Bakı şəhəri Ağa Nemətulla küçəsi 23-74 ünvanında yaşayan Bəhlul Mehbalı oğlu Həmzəyev “Azərişıq”-ın onun mənzilinə quraşdırdığı elektrik sayğacının nasazlığı ucbatından ciddi maddi ziyana düşdüyünü bildirir.
“AzPolitika.info”-ya şikayət məktubu ilə müraciət edən vətəndaş yazır ki, sayğacın nasazlığından, düzgün işləməməsindən şübhələndiyi üçün “Azərişıq”-ın regional şöbəsinə müraciət edib: “Təkidlə tələb etdikdən sonra cari ilin fevral ayında köhnə sayğacın dəyişdirilməsi və yenisi ilə əvəz edilməsinə nail olmuşuq. Həmin köhnə sayğacın laborator müayinəsinin nəticəsindən bəlli oldu ki, sayğac 70 faiz xəta ilə işləyir və onun istismar müddəti hələ 2013-cü ildə bitib. 8 ildə ödədiyimiz vəsaitin(4200 manat) normal göstəricilərə uyğun şəkildə hesablanması və əlavə ödədiyimiz(3000 manat) vəsaitin geri qaytarılması üçün “Azərişıq”-a müraciət etsək də, müsbət cavab almadıq. 2021-ci ilin iyul ayında Nərimanov rayon Məhkəməsinə müraciət etdik.”
Şikayətçi bildirir ki, məhkəməyə bütün faktları, laboratoriyanın cavablarını, sayğacın 70 faiz xəta ilə işləməsini və istismar müddətinin 8 il əvvəl bitdiyinə dair rəsmi sənədləri təqdim etmələrinə baxmayaraq, hakim onun şikayətini və tələbini təmin etməyərək, “Azərişıq”-ın tərəfini tutub. Və bunu “Azərişıq” nümayəndəsinin süründürməçiliyə xidmət edən xahişi ilə əsaslandırıb. Belə ki, qurumun məhkəməyə gələn nümayəndəsi köhnə sayğacın məhz hansı tarixdən xəta ilə işlədiyini müəyyən etmək üçün əlavə məhkəmə ekspertizasına göndərilməsini istəyib və hakim də bunu qəbul edib.
B.Həmzəyev qeyd edir ki, “Azərişıq” və məhkəmə orqanı aşkar və asanlıqla sübut olunan faktı təsdiqləmək və müvafiq qərar vermək əvəzinə süründürməçiliklə məşğuldur. Qeyd olunur ki, həm də bu fakt “Azərişıq”-ın fəaliyyətində cinayət əməllərinin və istehlakçıların hüquqlarının kobud şəkildə pozulması hallarının olduğunu sübut edir. Belə ki, abunəçilər istismar müddəti çoxdan bitmiş sayğacların ümidinə qalır, həmin sayğaclar isə “Azərişıq”-ın xeyrinə işləyir və nəticədə bu sayğaclar vasitəsilə əhalidən işlətmədiyi enerjinin pulu alınır.
Əslində, şikayətçinin qaldırdığı məsələ kifayət qədər aktualdır və böyük ehtimalla abunəçilərin bu formada aldadılması faktı təkcə B.Həmzəyevə aid deyil. Ümumiyyətlə, tez-tez sayğacların əlavə vəsait hesabladığına dair sosial şəbəkələrdə və mətbuatda məlumatlara rast gəlinir. Qeyd etdiyimiz şikayətçinin başına gətirilənlər və laborator təhlilin nəticələri göstərir ki, həmin məlumatlar heç də əsassız deyilmiş.
Şikayətlə bağlı “Azərişıq" ASC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika.info”


Şərhlər
Eyni hadisə bizimdə başımıza gəlib əlimizdə sübutda olsa azərişıq sayqacımızı labarator yoxlamadan keçiriməsinə imkan vermir .Dəfələrlə şikayət eləsəkdə baxan yoxdur.
Əsas dəyişdirilməli su sayğaclarıdır.Köhnəlmiş sayğaclar nəzərdə tutulduğundan iki dəfə çox yazır.