Menu

MEHDİYEVİN ADAMININ ŞİKAYƏTİ RƏDD EDİLDİ - Sabiq deputat onu "Tərtər işi"ndə ittiham etmişdi

09.02.2022, 19:41
MEHDİYEVİN ADAMININ ŞİKAYƏTİ RƏDD EDİLDİ - Sabiq deputat onu "Tərtər işi"ndə ittiham etmişdi

Sabiq deputat Elton Məmmədovun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Elton Məmmədov çıxış edərək bildirib ki, barəsində verilmiş şikayət əsassızdır.

E. Məmmədov ifadəsində Kamal Əliyevə qarşı hər hansı bir təhqir hesab olunacaq söz demədiyini bildirib: “Mən demişəm ki, “Tərtər hadisələri”ndə sizin də adınız var. Bu söz təhqir hesab oluna bilməz. Kamal Əliyev xüsusi sifariş alıbsa o, başqa məsələ... Mən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı məsələlərdə haqqın tərəfdarıyam. Hüquq pozuntularına qalsa, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox hüquq pozuntuları var. Deyir məni cinayətkar adlandırıb, onda elə kimə cinayətkar deyirlərsə, xüsusi ittiham qaydasında şikayət verilməlidir məhkəməyə?”

Məhkəmədə Kamal Əliyev də çıxış edib. O, Elton Məmmədovun ona şər və böhtan atdığı üçün şikayətinin məhkəmə baxışına verilməsini xahiş edib: “Elton Məmmədov məni cinayətkar adlandırıb, dələduz deyib. İnsan səhvini başa düşər, amma bu adam dayanmır. Məni “Tərtər hadisələri”ndə ittiham edir ki, mən o işlə bağlı hökm qəbul etmişəm. Xahiş edirəm şikayətim qeydə alınsın”.

Elton Məmmədovun vəkilləri müdafiə etdikləri şəxsin əməlində hər hansı cinayət əməli olmadığını deyərək şikayətin rədd edilməsini xahiş ediblər.

Məhkəmə qərar qəbul edib.

Qərara əsasən, Kamal Əliyev tərəfindən qaldırılmış xüsusi ittiham qaydasında şikayət rədd olunub.

Xatırladaq ki, sabiq deputat bildirib ki, Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır:"AMEA-nın hüquqşünasının kimliyində və karyerasında çox mühüm hallar diqqətdən yayınmır. Məlum olur ki, AMEA-nın hüquqi təmsilçisinin adı 2017-ci ilin mayında Tərtər rayonunda hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində hallandırılır. Belə ki, Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də məlum olur ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmələrdə hakim kimi fəaliyyət göstərib. Eləcə də, 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitlərə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub. Məhz həmin ildən hakimlik fəaliyyətinə xitam verilib və heç bir imtahansız (qanunvericilik imkan verdiyi üçün - red) vəkillik fəaliyyətinə başlayıb"

"Bilirik ki, "Tərtər işi"nin təşkilatçılarından biri kimi, Ramiz Mehdiyevin də adı hallanır. Onun hələ PA rəhbəri olduğu dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olması, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi iddia edilir. Axı, o illərdə - Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. İndi isə ölkə elminə "ağalıq" ona tapşırılıb.Özünüz düşünün, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri sizcə niyə məhz gəlib Ramiz Mehdiyevə sığınsın ki? Niyə Ramiz Mehdiyev məhz adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin ki? Bunun məntiqli bir açıqlaması olarmı görəsən? Bəlkə, Mehdiyevin Kamal Əliyev yanında belə bir öhdəliyi və ya borcumu vardı? Maraqlıdır, deyilmi?" - deyə, Elton Məmmədov vurğulamışdı.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinə müraciət edən şikayətçi Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şərhlər

Veteran 2022-02-10 00:47:40

Bu Kamal deyilən adam Naxçıvan klanını quyruq bulayanlarından biridir.Coxlu sayda dələduzluq hallarına yol verib.Saxta ,qanunsuz işlərlə məşğul olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol