Gəncə İnzibati Məhkəməsi deputat Qüdrət Həsənquliyevin bu məhkəmə instansiyasının ünvanına səsləndirdiyi tənqidə cavab verib.
Q.Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Gəncə İnzibati Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işlərə baxılarkən süründürməçilik hallarına yol verilir, çoxlu şikayətlər var. O, həmin məhkəmələrin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılmasını istəyib.
Gəncə İnzibati Məhkəməsindən “AzPolitika.info”-nun elektron poçtuna daxil olan cavab mətnində bildirilir:
“Məhkəmənin icraatında əmlak kompleksi kimi şadlıq evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə baxılır. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əvvəlcə özünün istifadəsində olan mobil telefondan məhkəmə sədrinin istifadəsində olan mobil telefona zəng vuraraq həmin iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş etmiş, məhkəmə qərarından şikayət verilməməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbərliyinə müraciət edəcəyini söyləmişdir. Daha sonra isə yenidən məhkəmə sədrinə zəng vurmuş və bu dəfə o, iddia təmin olunmasının vacib olduğunu, təmin olunmadığı halda Ali Məhkəmədə məhkəmə qərarını ləğv etdirəcəyini qeyd etmişdir. Hər dəfə ona mübahisəyə qanuni baxılacağı bildirilmiş, iş üzrə mübahisəli obyektin Gəncə çayının mühafizə zonasında yerləşib-yerləşməməsi ilə bağlı məsələnin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirildiyi və digər lazımi araşdırmaların aparıldığı göstərilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin III hissəsinə əsasən hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.
“Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinə görə hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
Hesab edirik ki, deputat Q.Həsənquliyev tərəfindən edilən çıxış Gəncə İnzibati Məhkəməsində baxılan konkret işlə bağlı olmaqla, bilavasitə işin həllinə qanunsuz olaraq kənar təsir və müdaxilə xarakteri daşıyır. İctimaiyyətin nəzərinə bir daha çatdırılır ki, bu cür əsassız və təhrif edilmiş məlumatlar yaymaqla edilmiş müdaxilələr qanunvericiliyin tələblərinə görə qəti şəkildə yolverilməzdir, ədalət mühakiməsinin nüfuzuna və ona olan ictimai etimada ciddi mənfi təsir göstərir. Belə hərəkətlərə deputat tərəfindən və Milli Məclisin yüksək kürsüsündən istifadə etməklə yol verilməsi isə xüsusilə təəssüf və təəccüb doğurur.
Gəncə İnzibati Məhkəməsi tərəfindən sözügedən kənar müdaxilə barədə qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsi üçün artıq Məhkəmə-Hüquq Şurasına müraciət edilmişdir. Həmin iş üzrə isə tam və hərtərəfli araşdırma aparıldıqdan sonra qanuni və əsaslı qərarın çıxarılması təmin ediləcəkdir”.


Şərhlər
Bunlar adi haldır. Tutduqları vəzifədən istifadə edərək başqasının halal əmlakını əlindən alırlar.Deputatın bu hərəkətinə huquqi qiymət verilməlidir.