyükdür. Əvvəla, hər iki tərəf utanmalı idi ki, onlar arasındakı dialoqu xaricilər gəlib təşkil edirdilər. Məgər, bir millətin övladları, başbilənləri bir araya gələ bilmir ki, xaricilər gəlib, onlara görüş təşkil edir? Guya, onların bizə ürəyi yanır, problemlərimizin həllini istəyirdilər? Yox, heç vaxt! O görüşü təşkil edən dövlətlərin səfirlikləri və beynəlxalq təşkilatlar heç vaxt istəməyiblər ki, Azərbaycan iqtidarıyla müxalifəti arasında normal münasibətlər qurulsun, o səbəbdən bu proses səmimi aparılmayıb və heç vaxt da uğurlu olmayıb. Əksinə, həmişə çalışıblar ki, cəmiyyət siyasi baxımdan bölünsün, siyasi qüvvələr arasında düşmənçilik münasibətləri hökm sürsün və buna da məharətlə nail olublar. Çünki belə olanda onlar çox rahatlıqla həm ölkə haqda müfəssəl məlumat əldə edir, həm də özlərinə siyasi şəbəkə qurur və onların əliylə hakimiyyətə təzyiq edir, istədiklərini qopara bilirlər. ABŞ səfirliyinin öz "müxalifət siyahısı" vardı və yalnız onlarla görüşlər keçirir, cəmiyyətə də o fikri aşılayırdılar ki, elə yalnız bunlardır gerçək müxalifət. Orada iştirak edən partiyalar da sonra bu siyahını əsas götürüb, "Qərb səfirlikləri, beynəlxalq təşkilatlar bizi tanıyır, bizik müxalifət" arqumentiylə müxalif düşərgədə bölücülük aparırdılar. Baxın, elə həmin partiyalardır ki, cəmiyyətdəki siyasi bölücülük və düşmənçilik qalsın deyə, hakimiyyətin özünün təşkil etdiyi dialoq prosesindən müxtəlif bəhanələrlə yayınırlar...

- Dialoqa qatılmayan AXCP və Müsavatı nəzərdə tutursunuz? Onlar deyir ki, hakimiyyət hər iki partiyaya qarşı ayrı-seçkiliyə yol verib. Sizcə, əsaslıdırmı onların arqumentləri?

- Bəli, AXCP və Müsavatı nəzərdə tuturam. Əslində, Müsavat dialoqa meyillidir, ancaq o da AXCP-nin girovuna çevrilib. Fikirləşir ki, dialoqa qatılan kimi, AXCP onu da "satqın" elan edib, "müxalifətçilik"dən çıxaracaq.

Onu dəqiq bilin ki, indi ayrı-seçkiliyi hakimiyyət yox, öz əsassız iddiaları və yersiz hikkələriylə, müxtəlif bəhanələrlə məhz bu iki partiyanın rəhbərliyi salır. Onlar hazırda özünü hamıdan üstün və fərqli tutmağa, hamıdan ağıllı və mübariz görünməyə çalışır, özlərinə əlahiddə münasibət tələb edirlər ki, bu da ironiya doğurur. Məsələn, bircə anlıq düşünün: onların bu dialoq prosesində iştirak edən partiyalardan və onların liderlərindən - İlyas İsmayılovdan, Rəsul Quliyevdən, Sülhəddin Əkbərdən, Mirmahmud Fəttayevdən, Sərdar Cəlaloğludan, İqbal Ağazadədən, Sabir Rüstəmxanlıdan, Qulamhüseyn Əlibəylidən, Qüdrət Həsənquliyevdən, Fazil Mustafadan, Əli Əliyevdən nələri artıqdır ki? Yalnız xaricdə əyləşdirdikləri trollarımı?! Yetişən yeni gənclik yaxın keçmişdən məlumatsız ola, kimlərisə tanımaya bilər, biz ki, hamısını yaxşı tanıyırıq. Məgər bütün müxalifəti illərdir birləşməyə qoymayan, birgə mübarizənin təşkilinə əngəl törədən, sonda da indiki zəif halına salan bu iki partiyanın - AXCP və Müsavatın rəhbərliyi olmayıbmı? Danılmaz faktdır ki, 1998-ci ildən 2013-cü ilədək ölkədə keçirilən bütün prezident və parlament seçkiləri öncəsi yaranmış müxalifət birlikləri, ittifaqları sonda məhz AXCP ilə Müsavatın süni konflikti və oyunbazlığı səbəbindən dağılıb! Bu iki partiya hakimiyyətdən daha çox, müxalifətin birincisi olmaq uğrunda bir-birinə qarşı mübarizə aparıblar və bu mübarizə indi də davam edir. Buna görə də özünə hörmət qoyan heç bir partiya daha onlara etibar etmir, onlarla əməkdaşlığa və ittifaqa maraq göstərmir. İndi də hər ikisi zəifləyib elə hala düşüblər ki, bütün ümidlərini yalnız xarici dəstəyə bağlayıblar və xarici təsir fəaliyyətlərində getdikcə daha qabarıq nəzərə çarpır.

Əgər müstəqil şəkildə qərar verib hakimiyyətlə dialoqa gedərlərsə, indiyədək onları himayə etmiş xaricilərin dəstəyindən məhrum olacaqlarından qorxurlar. Təkrar edirəm: bu gün ölkədə siyasi barış mühitinin olmasını istəməyən yalnız xaricilər, xüsusən də Qərb ölkələridir! Çünki siyasi barış olarsa, onlar hakimiyyətə əsas təzyiq imkanlarını itirəcəklər! Ona görə də öz şəbəkələrini hakimiyyətlə barışığa qoymurlar!

- Yeri gəlmişkən, əsasən AXCP və Müsavat rəhbərliyinə daxil olan şəxslər tərəfindən "avtobus müxalifəti" yarlığıyla tənqid olunan partiya rəhbərlərinin Ağdam və Şuşaya təşkil edilən səfərlərində, nədənsə, "Ədalət" lideri İlyas müəllimi görmədik...

- Yox, burada qaranlıq nəsə axtarmağa ehtiyac yoxdur. Sadəcə, məsafə uzaq olduğundan, İlyas müəllimin yaşını və səhhətini nəzərə aldıq. İlyas müəllimin istəyinə uyğun olaraq da hər iki səfərdə partiyamızı mən təmsil etdim və bu missiyanın məhz mənə həvalə edilməsindən də çox şadam. Çünki illəriydi ki, mən o yerlərə döyüşçü kimi getməyi, orada ya şəhid, ya qazi olmağı arzulayanlardan idim, ancaq bizdən daha cəsur və hazırlıqlı övladlarımız, qardaşlarımız, peşəkar hərbçilərimiz bu işi bizə - siyasətçilərə saxlamadılar. İndi biz siyasətçilərin də üzərinə düşən odur ki, bu cəsur igidlərimizin öz qanları və canları ilə qazandıqları qələbəni bütün müstəvilərdə qoruyub saxlayaq, ona kölgə, ləkə düşürməyək.

O torpaqların hansı qeyrət və şücaət hissiylə azad edildiyini, o qələbənin hansı zəhmətlər hesabına qazanıldığını və ona ləkə düşürülməməsinin gərəkliyini hər adam anlaya bilməz. Çünki bu bir şərəf, ləyaqət və qürur məsələsidir! Elə işğaldan azad olunmuş torpaqlarımıza təşkil edilən bu səfərləri, ziyarəti də yalnız bu anlayışlardan və hisslərdən xəbərsiz, siyasi baxımdan yetkin olmayan adamlar ələ sala, təhqir edə bilərlər. Bu cür adamlar heç vaxt dərk edə bilməzlər ki, belə səfərlər zamanı gördüyümüz o dağılmış, viran edilmiş, talan edilmiş yurdlarımız bizdə milli birliyin və siyasi həmrəyliyin nə dərəcədə zəruri olduğunu hansı miqyasda anladır. Şəxsən mənim üçün o viran edilmiş hər rayonumuz, şəhərimiz, kəndimiz həm də milli və siyasi həmrəylik hissini itirdiyimiz, siyasi maraqlara görə parçalanıb didişdiyimiz, torpaq yox, kreslo uğrunda savaşdığımız dövrlərin acı xatirəsi, nişanəsidir.

635x100

Şərhlər

miri 2021-11-04 09:10:03

Dünyada ideal nəyinsə olması mümkünsüz. Odur hər bir şeyde tənqid yeri tapmaq olar. Amma yaltaqlıq iücün yaranmışların haqqı tapmasına və bu əməl ilə böyük uğura csta bilməsəndə adlı başında(cibində yox) olan kimsə inanmaz.

Mən azəri 2021-11-04 08:50:41

Bu elə işğaldan 44 günlük VƏTƏN MÜLAFİƏSİndən öncə başlanmış(hələlik tam azadlıq yoxdur) yaxşı mütənasiblik və milli birlikdi! İndi qalır, hər partiyadan 3-5 nəfərin bərabər söz imkanı ilə toplantısı ki, gələn ilin büdcəsi və bütün işləri MÜZAKİRƏ edilsin!

SAVALAN 2021-11-03 21:41:42

AXCP və Musavat heç də ideal partiyalar sayılmır. Lakin bu günədək ....susmadıqları onları sizin kimi üzüyola müxalifətdən fərqləndirir. Bu yol çox çətin yoldur,sona seçilmişlər qalır.

turan 2021-11-03 20:02:59

oiki partiya müxalifətdirsə onda mən balet oynayanam. bizdə müxalifət olmasa hər şey yaxşı olar. onlar ara qarışdırandılar

Seçici 2021-11-03 17:47:37

nSizin dediyinizdən belə çıxır ki müxalifət sözəbaxan olmalıdır. O da məmurlar deputatlar kimi ciblərinə işləməlidir.

Veten dashi 2021-11-03 16:54:27

Siz qeyri radikal müxalifət partiyaları məsələn cəmiyyətin ağrılı yeri olan uşaq pulu məsələsi ilə bağlı tək-tək cəsarət etməsəniz də, toplu şəkildə İqtidara müraciət ünvanlaya bilmirsizmi ,demirsiz ki ay İqtidar bu ölkənin sərvətin ayrı-ayrı məmurlara yem edincə bu xalqin övladlarına hec olmasa xərcləyin.

Son yazılar