Əfqanıstan-İran sərhədində ötən həftə baş verən toqquşmada neçə iran sərhədçisi həlak olub.
“Arab news”-un xəbərinə görə, İran tərəfinin azı 9 itki verdiyi haqda məlumatlar var.
Xəbərdə qeyd olunur ki, Əfqanıstanın cənub-qərbindəki Nimroz vilayətinin Konjak rayonunda çərşənbə günü günorta saatlarında başlayan döyüşlər axşam saatlarına qədər davam edib. Yerli hakimiyyət orqanları və şahidlərin dediyinə görə, “Taliban” İranın üç yoxlama məntəqəsini ələ keçirib.
“Taliban” sözçüsü Zabiullah Mücahid deyib ki, toqquşmalara yerli səviyyədə anlaşılmazlıq səbəb olub, hər iki tərəfin razılığı ilə vəziyyət indi nəzarət altındadır. Nimroz qubernatorunun sözçüsü Salahudin Ayobi “Arab News”-a bildirib ki, gərginlik aradan qaldırılıb və anlaşılmazlıq yanacaq qaçaqmalçılığı ilə bağlı olub: “Bu anlaşılmazlığa əsas səbəb Əfqanıstana qaçaqmalçılıq yolu ilə yanacağın aparılması olub. Bu döyüş zamanı ən azı doqquz İran sərhədçisi öldürülüb və yaralanıb. Bir “Taliban” döyüşçüsü yaralanıb”.
İran rəsmiləri rəqəmləri təsdiqləməyib.

Nimrozun Konjak rayonunda “Taliban” komandiri Qiam Mavlavi toqquşmaya iranlıların səbəb olduğunu deyib: “Biz onların pis davranışlarına cavab verdik. Hazırda vəziyyət normallaşıb, lakin biz gözləmə rejimindəyik”.
İran mediası döyüşlərin sakinlər arasında mübahisədən sonra başladığını xəbər verib və sərhəd-keçid məntəqələrinin ələ keçirilməsini təkzib etsə də, yerli sakinlər “Taliban” qüvvələrinin İran sərhədini keçdiyini bildirib. “Arab News”-a danışan Konjak sakini Abdul Satarın sözlərinə görə, “Taliban” İran qüvvələrinin Borjak, Melak və Şah Balak yoxlama postlarını ələ keçirə bilib və iki tərəf arasında şiddətli (artilleriya) atışma baş verib.
Nimrozda vətəndaş Sabrina Zori deyib ki, toqquşmalar “Taliban” qüvvələrinin Borjakdan keçən yanacaq tankerini saxlaması ilə başlayıb.
L.SƏMLA
AzPolitika.info


Şərhlər