MOSKVANIN “UŞAQLARI” ANKARA-İRƏVAN DANIŞIQLARINA QARŞI... – Parlamentdə qalmaqal (VİDEO)

Türkiyə ilə danışıqlar aparan vitse-spiker “revanşistlər”in hədəfində

Gözlənildiyi kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallşadırılması üçün başlanan danışıqlar prosesi Ermənistandakı qatı millətçi və “revanşist” qüvvələr tərəfindən etirazla qarşılanıb.

“AzPolitika.info” xəbər verir ki, artıq birinci raundu Moskvada baş tutan danışıqlarda Ermənistanı təmsil edən xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan müxalifət düşərgəsinin sərt təpkiləri və ittihamları ilə üzləşib. Onlar bildiriblər ki, Rubinyan bu danışıqlarda iştirak üçün parlamentin razılığını almayıb. Hansı ki, əslində buna ehtiyac yoxdur və bu məsələ parlamentdə müzakirəyə çıxarılsaydı belə, hakim partiyanın üstünlüyü istənilən qərarı verməyə imkan verirdi.

Əvəzində Rubinyan parlamentdəki revanşistlərə daha sərt şəkildə cavab verərək, hətta onları hədələyib. Parlamentdəki sözlü atışma az qala əlbəyaxa davaya keçirmiş, lakin bunun qarşısı alınıb.

Əvvəlcə Koçaryan-Ohanyan blokundan olan deputat Aqnessa Xamoyan çıxış edərək, Rubinyanı “Türk agenti” adlandırıb. Xanım deputat deyib ki, Rubinyan Türkiyədə təcrübə keçib və araşdırmalar aparıb. Ona görə də, vitse-spiker Türkiyənin agenti ola bilər.

Digər müxalif deputatlardan da Rubinyanın Türkiyəyə simpatiya ilə yanaşdığını bildirənlər olub.

Bu deyilənlər vitse-spikeri özündən çıxarıb və Rubinyan tribunaya çıxaraq, müxalif bloka rəhbərlik edən sabiq müdafiə naziri, hərbi cani Seyran Ohanyana xəbərdarlıq edib və rəhbərlik etdiyi fraksiyanın ağlını başına qoymasını tələb edib: “Sakitləşin və nə dediyinizi düşünün.”

Vitse-spiker müxalifətçilərə həm sözlə, həm də “başqa cür” cavab verə biləcəyini deyib. Ara qarışdığından iclasda fasilə elan olunub.

Bu zaman zalda olmayan Rubinyanın ünvanına yenə ittihamlar səsləndirilib. Bundan sonra iclasa qayıdan vitse-spiker əvvəlcə deputat Ripsime Stambulyana rəsmi xəbərdarlıq edildiyini elan edib, ardınca əvvəlkindən də sərt formada müxalifətçiləri hədələyib və onların üzərinə yeriməyə başlayıb. Lakin onun qarşısını kəsiblər və qarşıdurmanın növbəti əlbəyaxaya çevrilməsinə imkan verilməyib.

Daha öncə Moskva görüşü barədə danışan Rubinyan istənilən suala cavab verməyə hazır olduğunu və Türkiyə-Ermənistan danışıqlarında cəmiyyətdən gizli heç nə olmadığını bildirmişdi. Lakin görünür, ədavətin əbədi olaraq saxlanmasına və qan üzərində hakimiyyətə gəlməyə çalışan “revanşistlər”i – Moskvanın “uşaqlarını” Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar qətiyyən qane etmir.

Məsələn, sabiq prezident, Xocalı qatili Serj Sarqsyanın sözçüsü Eduard Şarmazanov Türkiyə ilə danışıqlar aparılmasını “cinayət” adlandırıb. O, deyib ki, hakimiyyətin Ermənistan konstitusiyasına etmək istədiyi dəyişikliklər Türkiyənin maraqlarına xidmət edir.

Bu dəyişikliklər “soyqırım”ın tanınması tələbindən və Qarabağdan imtinanı nəzərdə tuta bilər ki, guya bu da Ermənistanın sonu demək olar.


C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar