Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov AMEA prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb.

Professor Əbülhəsən Abbasov APA-ya açıqlamasında deyib ki, AMEA-da böhranlı vəziyyət yaranıb.

Onun sözlərinə görə, böhranın səbəbi AMEA-nın zamanın, cəmiyyətin və müasir elmin tələbləri ilə hesablaşmamasıdır: “AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir ki, AMEA-da köklü islahatlara ehtiyac vardır. İlk növbədə, AMEA-nın idarə olunması, onun funksional təyinatı, missiyası üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nəsə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi. Bu aspektdə bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Ramiz Mehdiyev AMEA-nın prezidenti olmamışdan əvvəl də Akademiyanı öz nəzarətində, hətta deyərdim ki, hökmü və diktəsi altında saxlayıb, bu, danılmaz faktdır. Hələ AMEA prezidenti olmamışdan əvvəl də AMEA-da idarəetmədə xoşagəlməz hallar, yerliçilik, tanışlıq və şəxsi sədaqət prinsiplərinin tətbiq olunmasının arxasında məhz Ramiz Mehdiyev dururdu. Ramiz Mehdiyev AMEA-ya prezident gəlməmişdən öncə bir növ sovet idarəetmə sistemindən miras qalmış idarəetmə üsulunu Akademiyada var gücü ilə tətbiq edirdi. Bu da, şübhəsiz, ciddi fəsadlara yol açırdı. Amma Ramiz Mehdiyev AMEA-ya bilavasitə prezident gələndən sonra mənfi tendensiyalar, xoşagəlməz idarəetmə üsullarının tətbiqi elə həddə çatdı ki, çoxunun da etiraf etdiyi kimi, artıq AMEA-da böhranlı vəziyyət yarandı”.

Professor qeyd edib ki, AMEA-da idarəetmə başdan-ayağa yenilənməli, müasir tələblərə cavab verməlidir: “Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında AMEA prezidenti oldu. Həmin vaxt dövlət başçısı tərəfindən Azərbaycanda köklü islahatların yeni mərhələsi elan olunmuşdu. Hər yerdə fəlsəfə üzrə “baş akademik” kimi təqdim olunan Ramiz Mehdiyev nə etməli idi? İlk növbədə, AMEA-nın, ayrı-ayrı bölmələrinin, institut rəhbərlərinin qarşısında Azərbaycanda islahatların elmi-nəzəri təminatı və ideoloji platformasının hazırlanması problemini qoymalı idi. Savadlı, islahatlar haqqında sanballı biliyi, genişməlumatı, nümunəvi elmi yaradıcılığı və təcrübəsi olan alimləri səfərbər etməli, vahid platformada hərəkətə gətirməli idi. Bəli, bunu etməli idi. Əfsuslar olsun ki, bu adam özü fəlsəfə üzrə akademik ola-ola, hətta Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivini toplayaraq görüş keçirməyi özünə borc bilmədi. Bir dəfə də olsun alimlərindən soruşmayıb ki, islahatlara baxışınız necədir, aparılacaq islahatların ümumi prinsipləri, ideya-idealları, təsəvvürlər sistemi nədən ibarətdir, biz hansı epistemoloji bazaya söykənməliyik, islahatların fəlsəfi nüvəsini nə təşkil etməlidir? Azərbaycan cəmiyyətinin ayrı-ayrı fəaliyyət sahələri üzrə islahatların, ilk növbədə, elmi-nəzəri müstəvidə strukturu, açılışı, mərhələləri və prioritetlər dairəsi nədən ibarət olmalıdır? İqtisadi, siyasi, hüquqi, sosial, mənəvi-mədəni və digər sahələrdə islahatlar hansı formada, hansı məzmun-mahiyyətdə, hansı qarşılıqlı koordinasiyada həyata keçirilməlidir, bunun elmi təminatı nədən ibarətdir? Hansı mexanizmlər işə gətirilməli, hansı dünya təcrübələri önə çəkilməlidir? Bunların hamısı açıq qaldı, problemlər həll olunmadı. Əksinə, Ramiz Mehdiyev ən arxaik, cəmiyyəti və elmi geriyə aparan, ancaq vərdiş etdiyi üsullara üstünlük verdi”.

Ə. Abbasov vurğulayıb ki, Ramiz Mehdiyev AMEA-da, bir növ, idarəetməni özünün personasına, toxunulmaz səlahiyyət sahibi, aparıcı fiqur olmasına xidmətə yönəltdi: “O, tam ziyanlı qadağalar, bürokratik maneələr ortaya çıxardı, yenilik adı altında bölmələrdə, ümumi strukturda qeyri-konstruktiv dəyişikliklər apardı. AMEA-da öz üzərinə düşən məsuliyyəti dərk edən, bacarıqlı, qabiliyyətli, savadlı, işləri operativ yerinə yetirən insanların çoxunu qısa müddətdə kənarlaşdırdı, xoşagəlməz, sırf şəxsi sədaqət və yerliçilik prinsipləri əsasında kadr təyinatlarını həyata keçirməyə başladı. Əvvəllər də AMEA prezidentləri olub, ancaq onların ətrafında bu qədər köməkçilər, yardımçılar olmayıb. Yeri gəlmişkən, bəzən deyirlər ki, elmə az pul ayrılır. Bununla mən də razıyam, milli gəlirin, heç olmasa, 2-3 faizi civarında elmə vəsait ayrılmalıdır. Azərbaycanda isə bu səviyyə çox aşağıdır. Amma, idarəetmə optimallaşmasa, dövlət elmə ayrılan vəsaiti nə qədər artırsa da, idarəetmənin daxilində yerləşmiş yararsız bürokratiya həmin vəsaiti mənimsəyəcək və ya israf edəcək. Bunu indi də görürük. İş görən vicdanlı, məsuliyyətli, qabiliyyətli insanlara həmin vəsait çatmayacaq. Yeri gəlmişkən, hazırda o insanlar hansı şəraitdə işləyirlər? 21-ci əsrdə işləyən həmin insanlar adi personal kompüterlə də təmin olunmayıblar. Çünki ayrılan pullar müxtəlif adlarla, qrantlarla, mükafatlarla, mənasız tədbirlərlə sovrulur. Bunu araşdırmaq xüsusi orqanların işidir, mən məsələnin elmi tərəfini danışıram. Nə qədər maliyyə ayrılsa da, yararsız idarəetmə çərçivəsində sovrulub gedəcək, şəxsi, qrup, korporativ maraqlar çərçivəsində israf olunacaq, mənimsəniləcək. Biz bunu görürük. Ona görə də bu məsələ həll olunmalıdır”.

Professor hesab edir ki, Prezident İlham Əliyev bu məsələni öz nəzarətinə götürməli, problem operativ həll olunmalıdır: “Düşünən, vicdanlı, potensiallı alimlər bu məsələdə dövlət başçısına yardım, kömək etməlidirlər, kənarda gözləməklə alim borcu-vəzifəsi bitmir. AMEA-nın kadr tərkibini, rəhbərliyini, habelə, elmi problem və prioritetlərini yeniləşdirmək lazımdır. Qabaqcıl dünya təcrübəsindən də səmərəli istifadə olunmalıdır. Bu işləri görmək üçün isə AMEA rəhbərliyi, birinci şəxs dəyişməli, rəhbərlik yenilənməlidir. AMEA-nın rəhbəri cəmiyyətdə, elmi ictimaiyyətdə həqiqətən hörməti olan, geniş və dərin biliyi, müdrikliyi və əməli-salehliyi ilə fərqlənən, enerjili, gələcəyi görən, dövləti çağırışlara və milli maraqlara uyğun surətdə fəaliyyət göstərən şəxs olmalıdır. Eyni zamanda, bütün idarəetmə strukturları yenidən qurulmalıdır. Ramiz Mehdiyev AMEA prezidenti olaraq qaldığı halda isə heç bir perspektiv görmürəm. Nə qədər ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olacaq, bunlar mümkün olmayacaq. O, ətrafında bir mühafizə layı – özünəməxsus Rəyasət Heyəti və s. yaradıb. Hələ vaxtilə o insanların çoxunu özündən asılı vəziyyətə gətirib. Elmi ad, titul almaqda, akademik, direktor, rektor olmaqda və başqa məsələlərdə özündən asılı vəziyyətə salıb. Əlbəttə, AMEA-da akademiklər, müxbir üzvləri arasında, həqiqətən, o titula layiq olanlar var. Ancaq məsələ ondadır ki, idarəçilik bu formada qalacaqsa, onların da potensialı lazım olan effekti verə bilməz”.