Menu

"Biz hər zaman qürur hissi ilə yaşayacağıq" - Millət vəkili Azərbaycan xalqını təbrik etdi

17.11.2021, 11:54
"Biz hər zaman qürur hissi ilə yaşayacağıq" - Millət vəkili Azərbaycan xalqını təbrik etdi

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri, millət vəkili Sadiq Qurbanov 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

"AzPolitika.info" onun sosial şəbəkədə yayımladığı təbrik mətnini oxuculara təqdim edir:

"Əziz həmvətənlər!

“Xalqımın Dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!"

(Heydər Əliyev)

17 noyabr dövlətimiz və xalqımız tərəfindən Milli Dirçəliş Günü kimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalqımız 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan, hüquq və mənafelərimizi qorumayan, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən Sovet imperiyasına etiraz olaraq ayağa qalxdı və xalq hərəkatı başladı. "Meydan hərəkatı" adını almış bu proseslərdə Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru dönüş başlandı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş xalq hərəkatı "qüdrətli" kommunist rejimini möhkəm silkələdi və yerindən oynatdı. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqlarının dalğalandığını görən və qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər və komendant saatı tətbiq olundu. Lakin xalq nəinki geri çəkildi, əksinə erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq, müstəqilliyə nail olunması üçün şüarlara və çağırışlara başladı. O vaxtkı rəhbərliyin xalqla bir olmaması və qul psixologiyasının üstünlük təşkil etməsi dekabrın 4-dən 5-nə keçən gecə sovet ordusunun hərakatı yatırmasına səbəb oldu. Hərakat iştirakçılarını həbs edərək zindanlara salırdılar, lakin xalqın mübarizə əzmini qırmaq mümkün olmadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sessiyasında Ulu Öndər H.Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım və milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcıdır. Xalqın çoxdan gözlədiyi müstəqillik arzularının təcəssümü olan 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı”nın qəbul olunması isə prosesin son noqtəsi oldu. Lakin sonralar hakimiyyət başında olan səriştəsiz rəhbərlərin yeritdiyi səhv siyasət nəticəsində xalq yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi.

Məhz, böyük, dəyərli, qədirbilən xalqımızın bu çətin anda dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə qaytarması bütün bu təhlükələrə son qoydu. O günlərdə Azərbaycan xalqnın bir yumruq kimi sıx birləşməsi, bu gün də Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında birləşərək 200 ildən artıq davam edən məğlubiyyət sindromundan azad olması, bütün dünyaya sübut edir ki, bu xalq yenilməz və azad olmağa layiq xalqdır. Cənab prezidentimizin dili ilə desək: "Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq". Biz hər zaman qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol