Menu

QHT-lərlə bağlı yeni təkliflər - Fond vətəndaş cəmiyyəti üçün əlverişli hüquqi mühit istəyir

20.12.2021, 16:26
QHT-lərlə bağlı yeni təkliflər - Fond vətəndaş cəmiyyəti üçün əlverişli hüquqi mühit istəyir

“Konstitusiya” Araşdırmalar Fondu QHT-lər üçün əlverişli hüquqi mühit yaradılması, onların xarici donorlara çıxışı, xarici donorların ölkədə fəaliyyəti, qrant müqavilələrinin qeydiyyatı ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması məqsədilə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə dəyişikliklər hazırlayıb.

Fonddan "AzPolitika.info"-ya daxil olan məlumata görə, Açıq Hökumət Platformasının təkliflərini nəzərə almaqla hazırlanan qanunvericiliyə dəyişikliklər, həmçinin Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) təsis edilməsi, dövlət qeydiyyatına alınması, QHT-lərə tətbiq edilən cərimə sanksiyalarının azaldılmasını da nəzərdə tutur.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, ekspertlər təklifləri konkret qanun layihələri formasında hazırlayıblar: "Təkliflər artıq bir ay əvvəl Prezident Administrasiyasına, Milli Məclisə təqdim olunub. Parlament təmsilçiləri ilə ilkin müzakirə aparılıb. Təkliflər paketi, həmçinin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə təqdim edilib".

Təkliflər paketinə aşağıdakılar daxildir:

- QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələri ilə əlaqədar Arayış

- “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu

- “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə Müqayisəli cədvəl

- “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə Müqayisəli cədvəl

- İnzibat Xətalar Məcəlləsi üzrə Müqayisəli arayış. 

Qeyd edək ki, Təkliflər Paketi ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür. (http://ogp.org.az/az/wp content/uploads/2021/12/QHT.pdf)

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol