ABŞ bütün vətəndaşlarını Ukrayndan çıxmağa çağırıb - Diplomatların ailə üzvləri təxliyə edilir

Birləşmiş Ştatlar Kiyevdəki səfirlik işçilərinin ailə üzvlərinə Ukraynadan çıxmaq göstərişi verib. Rusiya tərəfdən hərbi hücum təhdidi ilə əlaqədar ABŞ vətəndaşlarının hamısına ölkədən çıxmağın vacibliyi bildirilib.

Dövlət Departamenti yanvarın 23-də bildirib ki, səfirliyin əsas heyətdə olmayan işçiləri də hökumətin hesabına, könüllü şəkildə çıxa bilərlər. Departament göstərişləri Rusiya tərəfdən hərbi hücumla bağlı davamlı təhdidlə əlaqədar verdiyini bildirib.

Bəyanata görə, ABŞ hökuməti Ukraynadakı ABŞ vətəndaşlarını evakuasiya edə bilməyəcək və onlar ölkəni kommersiya reysləri ilə tərk etməyi nəzərdən keçirməlidirlər.

“Bunlar ehtiyat tədbirləridir, bizim Ukraynaya dəstəyimizə heç bir zərbə vurmayacaq”, – Dövlət Departamentinin rəsmisi jurnalistlərə deyib. Rəsmi Ukraynada neçə amerikalının olduğunu deməyib. Ancaq qeyd edib ki, ABŞ səfirliyi indiki kritik məqamda fasiləsiz dəstək vermək işini davam etdirəcək.

Bəyanatda Ukraynanın sərhədləri boyunca, Rusiyanın ilhaq etdiyi Krımda və Ukraynanın Rusiyanın nəzarətində olan şərq hissələrində təhlükəsizlik şərtlərinin gözlənilməz olaraq qaldığı, istənilən an pisləşə biləcəyi vurğulanır. 

“Kiyev daxil, Ukrayna boyunca bəzən zorakı xarakter alan nümayişlər baş verir”, – departament qeyd edir.

Dövlət Departamenti Rusiyanın Ukraynaya qarşı ciddi hərbi hücum planlamasına dair xəbərlərə istinad edib. Amma jurnalistlərə danışan rəsmi konkret hansı hərəkətin nəzərdə tutulduğunu açıqlamayıb.

“Biz təcavüzün baş verəcəyini bildiyimizi demirik. Prezident Vladimir Putinin nə qərar verəcəyini heç birimiz bilmirik. Bu ehtiyat tədbirlərini görməklə yanaşı biz diplomatik fəaliyyəti davam etdiririk”, – rəsmi söyləyib.

Rusiyanın Xarici İşlər Nazirliyi NATO ölkələrini Ukrayna ətrafında gərginliyi qızışdırmaqda suçlayır. ABŞ və Rusiyanın aparıcı diplomatları isə yanvarın 21-də gərginliyin azaldılması yönündə işi davam etdirməyə razılaşıblar.Kreml qonşusuna təcavüz planı olmadığını deyir, amma NATO-dan özəlliklə Ukrayna daxil, şərqə doğru genişlənməməyi tələb edir. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar