Avropa İttifaqının nümayəndələri İslam Əmirliyinin nümayəndələri ilə Qətərdə keçirilən iki günlük görüşdə İslam Əmirliyini milli barışığa yol açacaq və qadınların da daxil olacağı inklüziv hökumət formalaşdırmaq üçün tədbirlər görməyə çağırıb.
“Tolo News” xəbər verir ki, görüşdə tərəflər həmçinin, humanitar yardım, təhlükəsizlik, Aİ-nin Kabildə humanitar iştirakı, insan haqları, qadın hüquqları, terrorla mübarizə və inklüziv hökumətin formalaşdırılması məsələlərini müzakirə edib.
Aİ-nin Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir ki, bu görüş İslam Əmirliyinin tanınması demək deyil və onun Aİ-nin əməliyyat fəaliyyətinin bir hissəsi olduğunu və həm Aİ, həm də Əfqanıstan xalqının marağında olduğu bildirilib: “Aİ bu həftə sonu Dohada “Taliban” tərəfindən elan edilən müvəqqəti Əfqanıstan hökumətinin (“Əfqan nümayəndə heyəti”) üzvləri ilə iki günlük dialoq keçirib. Bu dialoq Aİ tərəfindən müvəqqəti hökumətin tanınması demək deyil”.
Tərəflər Əfqanıstanda humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını dilə gətirib və Aİ nümayəndələri Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bildirib. Yardımların insanlara çatdırılması üçün yerlərdə həm kişilərin, həm də qadınların olması lazımdır. İslam Əmirliyi humanitar yardımın vergiyə cəlb edilməyəcəyini vurğulayıb. İslam Əmirliyi həmçinin, may ayından bəri bir çox hallarda maaş almayan bütün dövlət qulluqçularının maaşlarının verilməsini bərpa edəcəyini, üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyini və ölkəni tərk etmək istəyən əcnəbi vətəndaşların və əfqanların təhlükəsiz keçidini asanlaşdıracağını bildirib. Görüşdə ölkəni tərk etmək istəyən əfqanların təhlükəsiz keçidi üçün hava limanlarının açıq saxlanılması müzakirə edilib və İslam Əmirliyinin nümayəndələri hava limanlarının fəaliyyətinin saxlanması üçün yardım istəyib.
Aİ Əfqanıstana göstərdiyi inkişaf yardımının dayandırılması fonunda Əfqanıstan xalqının birbaşa mənafeyi üçün əhəmiyyətli maliyyə yardımı göstərməyi nəzərdən keçirəcəyini və bu dəstəyin beynəlxalq təşkilatlar vasitəsilə reallaşdırılacağını vurğulayıb.
AzPolitika.info


Şərhlər