İRƏVANDAN ANKARA İLƏ MÜNASİBƏT QURMAQ ÜÇÜN YENİ HƏMLƏ - "Bunun arxasında hiyləgər niyyət var..."

İrəvan Ankara ilə münasibətlərinin normallaşdırılması üçün Moskvadan vasitəçilik etməsini xahiş edib. “AzPolitika.info" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Onun sözlərinə görə Rusiya da daxil bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəşiliyini təklif edib, İrəvan bu məqsədlə Moskvanı seçib: “Rusiya da daxil, bir neçə beynəlxalq partnyorlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər və nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra, avqust ayından başlayaraq Ermənistanın baş naziri və Türkiyə prezidenti digər tərəfdən müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər.

Ötən sentyabrda hətta Rəcəp Tayyip Ərdoğan bildimişdi ki, baş nazir Nikol Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan demişdi ki, belə bir görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. İrəvan cavab olaraq bildirmişdi ki, “dəhliz məntiqi” Ermənistan üçün qeyri-məqbuldur, amma İrəvan Ankara ilə təmaslara hazırdır.

Ermənistan XİN mətbuat katibinin sözlərinə görə o vaxtdan bəri iki ölkə arasında birbaşa danışıqlar olmayıb.

Ermənistanın xarici işlər naziori Ararat Mirzoyan bugünlərdə Fransanın "Le Figaro" qəzetinə müsahibəsində demişdi ki, Türkiyə dialoq başlanması üçün Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasını şərt qoyur:“Bu qətiyyən müzakirə mövzusu ola bilməz. Dövlətlər tranzitə icazə verərkən öz əraziləri üzərində suverenliklərini saxlamalıdırlar”.

Mirzoyan demişdi ki, Türkiyənin Qarabağ müharibəsində Azərbaycana böyük dəstək verməsinə baxmayaraq, İrəvan Ankara ilə münasibətlərin normallaşdırılmasına hazırdır.

Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib:“Bu bəyanatlar Türkiyənin Zəngəzur dəhlizi barədə bəyanatlarına əsaslanır. Əgər siz fikir versəniz görərsiniz ki, onlar bu məsələni həm prezident, həm də xarici işlər naziri səviyyəsində daim qaldırırlar. Amma dediyim kimi, bu barədə danışıqlar olmayıb”.

Diplomat və şərqşünas David Ovannisyanın sözlərinə görə Türkiyə Azərbaycanla birbaşa quru əlaqəsi yaratmaq üçün Ermənistanın indiki zəifliyindən istifadə etməyə çalışır:“Biz bunu müzakirə etməliyik. Ola bilsin ki, bu şərtlər elə də sərtliklə qoyulmur və manevr etmək mümkündür. Lakin ən mühüm məsələ və bizim üçün qırmızı xətt suverenliyimizə problem yaradan şərtlər olmalıdır. Əgər problem yaradırsa, deməli bizim üçün məqbul deyil. Dəhliz anlayışı isə belə bir problem yaradır”.

Maraqlıdır, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanladəhliz, sərhəd, sülh sazişi kimi məsələləri həll etməmiş nədən Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət edib?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bunun arxasında hiyləgər niyyət var.

"Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb", ekspert vurğulayıb.

Politoloq xatırladır ki, Ankara Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüklərini tanımağı tələb edib: "Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmi et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq".

E. Şahinoğlunun sözlərinə görə, İrəvan isə bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyun pozucu olduğunu göstərməyə çalışır.

"Paşinyan həm də ona ümid edir ki, Moskva da İrəvan kimi Ankaraya məsləhər görəcək ki, ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlasın. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir", ekspert vurğulayıb.

Xatırladaq ki, 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində deyilir ki, İrəvan Azərbaycan və Naxçıvan arasında nəqliyyat vasitələri və yüklərin maneəsiz keçidiinə qarantiya verir. Azərbaycan məhz bu bəndi əsas götürərək burada hərəkətin məneəsiz olmalı olduğunu bildirir.

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-11-23 11:28:13

ermənistan Türkiyə ilə münasibətlər quracaq.Ancaq,Türkiyə Azərbaycan deyil ki,ermənistan onu aldada bilsin...

Son yazılar