Menu

“Bu qərar səhiyyənin işini asanlaşdıracaq” - Karantin müddətinin azaldılması nəylə bağlıdır?

22.01.2022, 16:44
“Bu qərar səhiyyənin işini asanlaşdıracaq” - Karantin müddətinin azaldılması nəylə bağlıdır?

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə açıqladıqları məlumata əsasən, Azərbaycanda karantin qaydalarında bəzi dəyişikliklər edilib.

Qeyd olunub ki, son zamanlar dünya ölkələrində Sars-Cov-2 virusunun “omicron” ştamının yayılması halları müşahidə olunur: "Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur”.

Yeni qərara əsasən, Azərbaycanda koronavirus PZR test nəticəsi “müsbət” çıxanların və onların sıx təmasda olduğu şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə endirilib. Qeyd edək ki, bu qərar 24 yanvar 2022-ci il tarixindən qüvvəyə minəcək.

Mövzuyla bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, qərarın verilməsində beynəlxalq təcrübə əsas götürülüb: “Bildiyiniz kimi, Avropada 1 aydan artıqdır ki, koronavirusun “omicron” ştamı yayılmaqdadır. “Omicron”-un yayıldığı ölkələrdə hər həftə burun və udlaqdan götürülən yaxmalar əsasında müəyyən olunub ki, virus 1 həftədən sonra burunda qalmır. Ona görə də götürülən test nümunələri “neqativ” çıxır. Bu, o deməkdir ki, artıq həmin şəxs təmasda olduğu insanları yoluxdurmur. Bundan əlavə 1 həftədən sonra burun və udlaqdan götürülən yaxmanın nəticəsi “müsbət” çıxsa belə, virusun miqdarı az olduğundan yoluxdurma faizi də aşağı olur. Bütün bunlar 1 həftə sonra virusun “omicron” ştamının yoluxdurma qabiliyyətinin aşağı olmasından və yoluxanların xəstəliyi yüngül keçirdiyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, karantin müddətinin 1 həftə azaldılması səhiyyə sisteminin işini də yüngülləşdirəcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusla əlaqədar olaraq Azərbaycanda karantin rejiminin müddəti 1 mart 2022-ci ilə qədər uzadılıb. Hazırda ölkə ərazisində koronavirusa yoluxanların sayı gündəlik 500-1000 nəfər civarındadır.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol