Dünyanı yenidən nizamlayan ZƏFƏR

Mürvət Həsənli,
İş adamı

Millətləri millət edən, dünya xalqları arasında başını dik tutub gəzməyə həvəsləndirən əsas amillərdən biri Zəfər bayramlarıdır. Tarixində zəfər günləri olmayan xalqlar günü-gündən zəifləyər və aşağılıq kompleksi içərisində yox olub gedərlər. Bu mənada, düşmənə qarşı qazanılan zəfərlərin nəticələrini yalnız indiki zamanda əldə edilən nailiyyətlərlə məhdudlaşdırmaq olmaz. Qələbələr qazanıldığı ilk günlərdə xalqlara öz namusunu, torpağını qorumaq fürsəti bəxş etdiyi kimi, gələcəkdə də mövcudiyyətlərini mühafizə etmək və beynəlxalq arenalarda qürurla təmsil olunmaq haqqı verir. Öz çəkindirmə gücünü tarixi zəfərlərlə taclandıran xalqlar bu yolla sözlərinin qüdrətini, təsir gücünü artırar və daha müstəqil, başqalarının diktəsindən uzaq yaşamaq haqqı qazanarlar.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbəyə də məhz bu kontekstdən baxanda, onun həqiqi mahiyyətini anlaya bilərik. Bu zəfər bizə təkcə ərazi bütövlüyümüzü, öz ərazilərimizdə suverenlik haqlarımızı qaytarmadı. Həm də, indiki və gələcək nəsillərimizə başqalarının yanında gözükölgəli gəzməmək imkanı qazandırdı. Sözsüz ki, bütün bunlar Azərbaycan oğullarının canı-qanı bahasına baş verdi. Bu Zəfər günündə 3 minə qədər şəhidimizi, minlərlə əlil və qazilərimizi yad etməmək insafsızlıq olardı. Böyük Türk şairi Mehmet Akif Ersoy Vətən uğrunda canını, qanını fəda edərək ölkələri vətənləşdirən oğulları bu sözlərlə vəsf edir:

“Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq - əgər uğrunda ölən varsa
– Vətəndir!”

Bəli, Azərbaycan da məhz qəhrəman şəhidlərimizin qanı hesabına vətənləşib və biz bu torpaq üzərində ata bildiyimiz hər addıma, aldığımız hər qurtum nəfəsə, içdiyimiz hər damla suya görə göydə Allaha, yerdə şəhidlərimizin fədakarlığına minnətdar olmalıyıq.


30 il əvvəl torpaqlarımızı işğal edərək 10 minlərlə insanımızı qətlə yetirmiş, minlərlə vətəndaşımızı əsir almış, 100 minlərlə Azərbaycan türkünü yurdundan-yuvasından didərgin salmış düşmən qarşısında əldə olunan bu zəfər Azərbaycan iqtisadiyyatına da böyük nailiyyətlər qazandıracaq. Hazırda həmin ərazilərdə qurulan “ağıllı” kəndlər və şəhərlər də bu hədəfə qulluq edir. 5-ci nəsil texnologiyalarla qurulacaq bu yaşayış massivləri öz sahəsində dünya ilkləri olmaqla ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Nədən ki, bütün nailiyyətlər mütləq mənada ilklərdən başlayır və ilk addımı atan xalqlar zamanla onu təkmilləşdirərək elmi-tərəqqi inkişafda başqalarından öndə olmağı qoruya bilirlər. Bu gün dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ, İngiltərə, Almaniya kimi dövlətlər elmi-texniki kəşflərdəki ilklərə borcludurlar. Yeniləşən dünyamızda Dağlıq Qarabağda uğurla həyata keçirəcəyimiz ilklər də ölkəmizi gələcəyin ən güclülərindən birinə çevirə bilər. Təbii ki, hər şey bu ənənənin nə dərəcədə davam etdirilməsindən, salınan cığırın yola çevrilməsi uğrunda aparılacaq məqsədyönlü fəaliyyətlərdən asılıdır.

Bu qələbənin nəticələri təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır, desək yəqin ki, mübaliğə etmərik. Bu gün öz ərazi bütünlüyü uğrunda mübarizə aparan Ukrayna, Moldova, Gürcüstan kimi dövlətlər açıq şəkildə Azərbaycanın “Qarabağ təcrübəsi”ndən faydalandıqlarını bəyan edirlər. Hətta Polşa, Orta Asiya ölkələri belə, Ordumuzun qazandığı uğurları öyrənir və 44 günlük savaşda istifadə etdiyimiz silahlardan rus təhdidinə qarşı faydalanmağa çalışırlar. Qazandığımız uğurlar İranda yaşayan soydaşlarımızı da milli azadlıq mübarizələrinə həvəsləndirir. Bu baxımdan 44 günlük savaşda qazandığımız qələbənin dünyanın ən nüfuzlu hərbi akademiyalarında tədqiq olunması təsadüfi deyil. Göründüyü kimi, Azərbaycan xalqı bu uğuru ilə təkcə öz torpaqlarını işğaldan azad etməklə qalmayıb, həm də dünyanın yenidən nizamlanmasına böyük töhfələr verib. Bu uğurda, sözsüz ki, strateji müttəfiqlərimizin, xüsusilə də qardaş Türkiyənin rolu misilsiz olub.

Azərbaycanın iqtisadi, sosial, siyasi tərəqqi və dönüşümünə yol açacağını proqnozlaşdırdığımız bu zəfərin əldə olunmasının əsl müəllifi isə, əlbəttə ki, Prezident İlham Əliyev cənablarıdır.
200 illik siyasi tariximizdə ən böyük qələbəmizə imza atan və bunu ermənilərə qəbul etdirdiyi kapitulyasiya aktı ilə taclandıran ölkə başçısını və Vətən uğrunda ən sayseçmə oğullarını qurban verməkdən çəkinməyən böyük xalqımızı, bizə bu şanlı qələbədə hər cür dəstəyi verən müttəfiqlərimizi Zəfər bayramı münasibətilə təbrik edirəm

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar