Prezident İlham Əliyev 2022-ci ildə ikinci xarici səfərini Rusiya Federasiyasına edib. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Artıq Kremlin yaydığı məlumata görə, fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.
Eyni zamanda iki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.
Bundan başqa, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, dövlət başçısı yanvarın 14-də Kiyevdə işgüzar səfərdə olub, prezident Vladimir Zelenski ilə müxtəlif sahələr üzrə ölkələrarası əməkdaşlığın inkişafı ilə bağlı sənədlər imzalayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mətbuata bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfər çoxdan planlaşdırılıb: "Çünki rəsmi səfərlər öncədən planlaşdırılır, səfərin gündəliyi, müzakirəyə olunacaq məsələlər müəyyənləşdirilir. Səfər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə dair sənədlər imzalana bilər. Elə bunun özü də səfərin uzun müddətdir, planlaşdırıldığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq”.

Prezidentin hazırda müharibə ərəfəsində olan Ukrayna və Rusiyaya səfəri geosiyasi konteksdə əhəmiyyət daşımaqla ikitərəfli münasibətlər, o cümlədən regional problemlərin müzakirəsi baxımdan yaxşı imkandır. İlk növbədə Azərbaycan və Rusiyanın gündəmində bir-birinə bağlı, eyni zamanda Bakı və Moskvanın fərqli siyasət apardığı xeyli mövzular var. Dövlət başçılarının müzakirəsi əvvəldən planlaşdırılan məsələrlə yanaşı cari problemləri də gündəmə gətirəcəyini proqnozlaşdırmaq olar.
Əsas mövzu təbii ki, Moskvanın Qərblə dərin konfrantasiyaya gətirib çıxaran təhlükəsizlik zəmanəti ilə bağlı yaranmış vəziyyətdir.
Bu barədə Azərbaycanla Rusiyanın mövqeləri bir qədər fərqlidir. Çünki Putinin Qərbdən istədiyi zəmanətlər paketinə daxil olan məsələlərdən biri də postsovet ölkələrinin NATO-ya üzv dövlətlərlə ikitərəfli hərbi müttəfqilik münasibətlərinə malik olmamasıdır. Amma bu zəmanət tələbindən uzun illər əvvəl Azərbaycan sözügedən hərbi alyansın əsas üzvlərindən biri olan Türkiyə ilə dərin hərbi-siyasi müttəfiqlik münasibətləri qurub.
Ötən il iyunun 15-də isə müttəfiqlik münasibətləri ən yüksək səviyyəyə çatdırılaraq, işğaldan azad edilmiş Şuşa şəhərində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsi imzalanıb. Fevralın əvvəlində bu sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya edildi, daha sonra prezidentlər tərəfindən imzalandı.

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan arasında bütün sahələr üzrə dərin, hərtərəfli əlaqələri daha da genişləndirilərək, ən üst səviyyə qaldırılmasını təmin edir. Müttəfiqlərin bu addımı Moskvada hansı reaksiya doğurduğu bəlli deyil. Amma Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə baş verən xoşagəlməz hadisələr Kremlin heç də məmnun olmadığını göstərir.
İkincisi, Türkiyə hərbi elitasının dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarında yenidən moderinləşdirilməsi üçün aparılan islahatların da Şimal qonşuda rəğbətlə qarşılanması şübhə doğurur. Bu islahatlar Azərbaycan Ordusunda ciddi kadr dəyişiklərini, o cümlədən qoşun qruplaşmalarının yenidən komplektləşdirilməsini, silah-sursat təchizatının, bütün hərbi arsenalın yenilənməsini əhatə edir. Hansi ki, burada Azərbaycanın əsasən Türkiyə, İsrail hərbi sənayesinin məhsullarına ehtiyac duyur. Paralel olaraq Rusiya hərbi sənaye kompleksinin bir sıra straeji məhsulları da alınacaq.

Xatırladaq ki, bununla bağlı ölkələr arasında əldə olunmuş bir sıra razılaşmalar qüvvədədir.
Azərbaycanla Türkiyə arasında qət edilmiş uzun müttəfiqilik yolunun Moskvada hansısa şəkildə müzakirəyə çıxarılması ehtimalı azdır.
Doğrudur, Kreml rəhbəri bu əməkdaşlıqdan məmnun olmadığını, onun lokallaşdırılmasını ifadə edə bilər. Ancaq İlham Əliyevin ölkənin suveren hüququ ilə bağlı məsələlər barədə hansısa formada müzakirə açılmasına razılıq verəcəyi inandırıcı deyil.
Rusiya liderinin gündəmində yer alacaq əsas məsələlərdən biri kimi, Azərbaycanın Moskvanın orbitində olan Avrasiya İttifaqına inteqrasiyası ola bilər. Bakının ikitərəfli əməkdaşlığa üstünlük verdiyi, bu ideyaya da müsbət yanaşmadığı məlumdur.
Görüşdə vaxt aparacaq mövzulardan biri də Azərbaycan, Rusiya və Ermənistan arasında 44 günlük müharibənin başa çatmasını əks etdirən 10 noyabr atəşkəs bəyannaməsinin tam icrasıdır. Bu sahədə 15 aydır heç bir irəliləyiş baş verməyib. Putinin iştirakı ilə ötən il noyabrın 26-da Soçidə keçirilmiş görüşdə imzalanmış bəyannamə də icra olunmayıb. Sənəddə kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiyaların yaradılması nəzərdə tutulsa da, tərəflərin verdikləri açıqlamalar biri-biri ilə ziddiyət təşkil edir.
Eyni zamanda Qarabağda Rusiya sülhməramlılarının son hərəkətləri, erməni separatçılarının dirçəldilməsinə yönələn fəaliyyətlər, o cümlədən, cinayətkar Araik Arutyunyanın Moskvaya sərbəst gedib-gəlməsi Azərbaycanı narahat edir.
Xatırladaq ki, Azərbaycanın avtomobil karvanlarının yoxlanılmasına erməni "polislər" də cəlb edilir, bir halda isə Kəlbəcərə hərəkət edən yük maşınları isə geri qaytarılıb. Bu cür qanunsuz hərəkətlər 10 noyabr bəyanatına tamamilə ziddir və Bakının sərt reaksiyasına gətirib çıxara bilər.
Ümumiyyətlə, Prezident Əliyevin Putinlə görüşdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı təxribatların davam etməsi, 10 noyabr atəşkəs bəyannaməsinin tam icrası ilə bağlı problemlərin olması kimi məsələləri qaldıracağı şübhə doğurmur.
Putini narahat edən daha bir məsələ Qərbin Rusiya qazının Avropa bazarlarında inhisarçı mövqeyini zəiflətmək cəhdləri, bu konteksdə Azərbaycanla aparılan danışıqlardır. Fevralın əvvəlində Azərbaycanın paytaxtında baş tutan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci illik toplantısında Bakının alternativ enerji təminatında oynayacağı rol müzakirə edilib. Bu məsələ ifadə edildiyi qədər sadə deyil, ötən il TAP kəməri vasitəsi ilə Türkiyə də daxil olmaqla Qərb ölkələrinə ümumilikdə 17 milyard kub metr qaz satılıb. Bu həcmin təxminən 9 milyardı Avropa ölkələrinin payına düşür. Bu rəqəm Avropanın illik tələbatı (540 milyard kubmetr) və Rusiyanın bu bazardakı payı ilə (205 milyard kubmetr) müqayisədə kiçik olsa da, Qərblə Azərbaycan arasında münasibətlərin istiləşməsi də Kreml üçün narahatlıq mənbəyidir.

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən il dekabrın 15-də Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkil olunması, Aİ-nin Azərbaycan və Ermənistan arasında humanitar problemlərin həllində təşəbbüskarlıq nümayiş etdirməsi, erməni hərbi əsirlərinin buraxılması kimi müsbət addımlar bu il də davam etdirildi. Bu dəfə Fransa Prezidenti E.Makron Əliyev və Paşinyan arasında onlayn görüş təşkil etdi, daha sonra Avropa İttifaqı Azərbaycana 2 milyard avro yardım paketini imzaladı. Bakı isə bu dəstəyə adekvat reaksiyalar verir.
Elə bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarı qəbul edən Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verib. Klaar isə qeyd edib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycana dəstək verməyə hazırdır.
Beləliklə, prespektivdə Azərbaycanı Avropa İttifaqı ilə strateji tərəfdaşa çevirəcək sazişin imzalanması ilə bağlı siyasi qərarın verilməsi Bakının Kremlin orbitində olan layihələrə qoşulmaq niyyətindən uzaqda olduğunu göstərir.
Şübhəsiz ki, Vladmir Putinlə İlham Əliyev arasında müxtəlif sahələr üzrə ölkələrarası əlaqələrlə bağlı da müzakirələr aparılacaq. Məlumdur ki, qeyri-neft ixracında ilk yeri Rusiya tutur və bu sahə üzrə Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Yerli fermerlərin və sahibkarların istehsal etdikləri kənd təsərrüfatı, emal sənayesi məhsulları üçün Rusiya ən böyük bazardı. Bu sahədə müəyyən problemlər mövcuddur, xüsusən ötən il pomidor istehsalçılarına yaradılan maneələr onlara ciddi zərər vurub. Moskvada əlaqələrin genişləndirilməsi, problemlərin çevik həll edilməsinə dair yeni razılaşmaların imzalanması istisna edilmir.
Yekun olaraq qeyd edək ki, Azərbaycan Rusiyanın qonşuları içərisində ən sabit, proqnozlaşdıran xarici siyasət yürüdən ölkədir. Bakının NATO və Avropa İttifaqına üzvlük planları yoxdur. Bütün əlaqələri ikitərəfli, qarşılıqılı maraqlara əsaslanır və bu münasibətlər heç bir halda üçüncü tərəfə yönəlmir.
Bu mənada Türkiyə ilə hərbi müttəfiqlik əlaqələri də tarixi, dini, mədəni, milli köklərə söykənir. Kremlin Azərbaycanı təzyiq altında saxlamaq, öz maraqlarını diqtə etmək siyasəti heç bir halda effekt verə bilməz. Çünki Azərbaycan əlverişli geopolitik regionda yerləşən, öz resursları ilə ayaq üstə duran, inkişaf etmiş ölkələrlə sıx münasibətlər qurmağa nail olaraq müstəqilliyini möhkəmləndirmiş ölkədir.
E.Rüstəmli
"AzPolitika.info"

Şərhlər
Azərbaycana heç bir yaxşı şey vəd etmir.
Таm azadlıq üçün daha bir tarixi fürsət! Üçtərəfli sülhə uğurlar diləyək.
"Sülhməramlıların" məsələsinə. də baxçması vacib məsələdir.onların davtanışı nizamlanmal və ya Aərbaycandan çıxarılmalıdırl Onların fəaliyyətsizliyi atəşkəsin ermənilər tərəfindən pozulması ilə təsdiqlənir Buna son qoyulmalı.Azərbaycan ərazisində yerləşən sülhməramlıların Ermənistana hesabat verməsi,fasiləsiz görüşləri anlaşılan deyil. .