Göyçay rayonu Cəyirli kənd sakini Cəbrayılov Cehun Zeynəddin oğlu Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən haqsızlığa və süründürməçiliyə məruz qaldığını bildirir.
C.Cəbrayılov “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda qeyd edir ki, sözügedən sığorta şirkəti onun avtomobilinə dəyən ziyanı ödəməkdən boyun qaçırır: “13 noyabr 2021-ci il tarixdə Göyçay rayonunun Cəyirli kənd ərazisində avtomobil qəzası baş verib. Nəticədə mənə məxsus 90 EF 045 nömrəli Vaz-21723 markalı avtomobilə ciddi ziyan dəyib. Bu barədə Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti tərəfindən aparılan araşdırma nəticəsində qanuna müvafiq qərar qəbul olunub. Hadisəni törədən İsmayılov Vüsal Polad oğluna məxsus 99 MB 628 nömrəli “MERSEDES BENZ" C180 markalı avtomobil Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən sığorta edilib. Lakin Azərbaycan Sənaye Sığorta şirkəti mənə dəymiş zərəri tam ödəmək istəmir, mənə qarşı açıq şəkildə süründürməçiliyə yol verir.”

Şikayətçi bildirir ki, sözügedən şirkət nə polisin təqdim etdiyi arayışı, nə də ekspertin qiymətləndirməsini hesaba almır: “Qəza nəticəsində mənim avtomobilimə dəymiş zərəri müstəqil ekspert hesablayaraq rəy verib. Ümumilikdə mənə dəymiş 1592 manat zərəri Azərbaycan Sənaye Sığorta Şirkəti ödəməlidir. Ancaq şirkət mənə həmin məbləğin yarısını ödəmək istəyir və bunu onunla əsaslandırır ki, guya qəzanın baş verməsində təqsirin yarısı Vüsal İsmayılovdadırsa, yarısı da məndədir. Mən isə onlara izah edirəm ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma, ölçü, baxış işləri aparıblar. Göyçay RPŞ-nin YPX-nin 13.11.2021-ci il tarixli TP 4710118 nömrəli qərarına görə, 99 MB 628 nömrəli “MERSEDES BENZ" C180 markalı avtomobili idarə edən İsmayılov Vüsal Polad oğlu 13.11.2021-ci il tarixdə avtomobil qəzası törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta törədib. Həmin qərarla təsdiq olunub ki, qəza mənim yox qarşı tərəfin təqsiri nəticəsində baş verib. Buna görə Azərbaycan Sənaye Sığorta şirkəti avtomobil qəzası nəticəsində mənə dəymiş 1592 manat zərəi tam ödəməlidir. Mən buna dair bütün zəruri sənədləri Azərbaycan Sənaye Sığorta şirkətinə təqdim etmişəm. Ancaq indiyə qədər heç bir ödəniş olunmayıb, süründürməçiliyə məruz qalmışam.”

Ölkə vətəndaşlarına və müvafiq orqanlara müraciət edən şikayətçi sözügedən sığorta şirkətini yalançı reklamda günahlandırır və ona dəymiş ziyanın ödənilməsini tələb edir: “Mətbuat vasitəsi ilə Azərbaycan Respubliaksının vətəndaşlarına müraciət edirəm ki, Azərbaycan Sənaye Sığorta şirkətinə etibar və müraciət etməyin, orada əmlakınızı, avtomobilinizi sığorta etdirməyin, əks halda mənim kimi süründürməçiliyə məruz qalacaqsınız. Bu sığorta şirkəti reklamdakı kimi şəffaf, etibarlı və dəqiq deyil, hamısı yalandır.
Mən Prezident cənab İlham Əliyevdən, İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarovdan, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin sədri cənab Rövşən Nəcəfovdan xahiş edirəm ki, şikayət ərizəmi mənim iştirakımla araşdırıb avtomobil qəzası nəticəsində mənə dəymiş 1592 manat zərərin Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən ödənilməsini təmin etsinlər və şirkətin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görsünlər”
“AzPolitika.info”




Şərhlər