“Latviyalı Yulias Straume 1908-1911-ci illərdə Şuşada rəsm müəllimi işləyib”

Latviyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa “AzPolitika.info” saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Xanım Buşa, Latviyanın dövlət başçısı Eqils Levits görüşlərində ölkəmizlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu, həmçinin, Azərbaycanın etibarlı tərəfdaş olaraq beynəlxalq təhlükəsizlik və əməkdaşlıq proseslərinə mühüm töhfə verdiyini söyləyir. Hazırda ikitərəfli münasibətlər hansı səviyydədir?

- Azərbaycan Cənubi Qafqazda Latviyanın ən önəmli tərəfdaşıdır. Bizim ikitərəfli əlaqələrimiz dostluq və qarşılıqlı faydalara əsaslanır. Qeyd etmək lazımdır ki, Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin mühüm elementi olan yüksək səviyyəli siyasi dialoq müntəzəm olaraq davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 1-3 fevral tarixlərində Latviyada rəsmi səfərdə olub. Parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi təqdirəlayiqdir. Bu yaz ikitərəfli əlaqərin gündəliyi çox intensiv olacaq. 16 mart 2022-ci ildə iqtisadi, sənaye, elmi və texniki məsələlər üzrə Latviya-Azərbaycan Hökümətlərarası Komissiyanın 8-ci iclası Riqada keçiriləcək. Hökümətlərarası Komissiya eyni zamanda iki ölkə arasındakı əməkdaşlıq üçün hökümət səviyyəsində əhəmiyyətli vasitədir. Bundan əlavə yaxın aylarda Latviya Müdafiə naziri və Xarici İşlər nazirinin Bakıya səfərləri, eləcə də müntəzəm siyasi məsləhətləşmələr planlaşdırılır. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi əlaqələrin olmasını nəzərə alsaq, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün potensialın olduğuna inanırıq.

Çoxtərəfli formatda bizim əməkdaşlığımız çox əhəmiyyətlidir. Latviya Azərbaycanın COVİD-19 üzrə BMT-nin Baş Asembliyasının xüsusi sessiyasını keçirmək təşəbbüsünü dəstəkləyib. Biz 2020-ci ildə COVİD-19 şəraitində dezinformasiya ilə mübarizə haqqında Latviyanın BMT-yə ünvanladığı regionlararası bəyanata Azərbaycanın vəd etdiyi dəstəyə görə təşəkkür edirik.

Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq təhlükəsizlik və əməkdaşlıq proseslərinə güçlü öhdəçiliyi ilə bağlı xatırlatmaq istərdim ki, Latviya Səfirliyi 2021-2022-ci illərdə Azərbaycanda NATO-nun əlaqələndirici səfirliyidir. Biz NATO-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsinə töhfə verməkdən məmnunuq.

- Ölkələrimiz arasında iqtisadi əlaqələr barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Azərbaycanda neçə Latviya şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti daha çox hansı sahələri əhatə edir?

- Azərbaycan hər zaman Latviyanın iqtisadi əməkdaşlığında əhəmiyyətli tərəfdaş olub. 2021-ci ilin ilk 11 ayında pandemiyaya baxmayaraq, ixrac olunan malların ümumi dəyəri 16.78 milyon avroya bərabər olmuşdur ki, bu da 2020-ci ilin ilk 11 ayı ilə müqayisədə 2% artıqdır. Əsas ixrac olunan məhsullar: süd məhsulları -21% və ya 3.48 milyon avro, müxtəlif ərzaq məhsulları-16% və ya 2.72 milyon avro, farmokoloji məhsullar-14% və ya 2.39 milyon avro olub.

2021-ci ilin ilk 11 ayında idxal olunan malların ümumi dəyəri 1.18 milyon avroya qədər artıb. Əsas idxal məhsulları: dəmir və polad, plastik və plastik məhsullardır.

COVİD-19 Pandemiyasının iqtisadiyyatın inkişafına mənfi təsirlərinə baxmayaraq, bu, eyni zamanda yeni imkanlar da təqdim edir. Belə ağır zamanlarda ərzaq və kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsini görmək çox xoşdur. Bunlar da həmçinin ikitərəfli ticari əlaqələr üçün yeni imkanlardır. Elə bu yaxınlarda Latviyanın “Tukuma Piens” süd məhsulları şirkəti tərəfindən Azərbaycan bazarına süd məhsulları ixrac olunub. “Baltais”, “BaltaisEco”, “Exporta” və “Skyr” brendləri altında “AZZA” mağazalarına qatıq, kəsmik, yoqurt və digər süd məhsulları təklif olunub və bu məhsulların ixracının genişləndirilməsi planlaşdırılır. Eyni zamanda yüksək keyfiyyətli “Ādažu” və “Taffel” kartof çipsiləri və “Orkla Latvija” şirkətinin müxtəlif çeşidli “Laima” şokoldları və “Selga” peçenyeləri yenidın Bakı müştərilərinə qayıdıb.

- Bəs ikitərəfli birbaşa uçuşların bərpası nə zaman nəzərdə tutulur?

- Bizim milli aviadaşıyıcımız “airBaltic” bu ilin may ayının əvvəllərində Riqa və Bakı arasındakı birbaşa mövsümü uçuşları yeniləməyi planlaşdırır. Hesab edirik ki, bu, eyni zamanda iki ölkə arasındakı turizmin yenidən başlamasına və inkişaf etdirilməsinə kömək edəcək.

COVID-19 pandemiya vəziyyətini nəzərə alaraq, Latviyanın Bakıdakı səfirliyi 1 mart 2022-ci il tarixindən Latviya, Estoniya və Sloveniyaya Şengen vizalarının verilməsinə yenidən başlamağa ümid edir.

- İki ölkə bir-birinin tranzit potensialından hansı yollarla faydalana bilər?

- Azərbaycan Transqafqaz regionunda nəqliyyat və loqistika sektorunda Latviya üçün mühüm tərəfdaşdır. Bizim nəqliyyat ekspertləri Azərbaycan vasitəsi ilə Mərkəzi Asiyaya tranzit yüklərin nəqlini inkişaf etdirmək üçün potensialın olduğunu görürlər, bu sahədə biz Asiya, Qara Dəniz sahili ölkələri və Şimali Avropa arasında çoxmodelli nəqliyyat əlaqələrinin qurulmasında tərəfdaş ola bilərik. Latviya Azərbaycanın ixracı üçün Avropa İttifaqı bazarlarına giriş qapısı ola bilər. Müvafiq olaraq biz Azərbaycanın biznesinə təkcə bizim limanlarımız vasitəsi ilə yüklərin daşınmasını deyil, eyni zamanda onların saxlanılmasını, emalını, tədqiqini və sonradan Şimali Avropada paylanması üçün imkanlar da təklif edirik. Əməkdaşlıq üçün digər vədedici sahə yüklərin hava yolu ilə daşınmasıdır. Riqa Beynəlxalq Hava Limanı yerli yükdaşıma agentləri ilə əməkdaşlıq edərək hava yolları ilə olan yüklərin Baltikyanı ölkələr və Skandinaviyaya paylanmasını təmin edə, həmçinin də, Azərbaycan tərəfinə Avropa-Asiya daşımalarını inkişaf etdirməyi təklif edə bilər. Bura Latviyanın İKT sahəsində də əməkdaşlıq təklif edə biləcəyini əlavə etmək istərdim. İKT Latviyada ən sürətlə böyüyən sənayelərdən biridir.

- Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan bəyan edir ki, postmüharibə dövründə Ermənistanla sülh danışıqlarına hazırdır. Siz 44 günlük müharibənin nəticələrini və sülh perspketivini necə qiymətləndirirsiniz?

- Latviyanın mövqeyi məlumdur. Latviya Helsinki Yekun Aktında və ATƏT-in Paris Xartiyasında müəyyən edilmiş hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bölgədə sülh və sabitliyin təmin edilməsi son dərəcə vacibdir. Latviya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda atəşkəs haqqında 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını alqışlayır. İndi davamlı sülhə nail olmaq vaxtıdir. Aİ üzvü olan ölkə kimi Latviya münaqişədən sonrakı vəziyyətdə ərazilərin minalardan təmizlənməsi, sərhədlərin delimitasiyası və demarkasiyası və s. kimi problemlərin həllində Aİ-nin səylərinə öz töhfəsini verir.

- Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdi. Bu istiqamətdə hansı nəticələr var?

- Latviya Səfirliyi Riqadakı tərəfdaşları ilə birlikdə azad edilmiş ərazilərin bərpası prosesi - yaşıl enerji zonalarının yaradılması, su və tullantıların idarə edilməsi, infrastrukturun yaradılması, binaların

layihələndirilməsi, eləcə də, tarixi və mədəni abidələrin bərpası prosesi haqqında Latviya şirkətlərini məlumatlandırmaqda davam edir. Biz artıq Latviya şirkətlərindən tikinti və bərpa sahələrində maraq və işgüzar təkliflər almışıq.

Latviyanın CLEANTECH LATVIA şirkətindən ekoloji təmiz texnologiyalar, tullantısız istehsal və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üçün geniş təkliflər də mövcuddur. Bu şirkət məlumat mübadiləsini və geniş çeşiddə innovativ ekoloji xidmətlər və məhsullar təklif edən sahələrə qlobal yanaşma ilə fəaliyyət göstərən bir çox müəssisələrin, tədqiqat institutlarının və ali təhsil müəssisələrinin bilik, təcrübə və problemlərin həlli yollarını bir araya gətirir. Səfirlik bərpa proseslərini izləyir və geri alınan ərazilərin bərpası prosesində mümkün əməkdaşlıq formalarını öyrənməyə çalışır.

- Rəsmi Bakı postmüharibə dövründə sülh quruculuğu, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması, regionda nəqliyyat-kommunikasiya yollarının açılmasında Avropa İttifaqında dəstək gözləyir. Siz necə düşünürsünüz, Avropa İttifaqı hansı təşəbbüslərlə Azərbaycana, sülh quruculuğuna kömək edə bilər?

- Əvvəlcə də qeyd etdiyim kimi Latviya post-münaqişə vəziyyətində Avropa İttifaqının problemlərin həll edilməsi yönündə səylərinə və iştirakına öz töhfəsini verir. 14 dekabr 2021-ci il tarixində Avropa Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyanla olan üçtərəfli görüşündən sonra verdiyi bəyanatında Aİ öhdəçiliyi olan hər iki lideri əmin etdi: “Hər iki ölkə ilə münaqişənin aradan qaldırılmasında, etimad üçün əməkdaşlıq və mühitin yaradılmasında mükəmməl sülh sazışləri ilə regionda daimi sülhə nail olmaqda yaxından əməkdaşlıq etmək. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların mənafeyi naminə təhlükəsiz, stabil və firavan Cənubi Qafqaz qurmaqdır”. Bura hər iki ölkənin Müdafiə nazirləri ilə uğurlu birbaşa əlaqələrin qurulması, əsas humanitar məsələlərin həlli, minaların təmizlənməsi səylərinə dəstək, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına ekspert məsləhətinin təmin edilməsi və münaqişədən zərər çəkmiş insanların reabilitasiyası da daxildir. Azərbaycan və Ermənistan arasında, xususi ilə də Cənubu Qafqaz regionunda kommunikasiyaların bərpasının vacibliyi də vurğulanıb. Avropa İttifaqı da Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə dəstək olmağa davam edəcək.

- Azərbaycanla Avropa İttifaqı hazırda yeni ikitərəfli əməkdaşlıq sazişi üzərində işləyir. Rəsmi Riqa bu prosesdə iştirak edirmi, bu prosesi necə dəyərləndirirsiniz?

- Danışıqlar Azərbaycan və Avropa İttifaqı arasındadır. Aİ-nin bir hissəsi kimi biz danışıqların tez bir zamanda yekunlaşdırılmasında və yeni mükəmməl Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasında maraqlıyıq. Biz düşünürük ki, danışıqlar son mərhələdədir və bu Sazişin tamamlanmasından hər iki tərəf faydalanacaq. Ona görə də danışıqlar prosesini səbirsizliklə gözləyirik və ümid edirik ki, Saziş yaxın gələcəkdə imzalanacaq.

- Latviyanın ölkəmizdəki Səfirliyi mədəniyyət sahəsində tez-tez müxtəlif tədbirlər həyata keçirir. Sonuncu tədbir latviyalı iki müasir tekstil rəssamın əsərlərindən ibarət sərgidir. Mədəniyyətlə bağlı növbəti tədbiriniz planlaşdırılırmı?

- Bəli, siz haqlısınız. Keçən il biz bir çox tədbirlər təşkil etmişik. NATO-nun Azərbaycandakı əlaqələndirici Səfirliyi kimi də müxtəlif tədbirlər təşkil etmişik. Bu vəzifə çərçivəsində Səfirlik Bakıdakı bir sıra Aİ səfirlikləri ilə birgə əməkdaşlıqla “Peace be upon You-Salam Aleykum” adlı Müasir İncəsənət Layihəsi təşkil edib. Bu layihəyə “Azərbaycanın Əfqanıstandakı sülh əməliyyatlarına dəstəyi” mövzusunda müzakirələr, film nümayişləri, rəssamların emalatxanalarına səfər və s. daxildir. Səfirlik eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universiteti ilə birgə əməkdaşlıqla “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” mövzusunda beynəlxalq konfrans da təşkil edib. Səfirlik olaraq biz Mədəniyyətə, mədəni irsin qorunmasına böyük önəm veririk.

Keçən ilin noyabr ayında ilk dəfə Azərbaycanda “kiçik millət-böyük animasiya” adlı Latviya Animasiya Filmləri Festivalı təşkil etdik. Bundan əlavə Latviyalı rəssam və fotoqraf Dase Ştrausenin “Qarabağ Atları” adlı sərgisini ictimaiyyətə təqdim etdik. Və əlbəttə ki, sizin də qeyd etdiyiniz sərgi - İki Latviyalı rəssam İrisa Blumate və İveta Vesenanenin Gazelli ART House-da keçirilən “All in two” sərgisidir.

Keçən il biz həmçinin Azərbaycan Milli Konservatoriyası ilə birgə əməkdaşlıq çərçivəsində Latviyanın məşhur “Melo-M” violençel triosunun Beynəlxalq Muğam Mərkəzində konsertini də təşkil etmişik.

2021-ci ili bizim dəstəyimizlə Premier LTD şirkətinin təşkil etdiyi “Kremerata Baltika» orkestrinin konserti ilə başa vurduq.

Bu il biz bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq. Biz ilin mədəni proqramını dünya şöhrətli skripkaçı Gidon Kremerin 5 mart 2022-ci ldə Heydər Əliyev Mərkəzində keçirilən Konsertə dəstəyimiz ilə açacağıq.

Latviyalı skripkaçı Madara Peterson da Maestro Gidon Kremerin 75 illiyinə həsr olunmuş konsertdə iştirak edəcək. Konsert Premier LTD şirkəti tərəfindən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Latviya Səfirliyinin dəstəyi ilə FantazEU Festivalı çərçivəsində təşkil olunub.

Daha sonra aprel ayının sonunda Heydər Əliyev Fondu ilə bigə əməkdaşlıqla Dase Ştrausenin “Qarabağ Atları” sərgisini Şuşa şəhərində sərgiləməyi planlaşdırırıq.

Səfirlik ekoloji layihələrə də çox böyük önəm verir. Bu il biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Futurum” adlı ekoloji layihənin həyata keçirilməsini planlaşdırırıq.

Səfirlik eyni zamanda Azərbaycan Milli Xalça Muzeyi ilı birlikdə Latviyalı tekstil rəssamı, Qafqazda və Azərbaycanda müəllim işləmiş Yulias Straumenin irsinə aid layihə də həyata keçirməyi planlaşdırır. Straume 1908-1911-ci illərdə Şuşada rəsm müəllimi işləyib.

NATO-nun əlaqələndirici Səfirliyi kimi bu ilin payızında “To be a woman” müasir incəsənət layihəsi çərçivəsində gender bərabərliyi üzrə layihənin həyata keçirilməsini planlaşdırırıq. Biz eyni zamanda 2026-2027-ci illərdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Latviyanın namizədliyini təmin etmək üçün xalq diplomatiyasına aid tədbirləri də həyata keçirəcəyik.

Səfirlik Latviya və Azərbaycan arasında artıq mövcud olan güclü mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün var gücü ilə çalışacaq.

Laçın SƏMLA

“AzPolitika.info”