RUSİYADAN NATO-ya ŞOK TƏKLİFLƏR – Ukrayna və Gürcüstanı qəbul etməyin, raketlərinizi çəkin...

Rusiya Birləşmiş Ştatlar və NATO ilə müzakirə etmək istədiyi təhlükəsizlik şərtlərini açıqlayıb. Bu təkliflərə görə NATO keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 17-də açıqladığı təkliflərdən birinə görə, NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır.

Təklif olunmuş saziş layihəsində NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması nəzərdə tutulur. Moskvanın təkliflərinə görə, NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.

Rusiyanın bu təklifləri istənilən vaxt müzakirəyə hazır olmasını şərh edərkən Ağ Evin sözçüsü Cen Psaki dekabrın 17-də deyib ki, Birləşmiş Ştatlar təkliflərlə tanış olub, lakin müttəfiqlərinin iştirak etmədiyi heç bir Avropa təhlükəsizliyi danışıqlarına razılıq verməyəcək.

Hələ Moskvanın bu təklifləri təqdim etməsindən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Moskva ilə hər hansı dialoqda NATO-nun da Rusiyanın hərəkətlərindən narahatlığı müzakirə olunmalıdır. Stoltenberq demişdi ki, belə danışıqlar NATO-nun Ukrayna da daxil, partnyorları ilə məsləhətləşmələrdən sonra aparıla bilər.

NATO-nun baş katibi bildirmişdi ki, Rusiya əvvəlcə yaratdığı gərginliyi azaltmalıdır. Son aylar ərzində Rusiya Ukrayna sərhədləri yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirib. Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya müdaxilə niyyətinin ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Rusiya isə bildirib ki, Birləşmiş Ştatlarla birbaşa dialoq və Ukraynanın NATO-ya daxil olmayacağına dair yazılı qarantiya istəyir.

Dekabrın 17-də keçirdiyi brifinqdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya NATO tərəfindən belə bir addımın atıla biləcəyini göstərən əlamətlərə görə Avropa ərazisində ortamənzilli raketlərin yerləşdirilməsinə məcbur ola bilər.

Ryabkov dekabrın 17-də "İnterfaks" agentliyinə geniş müsahibəsində deyib ki, ABŞ və NATO-nun Moskvanın təkliflərinə reaksiyası məyusedicidir və o bu təkliflərin NATO üzvləri üçün qeyri-məqbul olduğunu düşünmür. Vaşinqtonu bu təkliflərə ciddi yanaşmağa çağıran Ryabkov deyib ki, o Birləşmiş Ştatların danışıqlara gələcəyinə ümid edir, çünki bu, sülh və sabitliyin qorunub saxlanması üçün son dərəcə mühümdür.

Rusiya sözügedən sənədlərin layihəsini ABŞ Dövlət Departamentinin rəsmilərinə dekabrın 15-də təqdim edib. Bu təkliflərdə Gürcüstanın adı çəkilməsə də, Ryabkov dekabrın 17-də bəyan edib ki, Moskva Cənubi Qafqaz dedikdə Gürcüstanı da nəzərdə tutur: "Biz, birbaşa tələb edirik ki, NATO-nun 2008-ci il Buxarest sammitində Ukraynanın və Gürcüstanın NATO üzvü ola biləcəyinə dair verilmiş qərar geri götürülsün. Bu qərar ləğv olunmalı, ona yenidən baxılmalıdır”.

Sözügedən sammitdə NATO bəyan etmişdi ki, onun qapıları istənilən Avropa demokratiyası üçün açıqdır.

"AzPolitika.info"

635x100

Şərhlər

musa 2021-12-19 22:45:26

rusun yanında olanın gələcəyi olmayacaq . bu ölkə qan bədbəxtcilik üstündə qurulan dövlətdir .bu dövlətdə şərəf deyilən xüsusiyət yoxdur

Seyid Ənhu 2021-12-18 20:22:45

Zəmnimcə NATO özünün son və aşağlayıcı bəyanatını kirli Rusiyanın diqqətinə çatdırmalı,Şətqə doğru daha sürətlə genişlənməyə start verməlidir.

t.ədalət 2021-12-18 15:42:02

Rusiyanın bu qədər avam olacağına adam inana bilmir.NATO,artıq Gürcüstan və Ukraynadadır.Onu geri çıxmağa məcbur edəcək qüvvə yoxdur.Əsas Ukrayna xalqıdır.Xalq işğalçı və rəzil Rusiyanı sevmir.Tezliklə NATO-nun Azərbaycana da daxil olacağı şəksizdir.Dünyanın maliyyəsi ABŞ-ın nəzarətindədir.Pul kimin əlindədirsə qələbə də onun əlindədir.Rusiyanın təəsiri qalan ölkələr rus kəşfiyyatının hakimiyyətə gətirdiyi prezidentlər olan ölkələrdədir.Bu da müəyyən zamana kimi.

RR 2021-12-18 15:11:50

Rusdar hamini yuqib boqaza) kim rusnan dostluq edir, acinnan ôlûr ,,,,, Bilesiz

Mirzə Qafarlı 2021-12-18 14:29:44

fikirləşirəm ki, NATO Rusiyanın bu təhdidli təklifini qəbul etməyəcək. Əks halda, gələcəkdə Avropanı 1945 -ci ilin nəticələri gözləyəcək.

Son yazılar