Yanvarın 31-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2021-ci ilin ixrac icmalını açıqlayıb. Qurumun məlumatına əsasən, 2021-ci ildə Azərbaycanın ixrac etdiyi məhsulların toplam dəyəri 22,2 milyard dollar olub. İxracatın 19,5 milyardı neft sektorunun, 2,7 milyardı isə qeyri-neft sektorunun payına düşüb.
2021-ci ildə Azərbaycanın xarici ölkələrə qeyri-neft sektoru üzrə ən çox ixrac etdiyi 3 məhsul pambıq, qızıl və pomidor olub. Ötən il pambıq ixracı 208 milyon dollar təşkil edib. Qızılın və pomidorun ixracı isə 2020-ci illə müqayisədə 1,5 faiz və 20,5 faiz azalaraq müvafiq olaraq 202,5 və 160,2 milyon dollar olub. Qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə Rusiya (877,8 milyon dollar), Türkiyə (675,9 milyon dollar), İsveçrə (224,1 milyon dollar), Gürcüstan (157,5 milyon dollar) və ABŞ (74,9 milyon dollar) olub.
Açıqlanan rəqəmlərdən də aydın olur ki, ölkə iqtisadiyyatı əsasən enerji resurslarından əldə olunan gəlir hesabına formalaşır. Qeyri-neft sektorunun iqtisadiyyatdakı payı isə təxminən 2 -3 milyard dollar arasında dəyişir. Məsələn, 2019 və 2020-ci illərdə qeyri-neft sektorundan əldə olunan gəlir 1,9 milyard dollar, 2018-ci ildə isə 1,7 milyard dollar olub. Ekspertlər gəlirinin böyük hissəsini enerji resurslarından əldə edən ölkələrin iqtisadi sabitliyinin olmadığını bildirirlər. Elə 2014-cü ildə neftin ucuzlaşması nəticəsində Azərbaycan iqtisadiyyatında kəskin geriləmənin baş verməsi də bunun əyani sübutudur. Hökumət bu səbəbdən 2015-ci ildən enerji resurslarından asılılığı azaltmaq üçün qeyri-neft sektoruna investisiya ayırmağa başlayıb. Amma statistikaya nəzər salsaq görərik ki, 2015-ci ildən bu yana qeyri-neft sektorunda elə də ciddi irəlləyiş baş verməyib.
Qeyd edək ki, dünya ölkələrinin 90 faizi heç bir enerji resursuna sahib deyil. Bu ölkələrin əksəriyyəti öz iqtisadiyyatlarını aqrar sektor və turizm üzərində qurublar. Bizdə də bu sahələrin inkaşfı üçün müəyyən işlər görülməsinə baxmayaraq, hələ ki, uğurlu bir nəticə əldə etmək mümkün olmayıb. Hazırda aqrar sektorda nisbi irəlləyiş olsa da, turizm üçün bunu demək mümkün deyil. Neft-qaz resurslarının gələcəkdə tükənəcəyini nəzərə alsaq, bu müddət ərzində hökumət mütləq şəkildə qeyri-neft sektorunun inkşafı üçün daha ciddi addımlar atmalıdır.
Ekspertlər 2050-ci ilə qədər Azərbaycanın neft ehtiyatlarının tükənə biləcəyini proqnozlaşdırırlar. “British Petroleum”-un araşdırmasına görə, 2020-ci ildə Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 1 milyard tondur. Bu isə dünya neft ehtiyatlarının ümumi həcminin 0,4 faizi deməkdir.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada 263,8 milyard ton neft ehtiyatı var ki, onun da böyük bir hissəsi Venesuela, Səudiyyə Ərəbistanı, Kanada, İran və İraqda yerləşir. Statistikaya əsasən, son illər Azərbaycanın illik neft hasilatının azaldığı müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda neft hasilatı 50,7 milyon ton, 2015-ci ildə 41,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton olub. Ekspertlər Azərbaycanın neft ehtiyatlarının 25-30 il ərzində tükənəcəyini bildirirlər.
Qloballaşan dünyada neft artıq yavaş-yavaş ikinci plana keçir. Dünya ölkələrinin bir çoxu “neft erası”-nın bitdiyini elan ediblər. Bunun əsas səbəbi isə baş verən iqlim böhranlarıyla əlaqədardır. İnkşaf etmiş ölkələr artıq ekologiya üçün zərərli sayılan enerji qaynaqlarından imtina edirlər. Beynəlxalq araşdırmalara əsasən, neftə olan tələbat 2025-2030-cu illərdə maksimum həddə çatsa da, bundan sonra proses tədricən zəifləyəcək.
ABŞ, Avropa və Çinin iqlim neytrallığı sahəsindəki səyləri nəticəsində neft istehlakının 2050-ci ildə iki dəfə aşağı düşəcəyi bildirilir. Qlobal şirkətlər də artıq külək və günəş enerjisi ilə çalışan sahələrə investisiya yatırmağa başlayıblar.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanın iqtisadiyyatı ciddi şəkildə enerji resurslarından aslı vəziyyətdədir: “Neft Fondu olmasa ölkə iqtisadiyyatını təsəvvür etmək mümkün deyil. Hazırda ölkənin makroiqtisadi sabitliyinin əsas səbəbi neftin qiymətinin yüksək olmasıdır. Enerji resurlarından əldə olunan gəliri çıxsaq, Azərbaycanın ixracat göstəricisi hətta Ermənistan və Gürcüstanla müqayisədə belə aşağıdır. Belə ki, Azərbaycan adambaşına düşən ixrac nisbətinə görə, Gürcüstan və Ermənistanla müqayisədə təxminən 2-3 dəfə geridədir. Elə ölkələr var ki, heç bir enerji resursu yoxdur, amma bizdən daha yüksək ixracat göstəricilərinə sahibdirlər. Məsələn, MDB ölkələrindən Belarusun heç bir enerji resursu yoxdur, əhalisinin sayı də təxminən bizə yaxındır(9,3 milyon nəfər), amma ixracatı Azərbaycanın ümumi ixracından təxminən 50 faiz çoxdur”.
Ekspert qeyd edib ki, 2022-ci ildə büdcənin 54,5 faizi birbaşa neft sektorundan maliyyələşib: “Hazırda büdcə xərclərinin 3/2-i cari xərclərdir. Bu, o deməkdir ki, neft sektorundan əldə etdiyimiz gəlirlə əhalinin sosial ödənişlərini, əməkhaqlarını və s. ödənişlər edirik. Qeyri-neft sektorundan gələn gəlir bu ödənişləri belə qarşılaya bilmir. Dövlət 2015-ci ildən bu sahəni inkşaf etdirmək üçün müəyyən işlər görür. Amma statistikadan da aydın olur ki, bunun iqtisadiyyata ciddi bir faydası olmur. Doğrudur, bu sahədə müsbət irəliləyişlər var, amma neftdən asılılıq hələ də çox yüksəkdir. Hazırda qeyri-neft sektorunun maliyyələşdirilməsi belə enerj resurslarından əldə olunan gəlir hesabına reallaşır. İxracatın 88-90 faizi birbaşa enerji sektorundan maliyyələşir.
Hesab edirəm ki, bu sahədə irəlləyiş əldə etmək üçün ilk öncə məmur- sahibkar modelindən imtina etmək lazımdır. Çünki bu model qeyri-neft sektorunun inkşafına imkan vermir. Bundan əlavə dövlət sektorunda qeyri-effektiv müəssisələr korporativ idarəetməyə verilməldir. Çünki qeyri-effektiv idarəetmə müəyyən xərclər yaradır ki, bu da öz növbəsində rəqabət mühitinin pozulmasına səbəb olur. Düşünürəm ki, dövlət sektorunda özəlləşdirməyə getmək və kompaktlaşdırma aparmaq lazımdır. Bundan əlavə məhkəmə sistemi təkmilləşdirilməli və sağlam rəqabət mühiti yaradılmalıdır”.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə qeyr-neft sektoru üzrə Türkiyə 165,9 milyard dollar, Rusiya 160 milyard dollar, İran 35 milyard dollar, Gürcüstan və Ermənistan isə 2,5 milyard dollar ixrac həyata keçirib.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər