Menu

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümüdür

29.10.2014, 10:23
Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümüdür

Türkiyədə bu gün Respublika Günü qeyd edilir.

SalamNews-un məlumatına görə, 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 90 ildir, müstəqil yaşayır.

Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq barədə qərar verib. Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı imperiyası İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərlər 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başladılar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başladı, Vətən torpaqları düşmən tapdağından xilas edildi.

1920-ci il aprelin 23-də millət təmsilçiləri - deputatlar paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplandılar. Mustafa Kamal Paşa TBMM-in sədri seçildi. Bundan sonra Parlament milli qurtuluş savaşına başladı. Bir tərəfdən könüllülərdən ibarət dəstələr, digər tərəfdən nizami ordu dəstələri düşmənə qarşı mübarizə apardılar. Bu mübarizə də nəticəsini verdi və Türkiyə ərazisi düşməndən təmizləndi.

TBMM-in II çağırış sessiyası 1923-cü il avqustun 11-də başladı. Oktyabrın 23-də Ankara paytaxt elan edildi. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya yeməyə dəvət edərək "sabah respublikanı elan edəcəyik" dedi. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-ə təqdim edib.

Həmin layihədə “Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur” sözləri yer alırdı. Parlament həmin qanun layihəsini qəbul etdi. Həmin gün axşam saat 20:30-da Türkiyə respublika elan olundu; həmin tarixdən etibarən Osmanlı imperiyası rəsmi şəkildə Türkiyə Cümhuriyyəti ilə əvəzləndi.

Bildirək ki, 1924-cü ildən etibarən keçirilən bu bayram - Türkiyənin Respublika Günü ölkənin bütün şəhərlərində, eləcə də Şimali Kipr Türk Cümhuriyyətində və dünya ölkələrində fəaliyyət föstərən Türkiyə səfirliklərində qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol