Bütün dünyada qeyd edilən Yeni il bayramına artıq sayılı günlər qalıb. Hər il böyük izdihamla, kütləvi tədbirlərlə, şənliklərlə qarşılanan bu bayram, ötən il koronavirus pandemiyası ilə əlaqədar keçirilməmişdi. Hazırda koronavirusun "omikron" ştamının sürətlə yayılmasına görə bəzi ölkə vətəndaşları bayramı evdə keçirməli olacaqlar.
Belə ki, Almaniya hökuməti koronavirusun "omikron" ştammının sürətlə yayılmasını nəzərə alaraq, Yeni il şənliklərinin keçirilməsini qadağan edib. 28 dekabr tarixindən qüvvəyə minəcək qərarda futbol oyunlarının da azarkeşsiz keçiriləcəyi vurğulanıb.
Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən olan İtaliya da Yeni il şənliklərinin keçirilməyəcəyini bildirib. İtaliya hökumətinin qərarına əsasən, 2022-ci il yanvarın 31-nə qədər ölkədə bütün şənliklər və konsertlər ləğv olunub.
Fransa hökuməti yoluxmaların sayının qarşısını almaq üçün Yeni il gecəsi Paris şəhərində şənliklərin və atəşfəşanlığın olmayacağını bildirib. Hökumət vətəndaşları bayramla əlaqədar kütləvi şəkildə toplaşmamağa çağırıb.
İngiltərə hökuməti "omikron" ştammının sürətlə yayılmasını nəzərə alaraq, paytaxt Londonda Yeni il şənliklərinin keçirilməsini qadağan edib. Eyni zamanda ölkədə teatrların da fəaliyyəti bir müddət dayandırılıb.
Yunanıstan da Yeni il şənliklərini keçirməyən ölkələr sırasındadır. Hökumətin yeni qərarından sonra açıq havada maska taxmaq məcburi olacaq.
İspaniyanın Kataloniya əyalətində dekabrın 30-dan yanvarın 2-ə qədər çölə çıxmaq qadağan edilib.
Portuqaliya hökuməti dekabrın 30-dan ölkə ərazisində fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərini bağlamaq qərarına gəlib. Eyni zamanda dekabrın 26-dan yanvarın 9-na qədər iş yerləri də bağlı olacaq.
İsveçdə dekabrın 30-dan kafe və restoranlar onlayn fəaliyyət göstərəcək.
Hindistan və Braziliya hökumətləri də Yeni il şənliklərinin keçirilməyəcəyini bildirib.

Azərbaycanda isə Yen il şənliklərinin keçirilməsi ilə bağlı hansısa qadağa yoxdur. Operativ Qərargahın açıqlamasına əsasən, paytaxtda yerləşən bütün ictimai iaşə obyektlərinin 31 dekabr saat 00:00-dan, 1 yanvar saat 02:00-dək fəaliyyətinə icazə veriləcək.
Xatırladaq ki, ölkədə gündəlik yoluxma sayı 550-600 civarındadır, əhalinin 3 doza vaksinlənməsi davam etdirilir.
Elvin Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər
Azərbaycan həmişə dünyanın əksinə gedir.Dünya bazarında neft ucuzlaşanda bizdə benzinin qiyməti qalxır....