“Pandemiyaya baxmayaraq, cari ilin 8 ayı ərzində Həştərxan Vilayətinin Azərbaycan Respublikası ilə ticarət dövriyyəsi 8.5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricilərinə uyğundur.”
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın Həştərxan Vilayətinin qubernatoru İqor Babuşkin Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin(RİH) başçısı Abdin Fərzəliyevlə keçirdiyi işgüzar görüş zamanı bildirib. Həştərxanda işgüzar səfərdə olan Nərimanov RİH başçısıyla görüşdə Həştərxan qubernatoru Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib: “Azərbaycan Respublikası uzun illərdir ki, bizim regionun aparıcı tərəfdaşlarından biridir. Biz, Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və Nərimanov Rayon İcra Hakimiyyyəti ilə birgə xeyli irimiqyaslı layihələr reallaşdırmışıq.”

Daha sonra Bakıda Həştərxan Biznes Mərkəzinin açılışıyla bağlı məsələyə toxunulub. İqor Babuşkin qeyd edib ki, sözügedən mərkəzin açılışı kimi əlamətdar hadisə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəstəyi və Nərimanov RİH başçısının səyləri nəticəsində reallaşır. Görüşdə qeyd olunub ki, Bakıda Həştərxan Biznes Mərkəzinin inşası ideyası hələ Həştərxanda Azərbaycan Biznes Mərkəzinin əsası qoyulan zaman meydana gəlib. Nəticədə artıq 2017-ci il 19 dekabr tarixində Bakıda Həştərxan Biznes Mərkəzinin təməl daşı qoyulub və 2018-ci ilin yanvarında mərkəzin inşasına başlanılıb.
O da vurğulanıb ki, sözügedən mərkəzin açılışı 2021-ci ilin iyununa planlaşdırılsa da, pandemiya səbəbindən tədbir 2021-ci ilin dekabrına təyin edilib. Həmin tarixdə İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.

Öz növbəsində Abdin Fərzəliyev Həştərxan qubernatoruna minnətdarlığını bildirib və qeyd edib ki, sözügedən mərkəz Rusiyanın Azərbaycandakı ilk belə nümayəndəliyi olacaq.
Görüşdə həmçinin İqor Babuşkin deyib ki, rəhbərlik etdiyi vilayətin Azərbaycanla iqtisadi əlaqələrinin daha böyük potensialı var və hər iki şəhərdəki nümayəndəliklər bu potensialdan istifadə olunmasında mühüm rol oynayacaq.
“AzPolitika.info”




Şərhlər