İran parlamenti oktyabrın 29-da prezident Həsən Ruhaninin ali təhsil naziri postuna təklif etdiyi Mahmud Nili Əhmədabadini təsdiqləməyib.
“Media forum” saytının məlumatına görə, Həsən Ruhani parlament iclasında Mahmud Nili Əhmədabadini təqdim edib. Namizəd öz proqramından danışıb. Bir neçə deputat prezidentin nazir postuna təklif etdiyi şəxsin əleyhinə, bir neçə nəfər isə lehinə danışıb.
Mühafizəkar deputat Mahmud Nəbəviyan prezidentin namizədinə qarşı çıxaraq onu 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlara dəstək verməkdə günahlandırıb.
Deputatların çıxışlarından sonra Mahmud Nili Əhmədabadinin namizədliyi səsə qoyulub. Səsverməyə qatılan 246 deputatdan 79-u onun nazir postu vəzifəsinə təyin edilməsinin lehinə, 160 nəfər əleyhinə səs verib. 7 nəfər isə bitərəf qalıb. Bununla da İran prezidentinin ali təhsil naziri postuna təklif etdiyi şəxsin səlahiyyəti rədd edilib.
Ali təhsil naziri Rza Fərəcidana bu ilin avqust ayında ölkə prezidenti xarici səfərdə olanda parlamentə çağırılaraq sorğu-suala tutulub və tutduğu postdan uzaqlaşdırılıb.


Şərhlər