"Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Lakin bakalavr pilləsində ixtisasları darlaşdırmaq yox, bacarıq sahələri gətirilməlidir. Bundan sonra artıq ixtisasları daraltmaq olar. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm".
Bu fikirləri təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, öyrənmədə zəruri şərt keyfiyyətin qiymətləndirilməsi mexanizmlərinin olmasıdır: "İtirilmiş öyrənmə məsələsinə gəldikdə isə, bu, daha çox itirilmiş inkişafdır. İtirilmiş öyrənmə yalnız bilik və bacarıq deyil. Ən önəmli məsələ odur ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər. Ona görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür".
"Yeni mövzuları Azərbaycan ali təhsil sisteminə gətirməliyik” - deyə “UNEC İqtisadi Forumu”da çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
“Ciddi şəkildə tərəfdarı olduğum məsələ budur ki, tədqiqat alətdir. Yəni bu tədqiqatın nəticəsi nəyə xidmət edir?! Niyə bizdə tədqiqat yoxdur?! Bunun səbəblərindən biri odur ki, tədqiqatın bir faydası olmalıdır. Tədqiqatın dəyər zəncirində öz yeri olmalıdır. Daha sonra tədqiqat nəticəsinin yeni tədqiqata keçməsi, yoxsa sənayeləşməsinə baxılmalıdır. Çalışmalıyıq ki, elmimiz və ali təhsil müəssisələrimiz dünyaya açılsın. Bizim tədqiqatlar qərara qədər bir neçə təsdiq mərhələsindən keçsin”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, təhsil proqramları modern, müasir olmalıdır və tələblərə cavab verməlidir.
"Distant təhsil pandemiyadan sonra bizə qalan miras olacaq. Məqsədimiz təhsili distant etmək yox, bununla nəyəsə nail olmaqdır" -deyə, Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bəzən distant təhsilin ucuz başa gəldiyi barədə fikirlər səsləndirirlər: "Hesab edirəm ki, distant təhsil heç də hər zaman ucuz deyil. Hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir. Təhsil proqramları modern olmalıdır və tələblərə cavab verməlidir".


Şərhlər