“Rusiya hərbçilərinin böyük hissəsi müharibənin əleyhinədər”
Təəssüf ki, insan sivilizasiyasının minlərlə illik inkişaf tarixinə, elmin, ictimai münasibətlərin və s. inkişafına baxmayaraq, bəşəriyyətin taleyi yenə də hansısa bir şıltaq hökmdarın beynindən, qərarından, hikkəsindən asılı vəziyyətə düşə bilir. Hazırda Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginlik və təhlükə bunu bir daha sübut etməkdədir...
“Qərb KİV-lərinin “anonsları”na rəğmən fevralın 15-16-da Rusiya qoşunlarının Ukraynaya təcavüzü baş vermədi. Prezident Vladimir Putin öz planlarından geri çəkilməli oldu”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Andrey Piontkovski Ukrayna ətrafında baş verənləri şərh edərkən deyib.

Piontkovskinin fikrincə, Putini Ukraynaya təcavüz planından çəkindirən əsas üç səbəb var. Politoloqun qənaətinə görə, birinci səbəb Ukrayna Ordusunun və cəmiyyətinin təcavüzə qarşı müqavimətə hazır durmasıdır.
İkinci səbəb ABŞ-ın Ukraynaya olduqca böyük ölçüdə hərbi dəstək verməyə və Rusiyaya qarşı misli görünməmiş ağır sanksiyalar tətbiq etməyə tam qərarlı olmasıdır.
“Üçüncü səbəb isə son həftələr ərzində bizim gözlərimiz qarşısında yarandı - bir-birinin ardınca nüfuzlu Rusiya hərbçilərinin vacib bəyanatları səsləndi. Bəli, onlar istefadadırlar, lakin orduda, xüsusi xidmət orqanlarında böyük hörmətə malik olan bu hərbçilər Putinin Ukraynaya qarşı geniş miqyaslı hərbi təcavüz niyyətlərini qəti şəkildə pislədilər. Bu, onu göstərdi ki, təkcə müharibə əleyhinə petisiya imzalayan liberallar deyil, necə deyərlər, “Putinin dərin xalqı” və hərbçilərin böyük hissəsi qəti olaraq müharibə əleyhinə kökləniblər”, - deyə Piontkovski bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya hərbi elitasında ən nüfuzlu generallardan biri olan, eləcə də kəskin millətçi-vətənpərvər mövqeyilə tanınan “Ümumrusiya zabitlər birliyi”nin sədri, istefada olan general-polkovnik Leonid İvaşov Ukraynaya qarşı müharibə planlarını sərt şəkildə tənqid edən bəyanatla çıxış edib və hətta bu məsələdə Vladimir Putini açıq formada günahlandıraraq, onun istefasını tələb edib. Daha bir neçə tanınmış və nüfuzlu hərbçi də eyni mövqedən çıxış edib.
Piontkovski hesab edir ki, məhz yuxarıda sadalanan üç faktor Putini geniş miqyaslı müharibədən çəkindirib. Həmçinin, rusiyalı politoloq Ukraynanın hazırkı mövqeyini və durumunu yüksək qiymətləndirib: “Bu, ilk növbədə Ukraynanın uğurudur, çünki şiddətli müqavimətə hazır olduğunu ortaya qoya bildi”.
Təbii ki, Ukrayna ətrafında gərginlik hələ səngiməyib və Rusiya hər nə qədər qoşunlarını geri çəkdiyinə dair bəyanatlar versə də, Ukrayna və Qərb dövlətləri bu deyilənlərin reallıqda hələ ki, öz əksini tapmadığını bildirirlər.
Ümumilikdə əksər müşahidəçilər bu gərginliyin hələ uzun müddət davam edəcəyi qənaətindədirlər. Xeyli vaxtdır davam edən bu duruma ən lokonik münasibəti isə Ukrayna Ordusunun sabiq Baş Qərargah rəisinin müavini, general İqor Romanenko bildirib: “Vladimir Putin Kremldə qaldıqca, Rusiyanın Ukraynaya təcavüz təhlükəsi də qalacaq”.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
İnsan sivilizasiyasının minlərlə illik inkişaf tarixinə, elmin, ictimai münasibətlərin və s. inkişafına baxmayaraq, bəşəriyyətin taleyi yenə də hansısa bir şıltaq və deyərdim ki, təlxək bir hökmdarın beynindən, qərarından, hikkəsindən asılı vəziyyətə düşə bilir. Təəssüf ki, bu bir gerçək. Hazırda Rusiyanın Ukrayna ətrafında yaratdığı gərginlik və təhlükə bunu bir daha sübut etdi. Amma bu münaqişənin konturları ciziləndə, dəfələrlə bir çoxlarımız, inamlı şəlildə bildirdik ki, bu müharibə olmayacaq. Çünki, Putinin sona kimi şıltaqlığı Rusiyanın intiharı olardı. Artıq nə zaman, nə dünyada dəyişən dəngələr, nə də Rusiyanın daxili vəziyyəti, Putinin Ukraynaya hücumu ilə uzlaşmırdı. Ən əsası isə Rus əsgəri Putinin ambisiyasına özünü başqa torpaqlarda qurban vermək istəmir və bu da Rusiyanın hörmətli generallarının Putinə qarşı bəyanatında özünü çılpaq şəkildə biruzə verdi. Bu münaqişənin fiyaskoya uğraması bir daha sübüt etdi ki, dünyada məhəlli münaqişələr və ölkələr içi daxili çaxnaşmalar istisna, üçüncü dünya savaşına yol haçaçaq müharibələrə heç bir dövlət risq edə bilməz. Çünki indiki halda bu baş verməsi, bütün bəşərriyyətin məhvi olar. Odur ki, allah öncə Rusları Putun kimi şıltaq prezidentdən hifz etsin. Çünki, Rus xalqı onun “siyasəti” nəticəsində çox bərbad bir durumdadır. Xüsusən də əyalətlər.
Putin qorxur. Dili girib qarnına. Bütün dünya rusdan öz döndərib
Deyesen Putinin vaxtı çatıb ,onun getme Planı artıq işe düşüb.Tebii ki Rusiyada sğlı başında olub Dövlet ve Milletin qedrini bilenler yıx deyil ve onlar Putinden qat qat ağıllı be Vetenperver,resllığı derk eden şexslerdir ve Milleti öz arxalarınca aparmaq qüdretindedirler.
Bu çox gözəl xəbərdir. Rusun və bütün insanlığa qarşı olan imperialistlərin məğlubiyyətə düçar olmasını arzulayır, Allaha dualar edirik.