Menu

Almaniya kansleri Vaşinqtona, Fransla lideri Moskvaya - Avropa aktiv diplomatiyaya start verdi

07.02.2022, 14:13
Almaniya kansleri Vaşinqtona, Fransla lideri Moskvaya - Avropa aktiv diplomatiyaya start verdi

Fevralın 7-də Almaniyanın Kansleri Olaf Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhəd qoşun yığmasının yaratdığı gərginliyin aradan qaldırılmasında Almaniyanın rolunu artırmaqdır.

Şolts dekabrda kansler vəzifəsinə keçəndən bəri ilk dəfədir Ağ evə səfər edir. Almaniyanın yeni lideri Ukraynaya silah göndərməyə razılaşmadığına görə tənqidlə üzləşib. Fevralın 6-da Berlindən yola düşən Şolts bir daha deyib ki, Almaniya Ukraynaya silah göndərməyəcək. Amma o, ölkəsinin Baltik ölkələrinə əsgər göndərməyə hazır olduğunu söyləyib.

Almaniyanın Baltik ölkələrində NATO əməliyyatlarında iştirakını “gücləndirmək üçün gərəkəni etməyə hazırıq”, – Şolts Almaniyanın ARD ictimai televiziyasına müsahibəsində deyib. Almaniya NATO-nun Litvada əməliyyatına rəhbərlik edir, bu ölkədə 500 əsgəri var.

Bu arada Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı narahatlıq artır. Qərb ölkələri və NATO Rusiyanı sərhədə 100 mindən çox əsgər yığmaqda ittiham edir. Rusiya isə işğal planları olmadığını deyir, amma eyni zamanda genişmiqyaslı təhlükəsizlik qarantiyaları tələb edir. Tələblərdən biri də Ukraynanın NATO-ya heç vaxt üzv olmamasıdır.

Şolts ölkəsinin Ukraynaya silah göndərməkdən imtinasını müdafiə edib. 

“İllərdir, Almaniya hökumətinin böhran zonalarına silah göndərməməklə bağlı aydın siyasət yürüdür. Biz Ukraynaya öldürücü silahlar göndərmirik”, – o, ARD televiziyasına deyib.

Şolts hökuməti Almaniyanın Rusiyaya mümkün sanksiyaları açıqlamaqdan imtina etdiyinə görə də tənqid olunur. Amma kansler deyib ki, Moskva hücum edəcəyi halda böyük bədəllə üzləşər.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Almaniya silah göndərməsə də, Birləşmiş Ştatlardan sonra Ukraynanın ikinci böyük donorudur. “Müxtəlif müttəfiqlər bu işin fərqli tərəfindən yapışırlar”, – Sallivan NATO-nun 30 üzvü haqda belə deyib.

Sallivanın sözlərinə görə, Baydenlə Şolts Rusiya qazının Almaniyaya nəqlini nəzərdə tutan "Şimal axını-2" kəmərini müzakirə edəcəklər.

Müşavirin sözlərinə görə, Rusiya Ukraynanı işğal edərsə, kəmər işə düşməyəcək. Şolts isə ARD-yə müsahibəsində kəmər haqda suala cavabında heç nə istisna olunmur söyləyib. Kəmərin tikintisinin tamamlanmasına baxmayaraq, Almaniyanın tənzimləyici orqanları ona yaşıl işıq yandırmayıb.

Şolts Vaşinqton səfərindən sonra bu həftənin sonuna yaxın Berlində Baltik ölkələri liderləri ilə görüşəcək. O, ayın sonuna isə Ukraynaya və Rusiyaya səfər edəcək.

Fransa Prezidenti Emmanuel Makron da fevralın 7-də diplomatik səfərə başlayır. O, Moskvada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Makron səfərdən öncə Baydenlə telefonla danışıb. "40 dəqiqəlik söhbət zamanı iki lider səfər öncə yaxşı koordinasiya üçün həftəsonu kontaktları haqda informasiya paylaşıblar”, Fransa prezidentinin ofisindən bildirilib.

Ağ evin məlumatına görə, iki lider Rusiyanın Ukrayna sərhədlərinə hərbi qüvvə cəmləməyə davam etməsinə qarşı diplomatik və çəkindirici cəhdləri götür-qoy ediblər. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol