ReAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkədəki hesabında məlumat verib.

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri bir daha qeyd etdik. Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət apardıq, əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük”, - partiya sədri qeyd edib.

İ.Məmmədovun sözlərinə görə, görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə də toxunulub. “Media haqqında” qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyinə əlavə və dəyişikliklər haqqında ReAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.

"AzPolitika.info"