PUTİN ƏRDOĞANDAN KÖMƏK İSTƏYİB? – Rusiyanın məqsəd odur ki...

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında yanvarın 2-də telefon danışığı olub. Moskva-Ankara diplomatik-siyasi xəttində 2022-ci ildə baş tutan ilk danışığın məzmununda Ukrayna böhranı əsas müzakirə mövsuzuna çevrilib.

Putin-Ərdoğan danışığının mayasında dayanan əsas məsələ Kreml-Kiyev münasibətlərinin gərginləşməsi fonunda Moskvanın Ankaradan umduğu dəstəkdir.

Rusiya istəyir ki, öz təhlükəsizliyinə zəmanət verəcək hüquqi öhdəlik yaradan sazişlərin hazırlanmasına Türkiyə də töhfə versin.

Çünki:

1. Rusiya Qərblə soyuqlaşan və kəskin qütbləşmə yaradan münasibətlər sistemində ən yaxın “dostu”, NATO üzvü Türkiyəni vasitəçi olaraq dəyərləndirir. Türkiyənin vasitəçiliyi Qərbə də sərf edir.

2. Rusiya-Türkiyə münasibətlərinin inkişafı ikitərəfli əlaqələrə yeni gündəlik gətirir.

Rusiyanın cızdığı strateji tablo bundan ibarətdir ki, NATO onun sərhədlərinə “qırmızı xətti keçəcək” həddə yaxınlaşmasın.

Vladimir Putinlə ABŞ Prezidenti Cozef Baydenin dekabrın 30-da baş tutan telefon danışığı görünür ki, heç də yumşaq tonda keçməyib.

Məhz buna görədir ki, Baydenlə rabitədən sonra Putinin Ərdoğanla müzakirəsi Moskvanın dəstək qazanmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.

Rusiya məqsəd güdür ki, bu ilin yanvarın 9-10-da Rusiya-ABŞ rəsmilərinin Cenevrədə gözlənilən danışıqlarında Türkiyə tərəfinin dəstəyini Moskvanın əlini gücləndirən mexanizm kimi qələmə versin.

Ümumiyyətlə yanvar ayında qlobal arenada intensiv təmaslar gözlənilir.

Cenevrə danışıqlarından sonra tərəflər yanvarın 12-də Brüsseldə müzakirələrin yeni mərhələsinə qoşulacaqlar.

ABŞ-ın Rusiyanı sanksiyalarla hədələməsi, Moskvanın genişmiqyaslı sanksiya tətbiqi variantını böyük səhv kimi xarakterizə etməsi, tərəflərin diplomatik potensiallarını yenidən dəyərləndirmək üçün fürsət tanıdıb.

Əgər hüquqi təminata dair əhəmiyyətli icra mexanizmi qurulmasa, Rusiya diplomatik təmaslarda sanksiyalar qarşılığında ata biləcək hərbi addımları diqqətə çatdıracaq.

Türkiyə Ukraynanı dəstəkləyir, amma Moskva Ankaraya “əl uzadaraq” ən azından bu dəstəyi minimallaşdırmaq istəyir.

Rusiyanın təhlükəsizliyi üçün Qərbdən qarantiya alması resepti bundan ibarətdir ki, Moskva və Vaşinqton bölünməz və bərabər təhlükəsizlik prinsipi üzrə əməkdaşlıq etsinlər.

Rusiya tərəfindən Qərbə təqdim edilən layihənin mətnində qeyd olunur ki, üçüncü ölkənin ərazisindən digər tərəfə silahlı hücum istisna edilir.

Qeyd olunur ki, tərəflər öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməsinlər.

Sənədə əsasən, Rusiya və NATO bir-birini düşmən hesab etmədiklərini təsdiqləməli, NATO Ukrayna və bir sıra ölkə ərazisində istənilən hərbi fəaliyyətdən əl çəkməlidir.

Putin-Ərdoğan danışığında liderlər Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirmək üçün qərarlı olduqlarını açıqlayıblar.

Bu, Ukrayna mövzusu ilə yanaşı tərəflərin birgə maraqlarının Cənubi Qafqazda da təmin edilməsi məsələsini də özündə ehtiva edir.

Liderlər telefon danışığında Cənubi Qafqazdakı yeni reallıqları müzakirə ediblər. Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir: “Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Qafqaz, Suriya və Liviya ilə yanaşı regional və beynəlxalq məsələlərin müzakirə ediblər. Söhbət zamanı Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi əzmi bir daha vurğulanıb”

2022-ci ildə Türkiyə ilə Rusiya Cənubi Qafqazda mövqelərini uyğunlaşdırmağa çalışacaq. Hələlik bu iki ölkənin maraqlarının uzlaşdığı əsas platforma elə Cənubi Qafqazdır.

Ancaq Türkiyənin Rusiyaya hansı dərəcədə dəstək göstərəcəyi sual altındadır.

Qərbin həm Rusiya, həm də Türkiyəyə qərəzli münasibəti Ankara ilə Moskvanı yaxınlaşdırsa da, Türkiyə üçün Ukrayna məsələsi Kremllə əməkdaşlığın fövqündə dayanır.(oxu.az)

635x100

Şərhlər

Niyam və turana 2022-01-03 23:45:35

Soçi və Brüssel görüşləri iki mərhələli və 2-3 (2 qarş-1 müşahidəçi) tərəfli danışıqlar daha səmədrəli ola bilər. BMT TŞ 28 il öncə Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilib, yerli vətəndaşların təhlükəsiz əzəli mülklərinə məskunlaşdırılması qərarını vermişdi? Minsk qrupu və üç maraqlı tərəfin razılığı həmin həllin qətiyyətlə icrasına başlamadı və beş il də uzatdı?

Niyaməddin 2022-01-03 19:49:57

Həqiqi sülh bütün digər variantlardan daha qənaətbəxşdir. Allah dünyanı zalım imperialistlərin şərrindən qorusun. Amin!

turan 2022-01-03 17:32:09

Rusiya Ermənistandan tamamilə çixsa TÜRKİYƏ ona NATO -da dəstək verə bilər

Son yazılar