Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.
"18 saylı tam orta məktəbdə imtahan verərək müəllim peşəsinə yiyələnmiş 45 gənc müəllimlə görüş keçirdik. Zəruri tövsiyyələrimizi verdik. Optimist ovqatla ayrıldıq. Gənc müəllimlərə uğurlar arzulayıram və “Gənclər günü” münasibətilə onları təbrik edirəm"- deyə, millət vəkili Etibar Əliyev öz "facebook" səhifəsində yazıb.
“Qafqazinfo”nun məlumatına görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
M.Vəliyeva ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdarə müdiri ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.
Çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova və digər qonaqlar gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər. Bildiriblər ki, gənc müəllimlərin özünü inkişaf etdirməsində belə görüşlər mühüm əhəmiyyət daşıyır.
Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.






Şərhlər