TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? - “Vaxt məhdudiyyəti sadəcə bəhanədir”

Təhsil Nazirliyinin tələbə köçürülmələri ilə bağlı verdiyi qərar ciddi narazılılğa səbəb olub. Məlumat üçün qeyd edək ki, ali məktəblərdə ildə iki dəfə olmaqla qış və yay tətilləri zamanı tələbələrə ixtisasını, universitetini və təhsil formasını dəyişmək üçün imkan verilir. Ancaq Təhsil Nazirliyi bu ilin qış semestrində nədənsə tələbələrə belə bir şans tanımaq istəməyib.

Təhsil Nazirliyi bu qərarını 2021-2022-ci tədris ilinin 2 həftə gec başlamasıyla izah edib.

Nazirliyin rəsmi saytında qeyd olunur ki, 2021-2022-ci tədris ili iki həftə gec başladığından tədris materiallarının mənimsənilməsi və imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir: “Bununla əlaqədar olaraq, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Tələbələrin köçürülmə prosesi növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baş tutacaq”.

Bu qərara etiraz edən tələbələr isə nazirliyin “Facebook” hesabında öz narazılıqlarını ifadə ediblər.

Tələbə Fidan Qarayeva bildirir ki, bu qərar onun təhsil həyatının bitməsinə səbəb olacaq: “Əgər belə bir qərar veriləcəkdisə niyə subbakalavrları universitetlərə qəbul edərək, onlara problem yaradırlar? Bu, tələbəni yarı yolda qoymaq deməkdir. Təhsil haqqı yüksək olduğundan, həm oxudum həm də işlədim ki, 1 semestri yola verib, qiyabi təhsilə keçid edim. Amma bu qərar mənim bütün planlarımı alt-üst etdi. İnsanların taleyi ilə oynamaq bu qədər asan olmamalıdır”.

Hüsniyyə Nəzərova isə köçürülmələrin hətta mart ayında da baş tutduğunu xatırladır: “Ona görə də, burda vaxt məhdudiyyəti əsas götürülə bilməz. Bu qərar tələbələrə qarşı edilmiş haqsızlıqdır”.

Səbuhi Cavadov qeyd edir ki, bir çox tələbə təhsil almaqdan imtina edəcək: “İşləyəyərək ailəsini saxlayan tələbələr var ki, bu 4 ayı çətinliklə oxuyub qiyabi təhsilə keçməyə hazırlaşırdılar. İndi onlar ya təhsillərini dayandırmalı ya da işdən ayrılmalıdırlar. Ona gör də, qərar verərkən bu nüansları nəzərə almaq lazım idi”.

Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycan təhsil sistemində uğurlu hesab edilən islahatlardan biri də tələbələrin köçürülməsi idi: “Uzun müddət tələbə köçürülmələrinin universietlərin tabeliyində olması korrupsiya və rüşvətxorluq kimi hallara yol açırdı. Amma Təhsil Nazirliyi artıq 2016-cı ildən prosesi şəffaf, əlçatan və elektron formada təşkil etməyə başladı. Hazırda elektron formada aparılan köçürülmələr zamanı heç bir kənar müdaxilə olmur və hər kəs topladığı bala uyğun seçim edə bilir”.

Ekspert qeyd edir ki, Təhsil Nazirliyinin köçürülmə prosesinə 10 gün qalmış belə bir qərar verməsi tələbələrin ciddi narazılığına səbəb olub: “Hər il təxminən 1500-1700 tələbə bir universitetdən başqa bir universitetə və ya ixtisasa köçürülürdü. Amma bu qərardan sonra minlərlə insan prosesdən kənarda qalacaq. Hesab edirəm ki, bu qərar tələbələrə ciddi problemlər yaradacaq. Çünki onların əksəriyyəti artıq ümidlənmişdilər və arxayın idilər ki, topladıqları bala uyğun köçürülmə prosesində iştirak edəcəklər. Bundan əlavə xarici ölkələrdə təhsil alan tələbələr var ki, getdikləri ölkədə maddi, psixoloji və fiziki problemlər yaşadıqları üçün Azərbaycana qayıtmaq istəyirlər. Amma təəssüf ki, xaricdə təhsil alan tələbələrimiz ölkəyə qayıtmaq üçün bir qədər də gözləməli olacaqlar.

Təhsil Nazirliyi hesab edir ki, dərslər iki həftə gec başladığından köçürülmə zamanı bəzi problemlər yaşana bilər. Amma nəzərə almaq lazımdır ki, proses onsuz da elektron formada aparılır və hər bir tələbə topladığı bala uyğun öz seçimini edir. Yəni onsuz da, köçürülmə prosesi böyük vaxt tələb etmirdi. Hesab edirəm ki, iki-üç gün ərzində bu işi yekunlaşdırmaq olardı. Vaxt məhdudiyyəti sadəcə bir bəhanədir”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar