Menu

Daha bir rayonunda nodulyar dermatit xəstəliyi yayılıb

28.10.2014, 10:51
Daha bir rayonunda nodulyar dermatit xəstəliyi yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Sialə Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları Saatlı rayonunun Seyidlər kəndindəki təsərrüfatlarda nodulyar dermatit virus xəstəliyinə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçiriblər.

DBNX-nin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, ilkin baxışdan sonra S.Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə bildirilib ki, rayonun baytarlıq nəzarəti xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Təsərrüfatlarda dezinfeksiya, dezinseksiya aparılıb, xəstə heyvanlarda simptomatik müalicə tədbirləri həyata keçirilib. Təəssüflə qeyd olunub ki, aparılan çoxşaxəli tədbirlərə baxmayaraq heyvanlar arasında tələfat qeydə alınıb. Xəstəliyin dəri formasından ağciyər formasına keçməsi baytarlıq mütəxəssislərini daha gərgin işləməyə sövq edib. Havaların nisbətən soyuması və aparılan tədbirlər nəticəsində xəstəliyin dinamikasında kəskin enmələr müşahidə olunur. Nodulyar dermatit virus xəstəliyinə qarşı bütün imkanlardan istifadə edilməklə ciddi mübarizə aparılır.

Görüşdən sonra S.Rüstəmova yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Saatlı rayonuna, eləcə də xəstəlik qeydə alınan digər rayonlara kifayət qədər dərman preparatları göndərilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol