Menu

Ərdoğan “Balkanlar Türkiyəsiz ola bilməz” dedi - “Balkanların siyasi xəritəsi yenidən cızılır”

19.01.2022, 23:08
Ərdoğan “Balkanlar Türkiyəsiz ola bilməz” dedi - “Balkanların siyasi xəritəsi yenidən cızılır”

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan 2022-ci ildə ilk xarici səfərini Balkanlara – Albaniyaya reallaşdırıb. Səfər zamanı Albaniya baş naziri Edi Rama ilə görüşüb, ölkə parlamentində çıxış edib, həmçinin bir sıra açılışlara qatılıb. Türkiyə Prezidentinin səfəri ərəfəsində “Financial Times”a müsahibə verən Edi Rama ölkənin Avropa Birliyinə üzv qəbul edilməməsindən açıq narazılığını ifadə edib. O, üzvlüyə namizəd olaraq gözləmənin onları çox narahat etdiyini, bir sıra dövlətlərdən sıx əməkdaşlıq təklifləri aldıqlarını, lakin AB-nin qərarını gözləməyə davam edəcəklərini bildirib.

Səfərdən sonra mətbuata danışan Ərdoğan bir sıra maraqlı açıqlamalar verib, Albaniya ilə olan strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, NATO çərçivəsində də müttəfiq olan iki ölkənin ortaq təhlükəsizlik məsələləri ilə bağlı vəziyyəti müzakirə ediblər: “Albaniyanın müdafiə sənayesindəki ehtiyaclarının qarşılanması istiqamətində ata biləcəyimiz addımları danışdıq. Əməkdaşlığımızı daha da dərinləşdirəcək 7 anlaşmaya imza atdıq”.

Türkiyə prezidenti Balkanların ölkəsi üçün mühüm əhəmiyyətkəsb etdiyini bildirib: “Balkanlar Türkiyəsiz ola bilməz. Türkiyə olaraq Balkanlarda varıq. Bu gün Serbiya prezidenti Vuciç bizə qonaq gəlir. Onunla Balkanlarda atıla biləcək addımları, Bosniya-Hersoqovina məsələsini müzakirə edəcəyik. Bosniya-Hersoqovinada sülh və təhlükəsizliyin bölgə üçün əhəmiyyətini çatdıracam. Yaxın vaxtlarda diplomatik fəaliyyətləri gücləndirəcəyik. Türkiyə obyekitv yanaşma ilə problem tərəflərinin, bölgədə maraqlı qüvvələrin böhranın çözülməsi istiqamətində əlaqələndirilməsini davam etdirəcək”.

Ölkəsinin Aralıq dənizi karbohidrogen ehtiyatlarının istismarındakı maraqlarından danışan Ərdoğan ABŞ-ın Cənubi Kipr üzərindən qaz boru xəttinin çəkilməsini nəzərdə tutan layihədən kənara çəkilməsi faktını da şərh edib. Onun sözlərinə görə, ABŞ İsraillə Yunanıstanın birgə layihəsindən maliyyə baxımından səmərəli olmadığına görə dəstəyini çəkib: “Bu layihə baş tutası məsələ deyil. Bütün hesablamaları apardılar, gəlirini, xərcini hesabladılar – gördülər ki, heç bir səmərəsi olmayan layihədir. Ona görə də geri çəkildilər. Bu iş Türkiyəsiz olmayacaq. Buradan Avropaya qaz gedəcəksə, o ancaq Türkiyə üzərindən gedərsə iqtisadi baxımdan səmərəli olacaq. Biz bu sahədə Bərat bəy təbii sərvətlər naziri olanda İsraillə təmaslar qurmuşduq. Bəlkə də o zaman İsraillə işləməyə başlaya da bilərdik. İndi başlamağa ümid yoxmu? Əlbəttə var, oturub şərtləi müzakirə etmək lazımdır. Çünki bu işdə böyük mənfəət var. Müəyyən bir yerə gəlmişik, İsrail prezidenti ilə müzakirələrimiz olur. Baş nazir Bennet də müəyyən xəbərlər göndərir. Siyasət aparırıqsa, bunu döyüşlə, davayla deyil, barışla aparmağa məcburuq”.

Prezident Ərdoğanın açıqlamalarından aydın olur ki, Türkiyə Balkanlarda öz mövqelərini daha da gücləndirmək niyyətindədir. 


Siyasi şərhçi Asif Nərimanlının musavat.com-a bildirib ki, Türkiyənin Balkanlarda təsir imkanları tarixən olub:“Lakin son illərdə Ankara bu coğrafiyada daha aktiv siyasət yürüdür. Bunun səbəblərindən biri Avropa İttifaqının Qərbi Balkan siyasətinin heç bir nəticə verməməsidir. “Berlin prosesi” adlanan bu siyasətin məqsədi keçmiş Yuqoslaviyanın yerində yaranan ölkələr arasında problemlərin həlli, xüsusilə sərhəd məsələləri üzərindən münaqişənin yaranmasının qarşısını almaq idi. Bu proses həm də gələcəkdə bu ölkələrin Avropa İttifaqına qəbulu üçün təməl hazırlamalı idi. Lakin heç bir nəticə əldə edilmədi, son illərdə ümumiyyətlə, bu proses dayanıb. Albaniyanın baş naziri Edi Ramanın “Böyük Albaniya” haqda danışması da əslində Avropa İttifaqının yürütdüyü siyasətin uğursuzluğundan irəli gəlir. Rama bildirmişdi ki, Avropa İttifaqına üzvlük reallaşmasa, Kosova ilə Albaniyanın birləşməsi məsələsi gündəmə gələ bilər. Bu, ilk növbədə Brüsselə “xəbərdarlıq” mesajı idi. Çünki belə bir təşəbbüs bölgədə Serbiya ilə yeni münaqişəyə gətirib çıxaracaq. Balkanlarda yaşana biləcək istənilən toqquşma isə bütün Avropaya mənfi təsir göstərir. Rama bununla illərdir gözlədikləri üzvlük məsələsinin aktivləşməsinə nail olmaq istəyir. Lakin eyni zamanda, bölgədə belə planların olduğu da bəllidir. Bir müddət öncə Sloveniyanın bölgədə “sərhəd dəyişikliyi” ilə bağlı planlar hazırladığına dair məlumatlar var idi. Proseslər göstərir ki, Avropa İttifaqının nəticə verməyən siyasəti Balkanların siyasi xəritəsinin yenidən dəyişməsini gündəmə gətirə bilər və bu, yeni toqquşmalara da yol aça bilər”.

A.Nərimanlı deyir ki, Balkanlar coğrafi baxımından Avropanın təhlükəsizliyi, o cümlədən, enerji təhlükəsizliyi üçün önəmlidir: “Bu bölgədə gərginlik Avropa üçün risklər təşkil edir. Baş verənlər fonunda Türkiyənin bölgədə aktivləşməsinin hədəfləri var. Birincisi, Ankara Avropa İttifaqına üzvlük məsələsində eyni taleyi yaşayan bu ölkələrlə əməkdaşlığı genişləndirmək və bölgə üzərində təsir imkanlarını artırmaq istəyir. İkincisi, Ankaranın Balkan ölkələrini Türk Dövlətləri Təşkilatında görmək istədiyi istisna deyil. TDT-də müşahidəçi üzv presedenti buna imkan verir. Türkiyə bu ölkələri də TDT çətiri altına toplamaqla Avropadan Mərkəzi Asiyaya qədərki coğrafiyada təsir gücünü artıra bilər. Üçüncüsü, Balkanlar həm də Türkiyənin enerji siyasətinin bir hissəsidir. Ankara və Moskvanın Türk axını layihəsinin Avropa bazarına çıxış marşrutunda bu bölgə əsas coğrafiyalardan biridir. Bu bölgədə güclü olmaq Türkiyəyə gələcəkdə Avropa bazarına əlavə təsir imkanları yarada bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol