Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır? - "Ölkədə problemlərin əsas səbəblərindən bir budur..."

"Ölkədəki korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlansa da, həmin maddənin məzmunundan belə çıxır ki, məlumat yalnız hüquq sahibinin özünə verilir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Əkrəm Həsənov sosial şəbəkədəki hesabında yazıb.

Ekspert qeyd edib ki, əksər ölkələrdə bu reyestr hamıya açıqdır:"Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil olub və əldə etmək asandır. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Xalq ilk növbədə onun ərazisinin – torpaq sahələrinin, binaların kimə məxsus olduğunu görə bilməlidir".

İqtisadçı daha sonra reystrdə məlumat açıqlığının müsbət tərəflərin sıralayıb:

"Açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur;

Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək, rüşvət istəmək mümkünsüz olur;

Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz".

Ə.Həsənov daha bir misal gətirir: "Binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb. Tikən kimdir? İcazəsi varmı? İndi bunu bilmək mümkün deyil. Açıq reyestrdən isə dərhal öyrənə biləcəksiz. Bu cür misallar çoxdur".

İqtisadçı vurğulayır ki, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik: "İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır, çünki torpaq, miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir. Ölkəmizə sahib olaq!"

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar